bazar, 29 Yanvar, 17:42

Baku Bakı 8°C

Həyatınızı dəyişdirəcək Yeni il ritualları 

icon 1070 icon 31 dekabr 2022 | 03:00 Həyatınızı dəyişdirəcək Yeni il ritualları 

Təzə il yeni ümidləri, gözləntiləri, məqsədləri, arzuları ifadə edir. Təsadüfi deyil ki, yeni ilin gəldiyi ilk gün sehrli hesab olunur və məhz bu gün arzuların yerinə yetirilməsi dövrü kimi bilinir. İnanclara görə, bayram gecəsində tutulan arzular mütləq yerinə yetir. Bu səbəbdən də insanlar məhz bu gün müxtəlif rituallar həyata keçirirlər.

2022-ci ilin son dəqiqələrində hər kəsin dilində bir arzu olacaq: “2023-cü il hamımız üçün daha gözəl il olsun”. Təzə il yeni ümidləri, gözləntiləri, məqsədləri, arzuları ifadə edir. Təsadüfi deyil ki, yeni ilin gəldiyi ilk gün sehrli hesab olunur və məhz bu gün arzuların yerinə yetirilməsi dövrü kimi bilinir. İnanclara görə, bayram gecəsində tutulan arzular mütləq yerinə yetir. Bu səbəbdən də insanlar məhz bu gün müxtəlif rituallar həyata keçirirlər. Biz də ritualları və mənalarını oxucularımız üçün araşdırdıq. Yeni ildə evinizə xoşbəxtlik, bolluq gətirəcək, həyatınızı dəyişdirəcək rituallarla bağlı mütəxəssislə söhbətləşdik.

Bu simvollar sizi arzunuza yaxınlaşdıracaq

Yaşam koçu, NLP mütəxəssisi Nuranə Camallı deyir ki, ən effektli rituallardan biri arzunuzu simvolizə edən əşyalar almaq və həmin əşyaları şam ağacının ətrafına yığmaq, yaxud ağacdan asmaqdır: “2021-ci ilin dekabrında bu haqda paylaşım etdim və 2022-ci ildə insanların niyyət və arzularının gerçəkləşməsi ilə bağlı geri dönüşlər aldım. Əgər şam ağacı qurmamısınızsa, 2023-cü ildə xəyalını qurduğunuz evin, maşının, işin simvolu olacaq bir əşya almalı və həmin əşyanı 2022-ni təhvil verdiyiniz dəqiqələrdə əlinizdə tutub niyyətlər edərək yeni ili qarşılaya bilərsiniz. Məsələn, maşın üçün kiçik maşın fiquru, ev üçün ev oyuncağı, səyahət üçün xarici pasportunuzu ağacdan asmaq və ya əlinizdə tutmaq sizi arzularınıza yaxınlaşdıracaq. Daha sonra həmin əşyaları il boyu evinizdə, ofisinizdə gözünüz görəcək yerlərdə saxlamalısınız”.

Arzularımızı yazmaqla şüuraltımıza xəritə veririk

Yeni illə bağlı məşhur rituallardan biri insanların hədəf və arzularını bir vərəqə yazmalarıdır. Bəs arzularımızı yazmaq bizə nə verir? Həmsöhbətimiz deyir ki, arzularımızı yazmaqla istədiyimizi müəyyən edirik və şüuraltımıza konkret xəritə, ünvan veririk: “Şüuraltı gedəcəyi yeri bilməyən taksiyə bənzəyir. Əgər ona gedəcəyi ünvanı verməsək, o bütün yolları dolanıb öz ünvanını tapmaqda uzun müddət vaxt itirəcək və ya ünvanı tapmayacaq. Biz arzularımızı yazmaqla nə istədiyimizi müəyyən edir və şüuraltımıza konkret xəritə, ünvan veririk. Niyyət və arzularımızı indiki zamanda və pozitiv cümlələrlə yazmalıyıq. Məsələn, 2023-cü ildə sağlam olmağı arzu ediriksə, “mən xəstə olmaq istəmirəm” əvəzinə, “mən sağlamam” formasında yazmalıyıq. İnsanlar niyyət və arzularını yazıb, şam ağacından asaraq və ya hədiyyə qutularının içinə qoyaraq artıq yeni ilin hədəflərini müəyyən etmiş olurlar. Yazdığınız kağızı növbəti ilin sonuna qədər saxlamalısınız”.

Dilək corabı ritualı

Mütəxəssis deyir ki, insanların inandığı digər ritullardan biri də Dilək corabı ritualıdır: “Bu ritualı etmək üçün bizə Yeni il corabı və ya yeni il torbası lazımdır. 2023-cü ildə özünüzə nə arzu edirsinizsə kiçik kağızlara yazın və kağızların üzərini qırmızı sapla dolayın. Arzu yazdığınız kağızları yeni il corabına yığın. Dekabrın 31-i gecəsi 3 ədəd kağız seçib şam ağacının altına qoyun. Yanvarın 1-i, ilk günə başladığınız zaman 3 dilək kağızınızı açıb oxuyun. Digər kağızlarla birgə bu kağızları hədiyyə qutularınıza qoyub saxlaya bilərsiniz. Məhz o 3 diləyiniz həyata keçə bilər”.

Nar evinizə bolluq, bərəkət gətirəcək

Ən məşhur rituallardan biri isə, kökü Qədim Misirə, Şamanizmə gedən Nar qırma ritualıdır. Həmsöhbətimiz bu ritualı etməyin də sirlərini bizimlə bölüşdü. Onun sözlərinə görə, bu ritualla bağlı da insanlardan pozitiv geri dönüşlər alıb: “Nar bolluğu, bərəkəti, birin min olmasını təmsil edir. Nar eyni zamanda türk dünyasında yaşamı simvolizə edir. Hətta əvvəllər insanlar evlərində nar fiquru saxlamaqla bolluğun, bərəkətin artacağına inanırdılar. 31 dekabr günü 1 ədəd nar götürüb üzərindəki neqativ enerjini duzlu su ilə yuyaraq təmizləmək lazımdır. Narı hər iki ovcunuzun içinə alaraq niyyət edin. “Narın dənələri qədər bolluğu və bərəkəti əllərimdə hiss edirəm”, “yeni ildə nar dənələrinin bolluq enerjisini həyatıma çəkməyə niyyət edirəm”, “çöldən evimə bol pullar gəlsin, bolluq yağış kimi yağsın, nar dənələri kimi bərəkətli olsun” sözlərini təkrarlayın. Narı iki qat paketə qoyaraq ağzını möhkəm bağlayın və sürətlə evin giriş qapısına doğru yerə çırpın”.

Yanvarın ilk 12 günü ilin 12 ayını təmsil edir?

Növbəti məşhur rituallardan biri yeni ilin ilk 12 günü ilə bağlıdır. İnsanların inanclarına görə, yanvarın ilk 12 günü ilin 12 ayını təmsil edir. Məsələn, yanvarın 1-i yanvar ayını, 2-si fevral ayını, 3-ü isə mart ayını təmsil edərək davam edir. Mütəxəssis bildirir ki, bu inanc sisteminə görə, 12 günü ailənizlə, sevdiklərinizlə əyləncəli və xoş keçirməlisiniz. İnsanların əksəriyyəti isə yanvarın 1-də xüsusi rituallar edirlər. Məsələn, ailə üzvlərindən biri yanvarın 1-i ev əhlinin sayı qədər qəpik və ya kağız pul götürərək evdən çıxır. Həmin pulları evin qapısından içəri ataraq hər kəsin adına, yeni ilin uğurlu, bol-bərəkətli və sağlıqlı keçməsinə niyyətlər edir. Həmin pulu xeyriyyə məqsədi ilə kiməsə verə və ya növbəti ilin təhvil verilməsinə qədər özünüzdə saxlaya bilərsiniz”.

“4 elementin enerjisini aktiv edirəm”

Yəqin ki, dilək bankası ritualını eşitmisiniz. Həmsöhbətimiz o ritualın da qaydalarını bizimlə bölüşdü: “Yeni ilin ilk günü ediləcəklərdən biri də dilək bankası ritualıdır. Bir banka götürüb üzərinə “2023 Hədəflərim” yazısı yazılmış bir kağız yapışdırın. Bankanın digər üzünə isə 17981, 419 488 71, 8888, 8 rəqəmlərini yapışdırın. Yanvar ayı hər gün 2023-cü ilə aid niyyət və arzularınızı kiçik kağızlara yazaraq bu bankaya atın. Fevralın 1-i isə bu vərəqləri yandıraraq külünün bir hissəsini torpağa, bir hissəsini isə suya atmaqla “4 elementin enerjisini aktiv edirəm” deyib ritualı tamamlamalısınız. Bu ritualla diləklərin həyata keçməsinə inanılır”.

Mütəxəssis sonda vurğuladı ki, rituallarla bağlı əsas nüans odur ki, onları qaydasında etməli, arzularınızı heç kəsə deməməli və arzularınızın yerinə yetəcəyinə sidq ürəkdən inanmalısınız.

Aygün ƏZİZ