çərşənbə, 06 Iyul, 23:49

Baku Bakı 26°C

Eldar Namazov və Əli Kərimlinin Suriya variantı

icon 1705 icon 23 avqust 2013 | 18:09 Eldar Namazov və Əli Kərimlinin Suriya variantı

“EL” hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimov etiraf edir ki, adı çəkilən şəxslər ölkədə xaos yaratmaq üçün planlar cızıblarmış

“EL” hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimov “Milli Şura”nın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla əlaqədar Baş Prokurorluğa dəvət edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə.İbrahimov mətbuata verdiyi açıqlamaları bir daha təsdiq edərək Baş Prokurorluqda verdiyi izahatında “Milli Şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib. Baş verə biləcək hadisələrin qarşısının alınması və məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində müvafiq araşdırmalara başlanılıb.
Əflan İbrahimov mətbuata açıqlamasında bildirib: «Eldar Namazov mənə dedi ki, Əflan müəllim, Əli bəylə danışmışam, biz istəyirik, Rüstəm müəllim gəlsin, onun namizədliyini bunlar qeydə almasın və biz də burada, rayonlarda xaos yaradaq, Quba, İsmayıllı variantlarını həyata keçirək...
Ona dedim ki, mən bu oyunlarda yoxam. Sonra mən bir müddət Eynulla bəyin (Eynulla Fətullayev) telefon nömrəsini axtardım, tapandan sonra da bu fikirlərimi bildirdim və işıqlandırıldı. Gəlirəm şəhərə, özümlə EL hərəkatının Qobustan və Şamaxı təşkilatlarının sədrlərini də gətirirəm. Onların də bəyanatlarını hazırlayıb yayacağıq. Özüm də artıq dediyim kimi, onlar İlham Əliyevin namizədliyini dəstəkləmədiyi üçün bəyanatla istefa vermişəm».
Ə.İbrahimov virtualaz.org-a eksklüziv açıqlamasında bildirib: “Mən EL hərəkatının yaradıcılarından biriyəm. Amma indi görürəm ki, burada oyunlar gedir. Eldar Namazov Rüstəm İbrahimbəyovun göstərişi ilə EL-i yaratmaq üçün buraya göndərilmişdi. Mən özüm Rüstəm İbrahimbəyovla telefonla danışdım. O mənə dedi ki, Bakıya bir daha gəlməyəcəyəm. Avqustun 21-də İbrahimbəyovun evində EL hərəkatının toplantısı oldu. Mən Namazova dedim ki, İbrahimbəyov gəlib Milli Şuraya rəhbərlik etməlidir, əks halda, mən bu oyunda yoxam. Namazov da mənə dedi ki, Rüstəm İbrahimbəyov bir daha Bakıya gəlməyəcək. Mən də ona cavab verdim ki, əgər Rüstəm İbrahimbəyov Bakıya gəlməyəcəkdisə, xalqı niyə aldadırsınız, bu nə oyundur çıxarırısınız. Eldara dedim ki, mən öz bəyanatımla EL hərəkatından çıxacam. Bəyanatla çıxış edəcəyəm ki, mən İlham Əliyevin namizədliyini dəstəkləyirəm və buna qüvvəm də var. Eldar Namazova dedim ki, siz burada oyun oynayırsınız. İlham Əliyevin alternativi yoxdur. Orada olanlardan heç kim mənə cavab vermədi. Namazov da başını aşağı saldı...»
E.İbrahimov daha sonra deyib: «Əli Kərimli nə oyunlar oynayır, nə etmək istəyir, zamanı çatanda sizə bu barədə məlumatlar verəcəm. Onlar Bakıda iğtişaşlar törətmək istəyir, xaos yaratmaq istəyir. Əli Kərimli Milli Şuranın qapalı keçirilən sessiyalarında hər dəfə deyir ki, Rüstəm İbrahimbəyov nəyin bahasına olursa-olsun Bakıya gəlməlidir. Gəlsin Milli Şuraya göstəriş versin ki, əgər namizədliyi qeydə alınmasa, camaatı küçələrə çıxarsın. Mən bunları biləndən sonra onlarla üzülüşməyə qərar verdim. Eldar Namazovun da özünün xüsusi planları var. EL hərəkatında regionçuluq hökm sürür. Hərəkatın 14 üzvünün 9-u ermənistanlıdır».
E.İbrahimov Milli Şuranı yaradanların əsl məqsədini belə izah edib: «Məqsəd bundan ibarət olub ki, Eldar Namazov Əli Kərimli ilə, İsa Qəmbərlə birləşsin, Rəsul Quliyevin imkanlarından, Əli İnsanovun pulundan istifadə edib İlham Əliyevə qarşı kampaniya aparsınlar, xaos yaratsınlar... Gördüm ki, bunlar burada Suriya variantını yetişdirmək istəyirlər. Ona görə də bu məsələləri açmaq qərarına gəldim».
Xatırladaq ki, Eldar Namazov isə öz növbəsində öz müavininin dediklərini təkzib etməyə yarıtmaz cəhd göstərib, EL-də belə adamın olmadığını deyib. Lakin Google axtarış sistemində ani aramalar onun Ə.İbrahimovla yanaşı olduğu xeyli foto və videoları üzə çıxarır.
Fuad QƏHRƏMANLI