• cümə, 29 Mart, 05:34
  • Baku Bakı 7°C

Epileptik tutmaların müddəti bir neçə saniyədən 15 dəqiqəyə qədər dəyişə bilər

27.03.23 15:54 513
Epileptik tutmaların müddəti bir neçə saniyədən 15 dəqiqəyə qədər dəyişə bilər

Epilepsiya xroniki xəstəlik olaraq epilepsiya tutmaları ilə müşayiət olunur. Epilepsiya tutması sinir sistemindəki bir qrup sinir hüceyrəsində müəyyən müddət ərzində sinxron həyəcanlanmanın olması nəticəsində yaranır.

AZƏRTAC xəbər verir ki, bunu Sabunçu Tibb Mərkəzinin həkim-nevroloqu Vəfa Babayeva deyib.

Onun sözlərinə görə, epilepsiya qısamüddətli beyin funksiyasının pozulması ilə əlaqədardır və beyin hüceyrələrində müvəqqəti anormal elektrik yayılması nəticəsində meydana gəlir: “Bəzi epilepsiya növləri eyni vaxtda və ya ardıcıl olaraq yarana bilər. Bu da insanlarda bir çox əlamət və simptomların müşahidə olunmasına səbəb olur. Epileptik tutmaların müddəti bir neçə saniyədən 15 dəqiqəyə qədər dəyişə bilər. Xəstəliyin bəzi əlamətlərini də bilmək vacibdir, çünki onlar epileptik tutmadan əvvəl yarana bilir. Anidən güclü qorxu, narahatlıq hissi, ürəkbulanma, başgicəllənməsi, görmədə problem, başağrısı, ayaqların və əllərin hərəkətlərində qismən nəzarətin itməsi epileptik tutmadan əvvəl müşahidə edilən əlamətlərdir. Sözügedən hallardan sonra köpüklü ağız, dili dişləmək və dişlərin sıxılması, sürətli göz hərəkətlərinin qəfil başlaması bir insanın epileptik tutma keçirəcəyini göstərə bilir”, - deyə nevroloq bildirib.

V.Babayeva qeyd edib ki, epilepsiya xəstəliyinin yaranmasının əsas səbəbini dəqiq müəyyən etmək mümkün deyil: “Doğuş travmaları, əvvəlki qəzalarla bağlı kəllə-beyin travmaları, irəli yaşlarda beyin damarlarında görülən damar anomaliyaları, yüksək hərarət xəstəlikləri, qan şəkərinin həddindən artıq azalması və beyin iltihabları epilepsiya xəstəliyinə meyilliliklə bağlı səbəblərdəndir. Diaqnoz qoymaq üçün məlumat toplamaq məqsədilə qan analizi, elektrokardioqram, kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiya (MRT) və digər müayinələr aparılır.

Tutmaları başladan ən geniş yayılmış stimullaşdırıcı amillər isə yorğunluq, yuxusuzluq, stres, alkoqol qəbulu, kofein və sintetik qidalar, kəskin günəş şüası, dərmanların vaxtında qəbul olunmamasıdır. Epilepsiya xəstəliyindən əziyyət çəkən insanların çoxu epilepsiya əleyhinə dərmanlarla müalicə edilə bilər. Dərmanlar tutmaları dayandırmaq üçün nəzərdə tutulub. Buna görə dərmanların müntəzəm istifadəsi vacibdir. Xəstələr qəbul etdikləri dərmanları həkim məsləhəti ilə dayandırmalıdır. Dərman terapiyası xəstələrin əksəriyyətində təsirli olsa da, bəzi xəstələrdə gözlənilən effekti verməyə bilər. Bu zaman isə xəstələrdə epilepsiyaya səbəb olan əsas vəziyyətə görə cərrahi müalicələr tətbiq olunur”.

Həkim-nevroloq epileptik tutmalar zamanı ilkin yardımdan da bəhs edib: “İlk olaraq xəstənin bir tərəfində diz çökmək, öz tərəfinizdəki qolunu ovuc səthi yuxarıya baxmaq şərtilə başına paralel istiqamətdə dirsəkdən 90° bucaqla bükmək, əks tərəfdəki əlini gətirib öz tərəfinizdən başının altına qoymaq lazımdır. Sonra onun əks tərəfdəki dizini qatlayıb öz tərəfinizə keçirin və xəstəni özünüzə tərəf uzatmaq, xəstənin başını tutaraq çənəsini bir əl ilə yuxarı qaldırmaq lazımdır”.

banner

Oxşar Xəbərlər