• cümə axşamı, 28 mart, 14:28
  • Baku Bakı 16°C

Hamılıqla düşdüyümüz tor - PROBLEM

19.11.22 05:00 1350
Hamılıqla düşdüyümüz tor - PROBLEM

Rəqəmsal inqilab yenilikləri sırasına mənfi yüklü xəbər oxumaq vərdişi – dumskrollinq kimi yeni bir xəstəlik daxil olub. Yeni ifadə internetdən gələn neqativ xəbərlərə aludəçiliyi, bəd xəbərləri uzun müddət oxuyan insanları xarakterizə edir.

Sosial şəbəkələrin, teleqram kanallarının xəbər lentlərini vərəqləmək və bəd xəbərlərin girdabına düşmək artıq zaman məhdudiyyəti tanımır. Günə smartfonla yeganə dost kimi, ekranı vərəqləməklə başlamaq bir növ hər birimizin “xəstəliyinə” çevrilib. Beyni məhv edən məlumat acgözlüyü səhhətimizdən də fəsadsız ötüşmür. Rəqəmsal inqilab yenilikləri sırasına mənfi yüklü xəbər oxumaq vərdişi – dumskrollinq (doomscrolling) kimi yeni bir xəstəlik də daxil olub. Yeni ifadə internetdən gələn neqativ xəbərlərə aludəçiliyi, bəd xəbərləri uzun müddət oxuyan insanları xarakterizə edir.

Bəd xəbərləri oxumaq vərdişi

Alimlərin qənaətinə görə, bəd xəbərləri oxumaq vərdişi sonda psixi və fiziki narahatlığa səbəb olur. Texas Texnologiya Universitetinin alimlərinin “Health Communication” jurnalında dərs etdirdikləri məqalədə qeyd edilir ki, neqativ xəbər lentlərinin daimi izlənməsi bəzi insanlara “yüksək həyəcan” yaşadır, nəticədə onlar dünyanı “qaranlıq və qorxunc yer” kimi qəbul etməyə başlayırlar.

Tədqiqatçılar dumskrollinqi ilk növbədə pandemiya dövrü, Ukraynadakı münaqişə, dünyadakı geosiyasi gərginlik və iqtisadi böhranla əlaqələndirirlər: “Pandemiyaya görə, dünya əhalisinin əksəriyyəti evdə karantin rejimində qalaraq, beynəlxalq vəziyyət barədə məlumat mənbəyi kimi sosial şəbəkələrə müraciət edirlər. Şəbəkə istifadəçilərinin bir çoxu gecə saatlarınadək internetdə onlayn olub, fərqli ölkələrdə virusla bağlı hadisələri izləyir. Bu cür destruktiv davranış insan zehnini və görmə qabiliyyətini olduqca zəiflədir”- deyə alimlər qeyd ediblər.
Artıq “Daxili dünyamızda cəhənnəm yaradan bəd xəbərlərdən necə yaxa qurtarmalı?” sualı təkcə alimləri, mütəxəssisləri deyil, adi istifadəçiləri də düşündürməkdədir.

Cəmiyyətin istəyinə uyğun

Azərbaycan Televiziyasının Teleradio Akademiyasının prorektoru Almaz Mahmudun fikrincə, ümumiyyətlə, insan beyni mənfi xəbərlərə meyillidir: “Amerikalı jurnalist  Gloriya Borgerin ötən əsrin əvvəllərində söylədiyi fikir sanki jurnalistlər üçün bir şüar oldu: “Mətbuat üçün yaxşı xəbər xəbər deyil”. Bu iki başlığa nəzər salaq: “Cennifer Lopesin həyatı öz axarında gedir” və ya “Cenniffer Lopesin həyatı darmadağın oldu”. Hansına tez baxacağıq? Əlbəttə, neqativə. Ekspertlərin də qənaətincə, neqativ informasiyanın potensial xərcləri müsbət məlumatın potensial faydalarından qat-qat üstündür və nəticədə, insan beyni mənfi məlumatlara diqqət yetirməyə meyillənir. Bu baxımdan da media cəmiyyətin istəyinə uyğun yayımlanır”. A.Mahmud hesab edir ki, sosial mediada rəsmi məlumatları, yeknəsək xəbərləri çox az sayda insan oxuyur. Amma qeyri-adi, sensasiya xarakterli, insanı vahiməyə salan xəbərlərə, videolara hamı diqqət edir: “Hər kəs mənfi hadisəni, xəbəri pisləyir, amma izləməkdən də əl çəkmir. Jurnalistikada ta əzəldən mənfi, qeyri-adi xəbərlər yüksək tirajlı olub”. Ekspertin fikrincə, sosial mediada belə xəbərlərin çox olması bu platforma istifadəçilərinin daha çox qeyri-jurnalistlər olması ilə bağlıdır: “Onların media kimi informasiyanı dəqiqləşdirmək missiyaları olmadığı üçün qarşılarına keçən nə varsa onu paylaşır və çoxlu sayda izləyici toplayırlar”. A.Mahmudun fikrincə, mənfi xəbərlərin yayımının qarşısını almaq müşküldür. Dəqiqləşməyən, insan ruhuna toxunan xəbərlərə şikayət etməklə, ictimai qınağa çevirməklə mane olmaq olar: “Müsbət xəbər mənfi xəbəri o zaman üstələyir ki, o da qeyri-adidir və ya sensasiya xarakterlidir”.

Bəd xəbərlər insanları daha çox cəlb edir

“Hazırda hamılıqla sosial şəbəkə istifadəçisiyik.  Sübh tezdən hamımız xəbər oxumaq üçün sosial şəbəkələri və ya media səhifələrini vərəqləyirik”- deyən sosial media mütəxəssisi Sevinc Şabanova “Bu tora hamılıqla düşmüşük”- deyə gileylənir: “Bu vərdiş bizdə xəbər asılılığı yaradıb. Tik-Toka daxil olanda bir də ayılırsan ki, günün 2-3 saatı o platformada keçir. İnsanları cəlb etdikləri üçün bu tip xəbərləri tirajlayırlar. Bəd xəbərlər insanları daha çox cəlb edir. Həmçinin media resursuna daha çox oxucu gətirir. Bu, doğrudan da xəstəlikdir və pandemiyadan sonra xüsusən geniş yayılıb”.

Psixoloji və fizioloji pozğunluqlar

Psixoloqların fikrincə, mənfi yüklü xəbərlərə diqqət verilməsi daha çox hiss və emosiyalarımızla bağlıdır. Mənfi yüklü materiallara aludə olanlar daha çox psixoloji və fizioloji pozğunluqlara məruz qalırlar.

Psixoloq Orxan Oruc hesab edir ki, insanların mənfi xəbər oxumaq vərdişi onların xəbər əldə etmək asılılığı ilə bağlıdır: “Sadəcə, KİV-də, sosial mediada, sosial şəbəkələrdə daha çox mənfi yüklü xəbərlər paylaşılır. Təəssüf ki, insanların diqqətini bu tip xəbərlər daha çox cəlb edir. Bizdə emosiya yaradan hər hansı xəbər bizi çəkir. Sanki elə bir effekt yaranır ki, bizim mənfi xəbərlərdən asılılığımız var. Sözsüz ki, bu tip xəbərlər ovqatımıza mənfi təsirini göstərir. Həmin emosiyaları öz problemimiz kimi yaşamış oluruq. Bu da bizim həm psixikamız, həm də orqanizmimiz üçün əlavə yükdür”.

Psixoloq hesab edir ki, KİV rəhbərləri, sosial media menecerləri mənfi yüklü xəbərlərin yayılmasından İP və reytinqin qalxması üçün istifadə edirlər: “Elə bir dövrə çatmışıq ki kommersiya maraqları insanların hiss və emosiyalarından daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Əslində insanların pozitiv səhifələrə abunə olmaq kimi seçim hüquqları da var. Yəni istifadəçi özü məntiqlə düşünüb ona hansı tip xəbərlərin müsbət təsir göstərə biləcəyinə üstünlük verməlidir: “İstifadəçi sosial şəbəkələrdən daha çox informasiya əldə etmək üçün yox, dostluq qurmaq, nəyisə bölüşmək, maraq dairəsinə uyğun insanlarla ünsiyyət qurmaq üçün də istifadə edə bilər. Bununla da özünü mənfi yüklü xəbərlərdən xilas edə bilər. Burda hər birimizin də üzərinə fərdi məsuliyyət düşür ki, həm özümüzü, həm də başqalarını qorumaqla bağlı addımlar ata bilərik”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər