Ermənistanın puç olan növbəti layihəsi
İşğalçılıq siyasəti Ermənistanı regionda həyata keçirilən qlobal layihələrdən kənarda qoyub. Neft, qaz ixracı marşrutları, dəmiryolu xətləri, nəqliyyat dəhlizləri onun ərazisindən yan keçir. Bir sözlə, Ermənistan bu sahədə də özünü çıxdaş ölkəyə çevirib.
Ermənistan hakimiyyətinin növbəti layihəsi faktiki olaraq uğursuzluqla üzləşib. Rəsmi İrəvanın 10 ildən artıqdır inşa etdiyi, ölkə tarixinin ən iri avtomobil yolu layihəsi sayılan “Şimal-Cənub”u reallaşdıra bilməyəcəyi xəbərləri yayılıb. Bəlli olub ki, layihə ilə bağlı işlərin cəmi 10 faizi görülüb. Ölkənin şimalını cənubu ilə birləşdirəcək avtomobil yolu ilə bağlı bədbin proqnozda bu barədə bildirilib. Layihənin nə vaxt reallaşacağı ilə bağlı nə konkret müddət var, nə də vəsait. “Muştuluq” xəbərini erməni mediasının sorğusuna cavab olaraq Ermənistan ərazi idarəetməsi və infrastruktur nazirliyi yayıb. Nazirlik “Sputnik Ermənistan”ın sorğusuna verdiyi cavabda bildirib ki, İran sərhədindən Gürcüstan sərhədinə qədər yolun tikintisi 2030-cu ildə başa çatacaq. O da yalnız bir şərtlə - bütün beş tranş üzrə tikinti işləri vaxtında başa çatdırılmalıdır. Hətta proqnozlaşdırılan bu tarix də son deyil. Nazirlikdən bildiriblər ki, layihənin yekun qiymətləndirilməsi prosesi uzun çəkəcək.
Beynəlxalq banklar gözləmə mövqeyində
Ermənistanın İranla sərhəddə “Şimal-Cənub” layihəsinə bu il başlanacağı bildirilsə də, bu da real görünmür. Yolun Qacaran-Aqarak hissəsinin inşasına da bu il başlanılması nəzərdə tutulub. O da vəsait tapılsa. Bu yolda işlər ötən yayda başlanılmalı idi. Lakin erməni tərəfi vaxtında işləri başa çatdırmağa müvəffəq olmayıb.
Xatırladaq ki, “Şimal-Cənub” avtomobil yolu layihəsi müstəqil Ermənistanın tarixində ən böyük layihələrdən biri hesab edilir. Bu yol (qismən yeni, qismən mövcud olanların genişləndirilməsi) İrandan Gürcüstan sərhədinə qədər olan məsafəni 550 km-dən 490 km-ə qədər azaltmalıdır. Onun tək Ermənistanın deyil, həm də İranın Qara dənizə çıxışını asanlaşdıracağı ehtimal edilir. Ermənistan maliyyələşdirmə üçün Avropa İnvestisiya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına müraciətlər təqdim edib və hesab edir ki, bütün marşrut altı il ərzində tikilə bilər. Lakin hər hansı bir bank və yaxud dövlət investisiya, kredit ayırmağa tələsmir.
Populist "iqtisadi inqilab” proqramı
Beləliklə, erməni rəhbərliyin bəh-bəhlə cəmiyyətə yeritdiyi növbəti layihə hələ uzun müddət kağız üzərində qalmış olacaq. Ölkəyə investisiya qoyan tapılmır, banklar kredit ayrılması barədə müraciətləri ciddiyə almırlar. Səbəb də bəllidir. Ölkədə beş ildən artıqdır ki hakimiyyət dəyişikliyi baş versə də, iqtisadi sahədə hər hansı bir irəliləyiş hiss edilmir. Nikol Paşinyanın hakimiyyətin ilk vaxtlarında verdiyi vədlərin yerinə yetirilmədiyini erməni iqtisadçılar da təsdiq edirlər. Onların qənaətincə, Nikol başa düşmür ki, sistemi dəyişmək gərəkdir.
Komandasında ideya, intellekt olmadığı qabardılır. Ölkədə informasiya texnologiyalarının inkişafı iqtisadiyyat üçün əsas ola bilməz. Çünki ölkədə proqressiv informasiya texnologiyaları mövcud deyil. Serj Sarkisyan dövründə olduğu kimi, indi də iqtisadiyyat inkişaf etmir, heç bir fərq yoxdur. Yük daşımaları göstəricisi 54 faizə qədər enib, bu o deməkdir ki, iqtisadi yüksəliş blef, yalan üzərində qurulub. Dəmir yolları, nəqliyyat şirkətləri bildirirlər ki, yük daşınmasında artım yoxdur. Belə vəziyyətdə ümumdaxili məhsulun artması da yalandır. Paşinyanın populist "iqtisadi inqilab” proqramı da uğursuzluğa düçar olub.
İqtisadi Təşəbbüslərin İnkişafı Mərkəzinin rəhbəri İşxan Karapetyan hesab edir ki, iqtisadi siyasət, dövlət idarəçiliyi sektorunda transformasiyalar, iqtisadiyyatın inkişafı üzrə qlobal proqramların olmaması hakimiyyətin elan etdiyi iqtisadi inqilabla üst-üstə düşmür. Kənd təsərrüfatında 13, inşaat sektorunda 9, ixracda 20, idxalda 33, enerji istehsalında isə 7 faiz enmə müşahidə olunub. Bundan əlavə, ölkədən pulların çıxarılması göstəricisi 5 dəfə yüksəlib.
Ermənistandan İran da üz döndərir
Sirr deyil ki, İran illər uzunu İrəvan üçün nəfəslik rolunu oynayıb. Bu ölkənin ayaq üstə durmasında molla rejiminin oynadığı rol bəllidir. Lakin Ermənistanın son vaxtlar İranın əzəli düşməni hesab edilən ABŞ ilə hərbi əməkdaşlığı Tehranı özündən çıxarıb. İran sərhədləri yaxınlığında Birləşmiş Ştatlar hərbçilərinin olmasını çox güman ki, ermənilərə bağışlamayacaq. Ermənistanın ABŞ ilə birgə hərbi təlimlərinin siyasi təsirləri ilə yanaşı, iqtisadi tərəfləri də ola bilər. Ermənistanın yer almağa çalışdığı "Fars körfəzi-Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi və "Şimal-Cənub" yol dəhlizi layihələrində iştirakı da baş tutmaya bilər. Xatırladaq ki, rəsmi Tehran əsasən 2016-cı ildən bəri irəli sürdüyü “Fars körfəzi-Qara dəniz” dəhlizi layihəsinin İran, Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstanla yanaşı, Azərbaycanın da iştirakı ilə yaradılacağını dəfələrlə bəyan edib. Tarix göstərib ki, indiyə qədər ermənilərə beynəlxalq layihələrlə bağlı çox vədlər verilib. Məsələn, götürək elə Fars körfəzi-Qara dəniz beynəlxalq nəqliyyat dəhlizini. Bu dəhliz Tehranın Avropa ilə İrəvan və Tbilisidən keçərək, tranzit imkanlarını artırmalı idi. Lakin layihə olaraq da qaldı. Məsələnin başqa tərəfi də ondadır ki, İran da bu layihələri mümkünsüz sayır. Yəni rəsmi Tehran daha mənfəətli layihələrə üstünlük verir. Eyni zamanda Ermənistanın İran və Hindistanla birgə multimodal kəsintisiz nəqliyyat dəhlizinin baş tutması da şübhə altına düşür.
Ermənistan çıxdaş ölkəyə çevrilib
Beləliklə, işğalçılıq siyasəti Ermənistanı regionda həyata keçirilən qlobal layihələrdən kənarda qoyub. Neft, qaz ixracı marşrutları, dəmiryolu xətləri, nəqliyyat dəhlizləri onun ərazisindən yan keçir. Bir sözlə, Ermənistan bu sahədə də özünü çıxdaş ölkəyə çevirib.
Azərbaycan isə həmin dövrdə dünya əhəmiyyətli nəhəng layihələr həyata keçirib və bu istiqamətdə işləri uğurla davam etdirir.