• bazar, 22 Dekabr, 05:56
  • Baku Bakı 9°C

F.Köçərlinin 160 illiyi münasibətilə Respublika Uşaq Kitabxanasında tədbir keçirilib

26.05.23 12:00 475
F.Köçərlinin 160 illiyi münasibətilə Respublika Uşaq Kitabxanasında tədbir keçirilib

22 may tarixində Respublika Uşaq Kitabxanasında maarifçi, pedaqoq, ədəbiyyatşünas alim, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə Nizami rayon1 nömrəli uşaq evinin uşaqlarının iştirakı ilə tədbir keçirilib. 
İlk olaraq kitabxana əməkdaşı uşaqları kitabxana ilə yaxından tanış edib, həmçinin yeni kitabxana texnologiyalarının tətbiqi, oxucuların dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində kitabların müstəsna rolundan bəhs edib. Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çox cəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermişdir. Dövrünün təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyalı kimi apardığı işlər böyük əhəmiyyət kəsb edib. F.Köçərlinin uşaq folkloru sahəsində olduqca böyük və əvəzolunmaz xidmətləri vardır. Ədibin "Balalara hədiyyə” kitabı uşaq folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ən böyük addımdır. “Balalara hədiyyə” kitabı Azərbaycanın ən dəyərli sərvətlərindəndir. 
Azərbaycan uşaq folklorunun ilk antalogiyası olan "Balalara hədiyyə” kitabı uşaqların dünyagörüşünün formalaşmasında, həyat və təbiət haqqında təsəvvürlərin yaradılmasında böyük rol oynayır. Tədbirdə uşaqların diqqətinə “Balalara hədiyyə” kitabından “Qarı və pişik”, “Tülkü və kəklik”, “Pıspısa xanım və Siçan bəy”, digər nağıllar, məsəllər,tapmacalar və s. təqdim edilib. Uşaqlar folklor antalogiyasının banisi Firidun bəy Köçərli haqqında kitabxana əməkdaşlarının hazırladığı “Vətən fədaisi” slaydını izləyib, onları maraqlandıran suallar ətrafında müzakirə aparıblar. Daha sonra balacalar Zahirə Cabirin “Əvvəl Zaman İçində” kitabıından “Şuşa nağılı”, “Xudafərin Körpüsü əfsanəsi” və.s nağılları dinləyiblər. Tədbirin sonunda uşaq evinin sakinlərinə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib. 

banner

Oxşar Xəbərlər