• cümə, 19 Aprel, 02:58
  • Baku Bakı 18°C

Firəngiz Əlizadənin 75 illik yubileyi qeyd olunub

27.05.22 12:50 960
Firəngiz Əlizadənin 75 illik yubileyi qeyd olunub

 Leopold və Mstislav Rostropoviçlərin Ev muzeyində  Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, Xalq Artisti, görkəmli bəstəkarımız Firəngiz Əlizadənin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu.
    Tədbiri muzeyin icraçı rəhbəri Günay Əliyeva açdı. O, bəstəkarı yubiley münasibəti ilə səmimi qəlbdən təbrik etdi, onun azərbaycan musiqi mədəniyyətinə verdiyi əvəzsiz töhfələrdən, aldığı çoxsaylı mükafatlardan, Azərbaycanı bütün dünyada tanıtmasından və bəstələdiyi saysız əsərlərindən bəhs etdi.  
    F.Əlizadə, Azərbaycan Dədə Qorqud Milli fondunun rəhbəri, “Azərbaycan  dünyası” Beynəlxalq jurnalının təssisçisi və baş redaktoru Eldar İsmayılov tərəfindən “Mehriban ana” ordeni ilə təltif edildi.
Prezident təqaüdçüləri, Beynəlxalq və Respublika müsabiqələr laureatları Ş.Ağazadə, Ş.Rəsulova, N.Həsənli, A.Rüstəmzadənin ifasında, Prezident təqaüdçüsü, muzeyin yaradıcı  əməkdaşı, bəstəkar Vüqar Məmmədzadənin “Kvartet üçün yazılmış əsər”i, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri, Beynəlxalq müsabiqə laureatları Salamova Nuranə və Zeynalov Fəridin ifasında Q.Qarayevin “Prelüd”, K.Debussinin  “Sevinc adası”, X.Zeynalovanın  “Qarabağ suitası”, F.Şopenin  “Etüd”, F.Sayın “Kara toprak” əsərlərindən ibarət konsert proqramı səsləndirildi.
     Daha sonra,  Əməkdar İncəsənət xadimi, musiqişünas Zemfira Qafarova çıxış edərək yubilyarı təbrik etdi, ona can sağlığı, işlərində yeni - yeni uğurlar arzuladı. Zemfira xanım bildirdi ki, “Bu il bizim üçün çox sevincli ildir. Çünki, bu il Firəngiz xanımın yubiley ilidir. Firəngiz xanım mənim tələbəm olmuşdur. Onu ilk gündən bəri necə tanıyıramsa elə də qalıb. Zərif və gözəl. Çünki O, yaradıcı insandır və onun fikrində  ancaq öz əsərləridir. Allah Firəngiz xanıma can sağlığı versin, yeni - yeni əsərləri ilə bizləri sevindirsin. L.və M.Rostropoviçlərin Ev muzeyi bizim üçün müqəddəs məkandır. M.Rostropoviç Firəngiz xanımın yaradıcılığını yüksək qiymətləndirirdi”.
    Fransanın Paris şəhərindəki “Şatle teatrın”da keçirilmiş  M.Rostropoviç adına beynəlxalq violonçel müsabiqəsindən, M.Rostropoviçin Azərbaycan Dövlət Akademik Filarmoniyasında F.Əlizadənin “İthaf” əsərinə dirijorluq etdiyi konsertdən,  bəstəkarın muzeyə gəlişlərindən, muzeydə ona həsr olunmuş tədbirlərdən görüntülərin olduğu qısa film təqdim olundu.
   Konsert proqramı başa çatdıqdan sonra G.Əliyeva qonaqları  muzeyin fondunda saxlanılan, F.Əlizadənin yaradıcılığını əks etdirən  çoxsaylı eksponatların yer aldığı arxivdən,  “İntizar” operasının bukleti, “Habilsayağı” əsərinin notları və proqramı, I və II  Beynəlxalq “İpək yolu” musiqi festivallarının bukletləri, “Kronos - Quartet” ansamblının ifasında “Muğamsayağı” operasının diski, afişalar və fotoşəkillərdən ibarət “İnci bəstələr” adlı sərgi ilə tanış olmağa dəvət etdi.
    Sonda Firəngiz Əlizadə muzeyin rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirdi. Bəstəkar qeyd etdi ki, “L.və M.Rostropoviçlərin ev muzeyi xüsusi məkandır. Burada daima maraqlı hadisələr baş verir. Ata və oğul Rostropoviçlər Bakını çox sevirdilər. M.Rostropoviç XX əsrin dahilərindən biri idi.  Biz fəxr edirik ki, belə bir dahi məhz bizim torpaqda dünyaya gəlib. Onun qızları Olqa və Yelana,  həyat yoldaşı Q.Vişnevskaya da Bakını çox sevirdilər. Bura böyük həvəslə gəlirdilər. Ölkəmizə gələn bütün görkəmli musiqiçilər, bəstəkarlar ilk öncə M.Rostropoviçin doğulduğu evi ziyarət edirdilər. Bu həmişə belə olub və mən inanıram ki,  bundan sonra da belə olacaq”.  
     Daha sonra  Firəngiz xanım muzeyin gənc rəhbərinə muzeyin gələcək işləri barədə öz məsləhətlərini verdi.

banner

Oxşar Xəbərlər