çərşənbə axşamı, 05 iyul, 22:44

Baku Bakı 30°C

Elmimizin inkişafını istəyiriksə...

icon 2934 icon 09 may 2013 | 09:55 Elmimizin inkişafını istəyiriksə...

Ötən ay Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) yeni prezident seçildi. Alimlər yeni prezidentin seçilməsindən sonra AMEA-da islahatların aparılacağını gözləyirlər. Alimlərin gözləntilərinə keçməmişdən öncə qeyd edək ki, AMEA-nın yeni prezidenti Akif Əlizadə mətbuata verdiyi açıqlamalarda görəcəyi işlərinbəzi anonslarını edib.
Gözlənilən islahatlar
A.Əlizadə bildirib ki, ilk növbədə, AMEA-nın bütün fəaliyyəti müasirləşdirilməlidir. Həmçinin, AMEA-nın institutlarının reytinqi müəyyən olunmalıdır: “Bu istiqamətdə AMEA Rəyasət Heyəti çox düşünülmüş addımlar atmalıdır. Maliyyə vəsaitinin institutlara ayrılması mexanizmi düşünülməlidir. Kimin yaxşı çalışması, kimin geridə qalması nəzərə alınmaqla, maliyyə vəsaitinin ayrılması mexanizmi hazırlanmalıdır”.
AMEA-da çalışan alimlərin əksəriyyətinin yaşının xeyli yüksək olduğuna toxunan yeni prezidentin sözlərinə görə, elmi fəaliyyət üçün ən məhsuldar dövr 30-55 yaşdır: “Bu yaşda olan insanların işləməsi üçün vacib addımlar atılmalıdır. Biz bunu müxtəlif yollarla etməliyik. Kadr probleminin həllinin bir yolu elmi təhsilə inteqrasiya etdirməklədir. Bunun bir formasını tətbiq edirik. Geologiya, İnformasiya Texnologiyaları, Neft Problemləri institutlarında baza kafedralar, kafedra filialları açmaqla bunu həyata keçiririk. Son 10-15 ildə maliyyə vəsaitinin ayrılmasına baxmayaraq, alimlər tərəfindən çöl tədqiqatları aparılmayıb. Buna görə də mən tapşırıq vermişəm ki, bununla bağlı əsasnamə hazırlansın. Çöl tədqiqatları aparan alimlərə əlavə maliyyə vəsaiti ödənilməlidir. Çünki onlar tədqiqatlarını başqa şəraitdə aparırlar”.
Alimlərin əmək haqlarını fərqləndirməyin tərəfdarı olduğunu deyən A.Əlizadə bildirdi ki, alimlərə eyni məbləğdə əmək haqqının verilməsi düzgün deyil: “Biz alimləri stimullaşdırmalıyıq. Yaxşı işləyən alimləri stimullaşdırmaq üçün əlavə maliyyə vəsaiti verilməli, onlar üçün mükafatlar təsis edilməlidir. Bu da alimin apardığı işin nəticəsinin fərqlənməsinə səbəb olacaq. Alimlərin hazırlığını gücləndirmək istiqamətində Ali Attestasiya Komissiyası ilə də çalışacağıq. Onlarla birlikdə kadr hazırlığını gücləndirəcəyik”.
AMEA prezidentinin sözlərinə görə, Akademiyada Direktorlar Şurası yaradılacaq: “Direktorlar Şurası AMEA-nın gündəlik məsələlərini operativ həll edə, institut direktorlarına tövsiyələr verə bilər. Direktorlar Şurası AMEA elmi müəssisələrinin direktorlarının fəaliyyəti üçün dayaq olacaq. AMEA-da Gənclər Bürosu da yaranmalı və onlar xeyli fəal olmalıdırlar. Onlar Akademiyada zəif, yatmış yerləri oyadıb üzə çıxarmalıdırlar”.
A.Əlizadə doktoranturaya daxil olan gənclərin hərbi xidmətdən azad edilməsi barədə hökumətlə, Milli Məclislə razılığa gələ biləcəklərini güman etdiyini bildirib.
Magistr hazırlığı akademiyada aparılmalıdır
Gənc Alim, Aaspirant və Magistrlər Cəmiyyətinin rəhbəri İlqar Orucov bizimlə söhbətində AMEA-da aparılması vacib olan islahatlardan danışdı. Bildirdi ki, elmimizin inkişafını istəyiriksə, ilk növbədə alimlərimizin sosial müdafiəsi üçün qayğını gücləndirməliyik: “Bundan başqa, bu gün tədqiqat istiqamətləri düzgün müəyyələşdirilməlidir. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən elm sahələrinə diqqət artıtrılmalıdır. Biz elmimizi inkişaf etdirmək istəyiriksə, alimlərimizə bir neçə elm sahəsinin kəsişməsində olan tədqiqatlarla məşğul olmağı tövsiyə etməliyik. Bu istiqamətdə konkret addımlar atılmasına böyük ehtiyac var”.
Son illər AMEA-nın institutların maddi-texniki bazasının gücləndirildiyini deyən İ.Orucov hesab edir ki, bu, kifayət deyil bə bu istiqamətdə ciddi addımların atılmasına ehtiyac var: “Digər tərəfdən, yaşlı alimlərin sosial müdafiəsi gücləndirilməli, onların təqaüdləri artırılmalıdır. Artıq Milli Məclisdə «Elm siyasəti haqqında» qanun müzakirəyə çıxarılıb və o qanun layihəsi qəbul olunduqdan sonra da elm sahəsində ciddi dönüşlərin edilməsinə ümid edirəm. Çünki qanunda da alimlərin sosial müdafiəsi ilə bağlı müddəalar öz əksini tapır. Bu qanun qəbul edilsə, elm sahəsində müəyyən qədər dönüş əldə edə biləcəyik. Burada alimlərimizin maaşlarından tutmuş gənc alimlərin mənzillə təmin olunmasına qədər məsələlər yer alıb”.
İ.Orucov hesab edir ki, kadr bazasını gücləndirmək, gəncləri elmə yönləndirmək üçün akademiya ilə təhsil qurumları ciddi inteqrasiya şəraitində işləməlidirlər: “Biz istedadlı gəncləri müəyyənləşdirməli və onlarda elmə həvəs yaratmalıyıq. Akademiyanın qapılarını həm artıq ixtisas seçimi edən yuxarı sinif şagirdləri, həm də ali məktəblərin bakalavr və magistr səviyyəsi üzrə təhsil alan gənclərin üzünə açmalıyıq. Magistratura prosesi hazırlığının da akademiyaya cəlb olunması vacibdir. Həm maddi-texniki baza, həm də kadr potensialı baxımından bu prosesi AMEA daha effektiv şəkildə həyata keçirə bilər”.
Gənc alimin fikrincə, akademiya ilə xarici elmi mərkəzlər arasında əlaqəni gücləndirməyə ehtiyac var: “Eyni zamanda, ali məktəblərin, akademiyanın institutlarında baza kafedralarının açılması vacibdir. Bunun üçün işlər görülür, amma hesab edirəm ki, yetərli deyil.
Gənc kadrları mütləq dövlət xətti ilə dünyanın məşhur elm mərkəzlərinə göndərməliyik. Onlar gedib orada doktorantura pilləsini başa vurmalıdırlar. Azərbaycan elminin dünya elminə çıxış imkanlarını artırmalıyıq. Kadrlarımızı bu gün yetişdirməsək, çox gecikə bilərik”.
“Elmi rəhbərlər gənc kadrlara humanist yanaşmalıdır”
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, Azərbaycan Turizm İnstitunun dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlının fikrincə, islahatlara ilk növbədə akademiyanın maddi-texniki bazasını genişləndirməklə və elmi işçilərin əmək haqqını artırmaqla başlamaq lazımdır: “Bundan sonra digər islahatlara keçilməlidir. Məsələn, dissertasiyalara qoyulan tələb, dissertasiya müdafiələri nisbətən sadələşdirilməsi, bürokratik əngəllər aradan qaldırılmalı, gənc alimlərin sosial problemlərinin həllinə diqqət artırılmalıdır. Təsəvvür edin, dissertasiyanın müdafiəsi üçün ən azı 20 məqalə tələb edilir. Bunlardan 3-ü xaricdə, 17-si isə Ali Attestasiya Komissiyasının prioritet hesab etdiyi jurnallarda çap olunmalıdır. Bu tələb bir qədər problemlər yaradır, çünki həmin jurnalların bir çoxu müntəzəm çıxmır, ümumiyyətlə, həmin jurnallara məqalə vermək çətindir. Hesab edirəm ki, elmi məqalələrin harada çap olunmasına deyil, elmi işin keyfiyyətinə fikir verilməlidir. Elmi məqalələrin çap olunması üçün heç bir yerdə konkret jurnal adı çəkilmir”.
M.Zülfüqarlı bir çox mərhələlərdə dissertantların çox əziyyət çəkdiklərini dedi: “Bunları sadələşdirmək lazımdır. Elmi rəhbərlərin gənc kadrlara daha humanist yanaşmasına ehtiyac var. Bunlar islahatlar nəticəsində mütləq olmalıdır. Sadaladıqlarımdan da çox problemlər var ki, bunlar həll olunmalıdır”.
M.Zülfüqrlı hesab edir ki, gənc alimlərə xüsusi diqqət yetirmək lazımdır: “Onların əmək haqqı, yaxud təqaüdləri artırılmalıdır. Mənzil şəraitlərinin yaxşılaşdırılması üçün güzəştli şərtlərlə ipoteka kreditləri verilməlidir. İstedadlı alimlərimizə dövlət tərəfindən qayğı göstərilməli, onlara elmi işlə məşğul olmağa tam şərait yaradılmalı, daha məhsuldar işləyə bilmələri üçün dəstək verilməlidir”.
Lalə Musaqızı