• bazar, 22 Dekabr, 09:11
  • Baku Bakı 8°C

Avropanın faşizmdən azad edilməsində böyük hünər göstərən “Medo” ləqəbli azərbaycanlı - Qələbə-75

05.05.20 10:45 2808
Avropanın faşizmdən azad edilməsində böyük hünər göstərən “Medo” ləqəbli azərbaycanlı - Qələbə-75
O, Osterveyk şəhərinin ilk fəxri vətəndaşı olub
Müharibə! Bu bir kəlmə söz yerlə-yeksan olan şəhər və kəndlərin naləsi, gül əvəzinə güllə bitirən, su əvəzinə qanla suvarılan torpağın həsrəti, kəsik qol kimi ümidsiz, əlacsız görünən dəmiryol xətlərinin, meyvəsi dərilməmiş quruyan bağ-baxçanın özü boyda kədəri, ağrısı idi. Bir də ki, anaların, ataların, gəlinlərin, qızların, qocaların, uşaqların donmuş təbəssümü, gülüşü, sevinci...
1941-ci ilin iyun günlərindən birinin qismətinə dünyanı sarsıdan bu bir kəlmə sözün kədəri düşdü. Sonra 1418 gün neçə-neçə ünvana ölüm xəbəri apardı, neçə-neçə qapı əbədi bağlandı. Müharibə ünvanlı 4 ilin bütün fəsilləri payız kimi qaşqabaqlı, tutqun göründü. Beləcə, 4 il dünyanın musiqi notları müharibə harayına kökləndi. Bu haray simfoniyasına bir ümid, bir inam işığı düşmüşdü. Müharibənin qələbəmizlə bitəcəyinə inam, səngər-səngər addımlayır, ev-ev, küçə-küçə dolaşır, bu qələbə sevinci yastığı tüfəng qundağı, döşəyi nəm torpaq olanların kirpiyindən süzülür, ürəyinə təpər, qollarına qüvvət verirdi.
1941-1945-ci illərin Böyük Vətən Müharibəsi illərində Azərbaycanın qəhrəman oğul və qızları xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazdılar. Böyük Vətən Müharibəsində qələbəmizi təmin edən elə bir əhəmiyyətli vuruş səhnəsini təsəvvür etmək olmaz ki, oradan Azərbaycan oğullarının müzəffər səsi eşidilməsin. Tarixi qələbədə Azərbaycan xalqının böyük payı vardır.
Müharibə illərində döyüşkən orduya respublikamız 600 mindən çox qəhrəman oğul və qızını göndərmiş və onların yarıdan çoxu geri dönməmişdir.
Müharibə zamanı arxa və ön cəbhələrdə xidmət edən azərbaycanlıların 250 mindən çoxu orden və medallarla təltif olunmuşdur. Azərbaycanın 130-a yaxın sakini Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Həzi Aslanov, Adil Quliyev, Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Gəray Əsədov kimi onlarca qəhrəman oğullarımızı bütün dünya tanıyır. Belə qəhrəman oğullarımızdan biri də Hollandiyanın Milli Qəhrəmanı, Hollandiyanın ən yüksək - Orance-Nassau Kral ailəsinin cəngavəri ordeninin sahibi, "Sədaqətli xidmət” medalı ilə təltif olunmuş, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, "Medo” ləqəbli məşhur partizan Məmməd Məmmədovdur.
Məmməd Məmmədov 1923-cü ilin 3 mayında Zaqatalanın Muğanlı kəndində anadan olmuş, 2003-cü ilin 3 yanvarında Hollandiyanın Osterveyk şəhərində vəfat etmişdir. İgid həmyerlimiz 1942-ci ildə Ukraynanın Don şəhəri ətrafında gedən döyüşlərdə əsir düşür. O, 1943-cü ildə 20-dən çox azərbaycanlı döyüşçü ilə birlikdə işçi qüvvəsi kimi alman işğalında olan Hollandiyaya göndərilir və Oister Vijk qəsəbəsində hərbi qurğuların tikintisinə cəlb edilir. Bir müddət sonra o, ilk dəfə əsrlikdən qaçır və Hollandiya partizanlarına qoşulur. Qarşıda onu "Medo” ləqəbi ilə Hollandiya Müqavimət Hərəkatında böyük döyüşlər, savaşlar gözləyirdi. O, Avropanın faşizmdən azad edilməsində böyük hünər göstərir. Əfsanəvi partizanın dəstəsi alman faşist hərbi birləşmələrinə, qərargahlarına, rabitə mərkəzlərinə qəfil hücumlar edir, faşistləri daim qorxuda saxlayırdı.
Müharibədən sonra M.Məmmədov faşizmdən azad edilməsində böyük hünərlər göstərdiyi Hollandiyada qalmağı qərara aldı. Bilirdi ki, Vətənə qayıdacağı təqdirdə, ya güllələnəcək, ya da sürgün olunacaq.
Hollandiyanın Oister Vijk şəhərində məskunlaşan Məmməd hələ əsirlikdə olduğu zaman sevdiyi holland qızı Mariya ilə ailə həyatı qurur. Bu nikahdan onların bir qızı olur. O, bircə övladına anası Nənəxanımın adını verir. O, ailəsində yalnız Hollandiyaya deyil, Azərbaycana da sevgi hisslərini tərbiyə edə bilmişdir. Ölənəcən stolunun üstündə müqəddəs kitabımız "Quran” olmuşdur.
İgid həmyerlimiz müharibədən sonra Hollandiyada aparılan quruculuq işlərində iştirak etmiş, dinc həyatda nümunəvi və çalışqan bir vətəndaş olmuşdur. O, bir müddət Nevelo şəhərində uşaq futbol klubunun məşqçisi olmuşdur. Kim bilir, ustalıqlarına heyran qaldığımız holland futbolçulardan hansı birisi yaşıl meydanda ilk addımlarını məhz M.Məmmədovun məşqçiliyi ilə atmışdır.
Əfsanəvi partizan Məmməd Məmmədovun - "Medo”nun qəbri Hollandiyanın Osterveyk şəhərindədir. O, həm də bu şəhərin ilk fəxri vətəndaşıdır. Onun arzularını, ömür yolunu indi qızı Nənəxanım (Nensi) və nəvəsi Sabrina davam etdirirlər.
2019-cu ilin mayında xanım Nensi (Nənəxanım) Doomen, əri Ed Doomen, qızları Sabrina və Oister Vijk şəhərinin meri cənab Hans Yansen Azərbaycanda qonaq olmuşlar. Onlar İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda keçirilən təntənəli mərasimdə iştirak etmişlər. Tədbirdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban igid partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oister Vijk şəhərinin meri Hans Yansenlə görüşmüşlər.
Mayın 10-da Hollandiyalı qonaqlar doğma Zaqatalaya gəlmiş və ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmişlər.
Sonra rayon rəhbərliyi və "zanbaqlar ölkəsi”nin nümayəndələri Məmməd Məmmədovun doğulub boya-başa çatdığı Muğanlı kəndinə gələrək igid partizanın ev muzeyinin açılışında iştirak etmişlər. Əziz qonaqlarla görüş əsl el bayramına, xalqlar dostluğunun təntənəsinə çevrilmişdir. Sizə təqdim olunan xanım Nensi Doomenlə (Nənəxanım Məmmədova) çəkdirdiyimiz bu foto həmin unudulmaz görüşdən bu sətirlərin müəllifinə bir xatirədir.
Həşim İsmayılov,
Pedaqogika üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər