• şənbə, 27 Iyul, 07:39
  • Baku Bakı 26°C

Genişlənən futbol coğrafiyası

05.08.23 07:00 4566
Genişlənən futbol coğrafiyası

Azərbaycanda yeni futbol mövsümü start götürür. İlk olaraq Premyer Liqada mübarizə başlayıb. Tezliklə I Liqa və II Liqa klubları da güclərini nümayiş etdirmək imkanı qazanacaqlar.

Yeni futbol mövsümü özəllikləri ilə əvvəlkilərdən seçilir. Öncə onu qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Peşəkar Futbol Liqası (PFL) köklü islahatlar aparıblar. Diqqətçəkən ilk məqam ölkə futbolunda, nəhayət idman prinsipinin gözlənilməsidir. Belə ki, ötən mövsüm Premyer Liqada sonuncu yeri tutan “Şamaxı” I Diviziona (yeni adı ilə I Liqa - red.) yuvarlanıb. Divizionun qalibi “Araz Naxçıvan” isə elitada yarışmaq hüququna yiyələnib. Məsələ ondadır ki, əvvəlki mövsümlərdə bu iki yarış arasında keçid ya baş tutmurdu, ya da idman prinsipləri gözlənilmirdi. Dəfələrlə I Divizionda çempionluq əldə etsə də, Premyer Liqaya yüksəlməyən komandalar olub. Bu isə narazılıqla qarşılanırdı.

Üç liqa, əvəzedicilərin müstəqil çempionatı

Yeni “futbol ili”ndə fərqliliklərdən biri əvəzedicilərin yarışı ilə I Liqanın ayrılmasıdır. Premyer Liqa klublarının ikinci komandaları əvvəllər olduğu kimi, öz aralarında güclünü müəyyənləşdirəcəklər. I Liqada isə 10 komanda mübarizə aparacaq. Bunlar “Qaradağ Lökbatan”, MOİK, “Mingəçevir”, “Zaqatala”, “İmişli”, “Şamaxı”, “İrəvan”, “Difai Ağsu”, “Araz Saatlı”, “Karvan”dır. Adıçəkilən kollektivlərdən ilk beşi ötən mövsüm də bu yarışda çıxış edənlər, son dördü yeni komandalardır. “Şamaxı” isə artıq qeyd etdiyimiz kimi, Premyer Liqadan düşüb. Yeni mövsüm üçün əsas yenilik II Liqanın yaradılmasıdır. Premyer Liqa və I Liqa peşəkar yarışlar olsa da, II Liqa yarıpeşəkar statusdadır. Söhbət ondan gedir ki, burada iştirak edəcək klubların üzərinə o qədər də ciddi tələblər qoyulmayacaq. Lakin onlar həvəskar statuslu Region Liqası klublarının daha təkmil versiyası olacaqlar. II Liqada 12 komandanın yarışması təsdiqlənib. Lakin kuluarlarda gəzən söhbətlərə görə, əlavə müraciətlər olduğundan sayın 14-ə yüksəldilməsi istisna edilmir. Hələlik iştirakı rəsmiləşən komandalar “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Kür-Araz” (İmişli) və “Şəmkir”dir.

Yeni “futbol xəritəsi” nə vəd edir?

Beləliklə, üç liqada Bakıdan başqa 22 şəhər və rayonumuzun təmsilçisi olacaq. 32 komandadan doqquzu paytaxtı, ikisi İmişlini, 21-i isə digər bölgələri təmsil edəcək. Bu, son bir neçə ildə “Bakı birinciliyi” ilə məhdudlaşan ölkə futbolu adına müsbət məqamdır. Əhəmiyyətli məqamlardan biri hər üç liqa arasında keçidlərin təmin olunmasıdır. Mütəxəssislər hesab edirlər ki, yarışlarda idman prinsiplərinin gözlənilməsi müsbət addımdır. Eyni zamanda, futbol coğrafiyasının genişlənməsi bölgələrdə bu idman növünün inkişafını sürətləndirəcək, gənclərin daha çox şans əldə etməsinə fürsət yaradacaq. Düzdür, xüsusən II liqa ilə bağlı narahatlıqlar mövcuddur. Lakin zamanla mövcud problemlərin yoluna qoyulacağına inam böyükdür. Hər halda çətin olan ilk addım artıq atılıb.

banner

Oxşar Xəbərlər