• çərşənbə axşamı, 19 mart, 12:13
  • Baku Bakı 8°C

Gözəlliyin gətirdiyi risklər 

28.01.23 01:30 1551
Gözəlliyin gətirdiyi risklər 

İstənilən xanımın mücrüsündə istər bahalı, istər də ucuz metallardan hazırlanmış müxtəlif formalı və ölçülü zinət əşyaları var. Bəs bu cür metal bəzək əşyalarının orqanizmə, xüsusən də dəriyə, həmçinin əhvala təsiri necədir? Həkimlər deyirlər ki, gözəlliyin cazibəsinə aldanıb, sağlamlığınızı təhlükəyə ata bilərsiniz. 

Bəzək əşyaları, aksesuarlar bineyi-qədimdən həm dünya, həm də bizim xanımların marağındadır. Geyimlərini tamamlamaq, bəzəklərinə bəzək qatmaq, özlərini daha gözəl görmək və göstərmək üçün bu cür məmulatlar əvəzolunmazdır. İstənilən xanımın mücrüsündə istər bahalı, istər də ucuz metallardan hazırlanmış müxtəlif formalı və ölçülü zinət əşyaları var. İndiyə qədər daha çox qızıl və gümüş məmulatlara üstünlük verilsə də, son zamanlarda bijuteriyadan daha çox istifadə olunduğunu görürük. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var. Məsələn, bijuteriyanın daha ucuz, əlçatan və rəngarəng olması və s. Bəs bu cür metal bəzək əşyalarının orqanizmə, xüsusən də dəriyə, həmçinin əhvala təsiri necədir? Bu məsələ insanları həmişə düşündürüb və araşdırmalar aparılıb. Bir çox alimlər bu təsirin hər bir insanın orqanizminə özəl olaraq təsir etdiyini bildirirlər. Kimi qızıl, kimi gümüş, kimi isə adicə bijuteriyanı heç bir problem olmadan taxır. 

Bijuteriyanın əhvalımıza təsiri təsdiq olunub

Dünya psixoloqlarının fikrincə isə, bijuteriyanın müalicəvi əhəmiyyəti var. Necə? Çox asan! Təzə aksesuarların alınması əhval-ruhiyyəni yüksəldir, alanı stressdən azad edir. Zinət əşyalarını taxıb baxmaq insanı məişət problemlərindən fikrən uzaqlaşdırır. Hətta bu cür stressatmanın əsəb sistemi üçün 8 saatlıq yuxudan daha üstün olduğu barədə düşüncələr də var. Bərq vuran gözəlliklər insan beynini rahatlamaq gücünə malikdir.

Dünyada məşhur olan rəng terapiyasını da  bijuteriyalarla həyata keçirmək olar. Axı rənglər insan orqanizminə, psixologiyasına, əhvalına təsir edir. Bunun üçün xüsusi həkimlərə getməyə ehtiyac da yoxdur. Bir balaca sirrini bilib, özümüz də edə bilərik. Məsələn, qəhvəyi rəng sakitləşdirir, narıncı rəng həyəcan gətirir, mavi rəng iştahanı zəiflədir, sarı rəng işləmək həvəsi yaradır, qırmızı rəng güc-qüvvə verir. Bu rəngli daş-qaşdan istifadə etməklə öz əhvalımızı özümüz təyin edə bilərik.

İnsanlar nəyə diqqət etməlidirlər?

Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin dekanı, dermatoveneroloq Elşad Novruzov deyir ki, müxtəlif bəzək əşyaları dəridə allergik reaksiyalar yarada bilər: “Buna tibdə kontakt allergik dermatiti və ya təmas allergik dermatiti deyirlər. Bu cür allergik dermatitlər istənilən toxunma nəticəsində (həmçinin də bijuteriyaya) yaranır. Fərdi olaraq məmulatın hazırlandığı maddəyə qarşı həssaslıq ola da bilər, olmaya da. Hər hansı bir zinət əşyasını, bijuteriyanı taxandan sonra mütləq dəriyə nəzər yetirmək lazımdır. Əgər dəridə heç bir reaksiya olmadısa, bu, normaldır. Yox, əgər qaşınma, qızarma və yüngül quruma varsa, deməli, istifadəçi narahat olmalıdır. Bu, allergiyanın ilkin əlamətidir. Demək, bədəndə taxılan bijuteriyaya qıcıq var. Belə hallarda həmin məmulatdan istifadə olunmamasını məsləhət görürük. Əgər həmin insan bu qıcığa fikir vermirsə, istifadəni davam edirsə, qıcıq mütəmadi olaraq bədənə daxil olur və ekzema xəstəliyinə çevrilir. Həmin insan müalicə almalı olur, amma qış fəslinə keçəndə yenidən xəstəlik baş qaldırır. Payızda, qışda havalar soyuyanda dəri quruyur, ekzema da quru dərini sevir. Əlamətləri də dəridə qızarmanın, qaşınmanın çox olması, quruluğun artması, hətta bunun nəticəsində dəridə çatların əmələ gəlməsidir. Bu xəstəlik hər il payız və qış aylarında təkrarlana bilir. Ona görə də məsləhət görürük ki, yeni taxılan bəzək əşyasından sonra dəridə yüngül qızartı, qaşınma, quruluq olduğu halda, ondan təkrar istifadə etməsinlər. Qıcıq daxil olanda insan orqanizmi qıcıqla mübarizə aparır və qalib gəlir. Təkrar qıcıq gəlmirsə, özü-özünə sağalır. Amma davamlı gəlirsə, keçir digər xəstəliyə.

Həkim qeyd etdi ki, insan orqanizminin qızıl və gümüşə qarşı həssaslığı azdır: “Ona görə də həmin metallardan hazırlanmış bəzək məmulatları çox nadir hallarda reaksiya verir. Məsələn, əvvəllər qızıldan (bəzən gümüşdən də) dişlər qoyurdular. Ona görə ki, insan orqanizmi həmin maddəni qəbul edə bilir, ona qarşı allergik reaksiya vermir”. 

Qidalanma, dərmanlar, hava şəraiti və nəmişlik

Kosmetoloq Nuriyə Adıgözəlova deyir ki, bir çoxlarımız zinət əşyalarımızı taxandan sonra dərimizdə qaralma görürük: “Buna müxtəlif səbəblər gətirirlər. Amma elm sübut edir ki, bu, oksidləşmənin güclənməsinin nəticəsidir. Yəni dəri məmulatın hazırlandığı maddələrə görə qarala bilər. Məsələn, hazırlanan məmulatın tərkibində mis ola bilər ki, onun da oksidləşmə xüsusiyyəti var. İstifadə olunan kosmetik vasitələrlə taxılan zinət əşyasının bir-birinə reaksiyası da dəriyə təsir edə bilər. Belə olduğu halda, mütləq kosmetik vasitənin tərkibini oxumaq lazımdır. Bundan başqa, gündəlik qida rasionumuzun da önəmi çoxdur. Ola bilər ki, bəzilərində sual yaranar: qidamızın taxdığımız zinət əşyasına nə dəxli var? Baxın, alimlər araşdırıblar ki, ət yeməyi sevən insanlar tərləyəndə bədənlərindən azot da ayrılır ki, o da bəzək əşyasının tərkibində olan mis və nikellə reaksiyaya girib dəridə qaralma verə bilər. Bu, qızıldan hazırlanmış məmulatlara da aiddir. Çünki heç bir qızıl bəzək əşyasının tərkibi yüz faiz qızıl olmur. Mütləq onlara mis, nikel və s. qatılır. Əlavə olaraq deyə bilərəm ki, qəbul etdiyimiz dərmanlar, hava şəraiti, nəmişlik və s. də bəzək əşyalarımızın dərimizdə müxtəlif reaksiyasına təsir edə bilər”.

Xanım Aydın

banner

Oxşar Xəbərlər