çərşənbə, 01 Fevral, 23:01

Baku Bakı 6°C

Fransa Cənubi Qafqazda ehtimal olunan sülh müqaviləsi önündə əsas səddə çevrilib

icon 362 icon 03 dekabr 2022 | 10:30 Fransa Cənubi Qafqazda ehtimal olunan sülh müqaviləsi önündə əsas səddə çevrilib

Fransa Milli Assambleyasının anti-Azərbaycan ritorikası bizim üçün yenilik deyil və Senatın qətnaməsi kimi Aşağı Palatanın da mövqeyi bizim üçün əhəmiyyətsiz, heç bir hüquqi və siyasi nəticə doğurmayan bir kağız parçasıdır.

Təbii olaraq Fransa parlamentinin bu mövqeyi bizi narahat edir, amma başa düşməliyik ki, bu addımlar Azərbaycanın beynəlxalq imicinə xələl gətirə biləcək gücə malik deyil. Amma tam əksinə, bu mövqeyin Parisin özünün onsuz da bərbad olan imicinə beynəlxalq hüququn ümumtanınmış prinsipləri fonunda ciddi zərbəyə çevrilməsi qaçılmazdır. Fransa qanunverici hakimiyyəti bu rəsmi mövqeyi beynəlxalq hüququn “dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı” başda olmaqla ən azı 5 prinsipi ilə daban-dabana ziddir və özündə təcavüzkar, mürtəce imperialist mahiyyət ehtiva etməklə bəşəri təhdid kimi çıxış edir.

Bu fikri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Onun sözlərinə görə, Fransa mövcud təhlükəli gedişlərlə Cənubi Qafqazda ehtimal olunan sülh müqaviləsi önündə əsas səddə çevrildiyini göstərir. Əlbəttə, bu bizim üçün yenilik deyil, çünki 27 illik həmsədrliyi dönəmində əslində Fransa eyni formada işğal rejiminin davamılılığında müstəsna rol oynayıb. Amma ötən dövrdən fərqli olaraq bu gün Azərbaycan ərazi bütövlüyünü təmin edib, regionda əsas güc və nüfuz sahibidir, bu mənada əvvəlki ssenarilərdən məhrum olan Fransa Senat və aşağı palatada qətnamələrlə hücum strategiyasını seçib. Amma əslində bu qətnamələr, Fransanın özünün ifşası kontekstində daha çox gündəmə gəlməkdədir. Çünki Fransa parlament səviyyəsində separatizmə, terrora dəstək verməklə Əlcəzair, Ruanda, Cad, Mali, Kamboca və Vyetnamdakı bütövlükdə 20 milyona yaxın insanın ölümü ilə nəticələnən dövlət terroru təfəkkürünü müasir dövrdə də yaşatdığını bəyan etmiş oldu. Bu, həm də BMT Nizamnaməsini rədd etmək deməkdir. Belə olan halda Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qalması təşkilatın özünün məramına ziddir və bütövlükdə BMT-nin sonrakı fəaliyyətinə olan qlobal etimadı sual altına qoyur. Rəsmən terror saçan, Fransadan başqa bütün dünyada separatizmi təşviq edən bir dövlətin bəşəri təhlükəsizlik məsələsində söz sahibi olması birmənalı formada qlobal təhdid deməkdir.

“Azərbaycan Prezidenti də həm Zəfər günü Şuşada, həm də ötən həftə ADA Universitetində məhz bu situasiyanı rəhbər tutaraq, Parisin istənilən formada Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda vasitəçi olması ehtimalını rədd etmişdi. Bu gün Parisdən gələn xoruz bannamaları bir daha Prezident İlham Əliyevin Fransanın qərəzli və vicdansız mövqeyinin sülh prosesinə mane ola biləcəyi ehtimallarında nə qədər haqlı olduğunu göstərdi.

Bütün baş verənlərin fonunda Fransa Azərbaycan münasibətlərinin bu qədər gərginləşməsi özlüyündə həm də çox ciddi suallar yaradır, Parisin məqsədi və hədəfi nədir?

Təbii ki, "bacı" adlandırsa belə Ermənistan, yaxud ermənilər Paris üçün bir neçə dəfə istifadə etdiyi köməkçi vasitədən başqa bir şey deyil. Çünki ermənilərin bu gün Fransa siyasətində həlledici gücü sadəcə boş mifdir. Erməni lobbisi ən yaxşı halda Marsel bələdiyyəsinin seçkilərində hansısa formada təsirli ola bilərlər. Demək ki, Parisin məqsədləri daha fərqli müstəvidə araşdırılmalıdır. Fransa tarixinə nəzər yetirsək Şimali Afrikada, Cənub-Şərqi Asiyada fransızların fəaliyyəti əslində bu gün Parisin Qafqazda niyyətinin nə olduğu barədə ilkin ehtimallar irəli sürməyə əsas verir. Makron Fransası neoimperializm niyyətini Qafqazda canlandırmaq fikrinə düşüb və Qafqazda isə Fransanın mürtəce siyasəti önündə ən ciddi maneə iqtisadi və siyasi cəhətdən tam müstəqil olan Azərbaycandır. Prezident İlham Əliyev bütün dünya dövlətləri, o cümlədən də Fransa ilə əməkdaşlığı təşviq edən açıq siyasi kurs yürüdür, bunun faydalarını da hər bir azərbaycanlı hiss edir. Amma bu kurs hər bir tərəfdaşdan bərabərhüquqlu münasibətlər, suverenliyimizə və Azərbaycanın milli maraqlarına hörmət edilməsini tələb edir. Əlbəttə, bu niyyət Paris üçün arzuedilən deyil və baş verənlərin kökündə Parisin daşa dəyən niyyəti dayana bilər. Amma reallıq ondan ibarətdir ki, Paris qətnamələrlə faktiki olaraq edə biləcəyinin maksimumunu etdi. Çünki Prezident İlham Əliyev elə bir siyasi-diplomatik konfiqurasiyaya nail olub ki, Paris bölgədə Azərbaycanla hərbi dildə danışa bilməz, beynəlxalq təşkilatlar çərçivəsində isə Azərbaycana hücum cəhdləri güclü tərəfdaşlıqlarımız fonunda ard-arda fiaskoya uğramaqdadır”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

O, həmçinin qeyd edib ki, Fransanın insan haqları amili fonunda Azərbaycana ənənəvi səlib yürüşünün də biabırçı formada sonuclandığının şahidi olmaqdayıq. Belə ki, Ərəb Liqasının iclasında Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyev Fransanın soyqırımı törətmiş cinayətkar kimi əsl simasını ifşa etməklə, bu ölkənin insan haqlarından danışa biləcək sonuncu dövlət olduğunu qlobal müstəvidə sübut etdi. Ard-arda fiaskolar və qətnamələrin nümunəsində istifadə etdiyi son uğursuz cəhddən sonra Parisin əvvəlki ampulasında davam edə biləcəyi inandırıcı görünmür və hesab edirəm ki, Fransanın dəyişmiş ritorikasına şahidlik edəcəyimiz gün uzaqda deyil. Paris ağrılı formada da olsa bölgənin əsl sahibinin kim olduğunu qəbul etməyə məhkumdur. Təsadüfi deyil ki, Fransa xarici işlər nazirliyinin nümayəndələri artıq hakimiyyətlərin bölgüsü prinsipini əsas gətirərək parlamentin mövqeyinin Fransanın xarici siyasət kursunu ehtiva etmədiyini bəyan etdi. Amma Azərbaycan boş sözlər, vədlər üçün vaxtı olmayan kifayət qədər ciddi beynəlxalq oyunçudur və istənilən addıma münasibətdə adekvat cavab verəcək.