• şənbə, 20 Aprel, 08:25
  • Baku Bakı 14°C

Fərhad Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edildi - SƏRƏNCAM

26.12.22 17:30 624
Fərhad Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev dekabrın 26-da Xalq artisti Fərhad Bədəlbəylinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Kaspi.az xəbər verir ki, orden Xalq artistinə Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.

Anadan olmasının 75-ci ildönümü tatam olan Xalq artisti Fərhad Bədəlbəylinin Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında layiqli yeri var. O, müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdəndir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı çıxışları Fərhad Bədəlbəylini geniş auditoriyaya tanıdıb və sevdirə bilib. Görkəmli sənətkarlarımızın fortepiano ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan F.Bədəlbəyli, eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirib. Hazırda F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. O, mütəmadi olaraq dünyanın bir çox ölkələrinə qastrol səfərləri edir.

Qeyd edək ki, görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olan Fərhad Bədəlbəyli 1965–1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969–1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) təhsil alıb.

F.Bədəlbəyli, eyni zamanda, 1986–1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyəti İdarə Heyəti sədrinin birinci müavini olub. Onun təşəbbüsü ilə 1987–1996-cı illərdə rəhbəri olduğu Bakı İncəsənət Mərkəzi və hazırda sədri olduğu Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti yaradılıb. Fərhad Bədəlbəyli 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur. O, 1997-ci ildə "Şöhrət", 2017-ci ildə isə "İstiqlal" ordenləri ilə təltif edilib.

Əlamətdar yubiley münasibətilə AZƏRTAC-ın kollektivi Fərhad Bədəlbəylini təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq işində uğurlar arzulayır.

banner

Oxşar Xəbərlər