• şənbə, 26 Aprel, 14:34
  • Baku Bakı 21°C

Dünya vətəndaşı olmaq istəyən maestronun ocağı - REPORTAJ

26.04.25 03:20 160
Dünya vətəndaşı olmaq istəyən maestronun ocağı - REPORTAJ

Ev-muzeyin ekspozisiyası Mstislav Rostropoviçin uşaqlıq, gənclik və yaradıcılıq illərini əks etdirən nadir materiallarla zəngindir. Maestronun Bakıda anadan olmasını təsdiqləyən doğum haqqında şəhadətnaməsi muzeydə saxlanır.

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi elə görkəmli musiqiçilərin adını daşıyan küçədə - Leopold və Mstislav Rostoropoviçlər küçəsi 19-da, vaxtilə yaşadıqları evdə yerləşir. 

Dünyaşöhrətli violonçel ustası Mstislav Rostropoviçin xatirə günü (27 aprel) ərəfəsində ev-muzeyini ziyarət edib qiymətli xatirələrin izinə düşdük... 

Maestronun şəxsi arxivindən

Qədim taxta qapını açaraq dar pillələrlə yuxarı qalxır, görkəmli violonçel ustasının doğulduğu evə daxil oluruq. Ev giriş, memorial otaq və ekspozisiya otaqlarından ibarətdir. 

Ev-muzeyin ekspozisiyası M.Rostropoviçin uşaqlıq, gənclik və yaradıcılıq illərini əks etdirən nadir materiallarla zəngindir. Maestronun Bakıda anadan olmasını təsdiqləyən doğum haqqında şəhadətnaməsi muzeydə saxlanır. Bacısı Veronika ilə birlikdə uşaqlıq illərini əks etdirən əşyalar da muzey eksponatları sırasındadır. 

1997-ci il 23 may tarixində Prezident Heydər Əliyevin Sərəncamı ilə muzey yaradılıb. 1998-ci il martin 4-də muzeyin açılışı olub. Maestro ev-muzeyin açılmasında ailəsi ilə birgə iştirak edib və bəzi eksponatları muzeyə bağışlayıb. Ekspozisiyalardakı violonçel futlyarı, şəxsi not şkafı, dirijor frakı və çubuğu, müharibə dövründə yaralılar qarşısında çıxış etdiyi gödəkcəsi, əsərlərinin notları, nadir fotolar və s. Rostropoviçin şəxsi arxivindəndir. Ev-muzeydə maestroya məxsus saat Rostropoviçin vəfat etdiyi vaxta qurulub. 

İnam, vəzifə və namus

Rostropoviçlər zadəganlıq titulu almış nəsildir. Bu titul onlara hələ ulu babaları İosif Rostopoviçin dövründə verilib. Onların öz gerbləri və “İnam, vəzifə və namus” adlı devizləri olub. 

Muzeyin elmi işçisi Rəhimə Həsənova Rostropoviçlər ailəsi haqqında məlumat verir: “Ailəsi hələ Mstislav dünyaya gəlməmişdən iki il əvvəl Bakıya gəlib. 1925-ci ildə Şərqdə ilk dəfə Konservatoriya yarananda dahi bəstəkarımız Üzeyir Hacıbəyli bu sənət ocağında dərs deməsi üçün istedadlı violonçel ifaçısı, professor Leopold Rostropoviçi Bakıya dəvət edir. Əvvəllər Bakıya konsert vermək üçün səfər edən Leopold Rostropoviç bu dəfə ailəsi ilə birlikdə Bakıya köçür. Onun həyat yoldaşı pianoçu Sofya Fedotova da konservatoriyada fortepiano fakültəsində dərs deməyə başlayır. Onlar keçmiş Kolodezni küçəsində (indiki Rostropoviçlər küçəsi) 1931-ci ilə kimi yaşayıblar. 1927-ci ildə Mstislav Rostropoviç bu evdə dünyaya göz açıb...”

Leopold Rostropoviç ilk dəfə olaraq Konservatoriyada simli kvartet yaradır.  O, Bakıda çoxlu violonçel ifaçıları yetişdirir. Onlardan biri də Asəf Zeynallı idi. Üzeyir bəylə L.Rostropoviçin yaxın dostluğunu təsdiqləyən məktubların əlyazması muzeydə saxlanılır. 

Qalina Vişnevskaya ilə tanışlıq

İkinci zalda bəstəkarın uşaqlıq və gənclik illərini əhatə edən şəkillər - ailənin Bakıdan Moskvaya köçməsi, konservatoriya illəri, müharibə dövrü ilə bağlı fotolar var. Atası dünyasını dəyişəndə Mstislavın 14 yaşı olur. Ailənin yükü onun çiyninə düşür. Həm atasının işlədiyi musiqi məktəbində dərs deyir, həm də müharibədə yaralılar qarşısında çıxış edir. Orkestrlə ilk konsertini də 14 yaşında verir. Moskva Konservatoriyasına daxil olanda onun 16 yaşı vardı. Piano və violonçel ifaçılığı ilə yanaşı dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnir. 

M.Rostropoviç 1945-ci ildə SSRİ-də ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülür. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva konservatoriyalarında pedaqoji fəaliyyətlə məşğul olur, çoxsaylı ifaçıların yetişməsində böyük əmək sərf edir. 

Zalda bəstəkarın SSRİ-dən immiqrasiya etməmişdən əvvəl Bakıya gəldiyi 60-70-ci illəri, gənclik illərini və ailə həyatını əks etdirən nadir eksponatlar maraq doğurur. 

50-ci illərdə maestro dünyaşöhrətli opera ifaçısı Qalina Vişnevskaya ilə tanış olur. Onlar ailə qurmağa qərar verirlər. Opera ifaçısı ailəli olsa da, ərindən ayrılıb Rostropoviçlə evlənir. Onların iki qızı doğulur. Həmin illərdə Rostropoviç dirijorluğa da həvəs göstərir. 1968-ci ildə, Böyük Teatrda “Yevgeni Onegin” operası ilə ilk dirijorluğu böyük əks-sədaya səbəb olur. 
Vişnevskaya-Rostropoviç yaradıcılığı 30 il davam edir. Ekspozisiyada Rostropoviçin Azərbaycanın görkəmli musiqi xadimləri ilə fotoları da yer alıb.

Konsertlərin birində Xalq artisti Firəngiz Əlizadənin “Qarabağnamə” əsərini dinləyən violonçel ifaçısı onun üçün də əsər yazmasını xahiş edir. F.Əlizadə maestroya “İthaf” əsərini həsr edir. 

Fikir və ideya azadlığının müdafiəçisi

Üçüncü ekspozisiya otağı bəstəkarın Qərb ölkələrindəki fəaliyyətini əks etdirən eksponatlarla zəngindir. Təəssüf ki, ailənin həyatı təkcə böyük musiqi salonlarında təntənəli keçən alqışlarla müşayiət olunmur. Onlar təlatümlü dövr də yaşayırlar: “Rostropoviç mədəniyyət və siyasətdə sərbəst fikir və ideya azadlığının yorulmaz müdafiəçisi idi. Maestro əzilən insanların yanında idi, ədaləti müdafiə edirdi. O, 1970-ci ildə Sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı Aleksandr Soljenitsınə öz evində sığınacaq verir. Soljenitsınlə dostluq münasibətləri və digər dissidentlərə verdiyi dəstək səbəbindən Rostropoviç hakimiyyətin təzyiqlərinə məruz qalır. Nəticədə musiqiçinin və onun həyat yoldaşının xarici səfərlərə yollanmasına məhdudiyyət qoyulur. Rostropoviç solo konsertlər vermək üçün Sibirə göndərilir.

Nəhayət, Rostropoviç ailəsi ilə birgə 1974-cü ildə Sovet İttifaqını tərk edərək ABŞ-yə yollanır. Tezliklə vətənində onun musiqi fəaliyyətinə qadağa qoyulur və ardınca sovet vətəndaşlığından məhrum edilir. Ailə ABŞ-də bir il çətinliklər içərisində yaşayır. Amma maestro tezliklə Vaşinqtondakı ABŞ Milli Simfonik Orkestrinin musiqi direktoru və dirijoru kimi fəaliyyətə başlayır. O, 17 il müddətində həmin orkestrə dirijorluq edir. Maestro SSRİ-də vətəndaşlıqdan məhrum ediləndən sonra bir çox ölkələr ona vətəndaşlıq təklif edirdi. Ancaq o, heç bir təklifi qəbul etmirdi. “Mən dünya vətəndaşı olmaq istəyirəm”, - deyirdi. Rostropoviç həqiqətən dünya vətəndaşı idi”. 

Ekspozisiyada maestronun dünyanın siyasi liderləri, nüfuzlu şəxsiyyətləri, Salvador Dali, Pikasso kimi dahi rəssamlarla fotoları yer alıb. 

Divarda bəstəkarın Berlin divarlarının dağıdılması zamanı improvizasiyaya əsaslanmış ifasını əks etdirən fotosu da var. Bu ifa televiziya vasitəsilə bütün dünyaya nümayiş etdirilir. 1990-cı ildə isə artıq ABŞ vətəndaşı olmasına baxmayaraq, ruslar onun vətəndaşlığını bərpa edirlər. 

Ekspozisiyada bəstəkarın orden və medalları, təltifləri də nümayiş olunur. O, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Beş dəfə “Qremmi” mükafatı qazanıb. 

Maestronun Bakı dövrü

Ev-muzeyin dördüncü zalı maestronun Bakı dövrünü əhatə edir. Maestro Ulu Öndər Heydər Əliyevin dəvəti il Bakıya gəlir, konsertlər verir, ustad dərsləri keçir. Ulu öndər Heydər Əliyev xaricdə olan incəsənət xadimlərini Azərbaycana dəvət edir.  Maestro 70 illik yubileyi ərəfəsində gəlir və Bakıda təntənəli yubileyi keçirilir. Söz verir ki, hər il gələcək və gənc musiqiçilərə ustad dərsləri keçəcək. O, sözünə əməl edir.

M.Rostropoviç 1998-ci ildə öz istəyi ilə məcburi köçkün düşərgələrinə baş çəkir. Qayıdandan sonra Vişnevskaya-Rostropoiç  Xeyriyyə Fondunun dəstəyi ilə irimiqyaslı peyvənd proqramını maliyyələşdirir. Yaponiyada aldığı qrantla Azərbaycan Simfonik Orkestri üçün musiqi alətləri hədiyyə edir. Maestro ilə Ulu Öndər bir-birinin şəxsiyyətinə hörmət edirdi. Onların arzusu Filarmoniyanın bərpası və açılışda iştirak etmək idi. Lakin 2003-cü ildə Ulu Öndərin vəfatı Rostropoviçi çox təsirləndirir. 2004-cü ildə Maestro Dövlət Filarmoniyasının açılışında tək iştirak edir. O, konsertdə üzünü Heydər Əliyevin portretinə çevirərək İohann Sebastyan Baxın 2 nömrəli süitasından “Sarabanda” hissəsini ifa edir. “Bu əsər bütün dinlərə aid duadır”, - deyir. 

Ekspozisiyada maestronun həmin konsertdə geyindiyi frakı və dirijor çubuğu, konsertdən çəkilmiş videokadrlar, şəkillər və üzərində maestronun avtoqrafı olan konsert proqramı var. 

Ümumilikdə ev-muzeydə beş mindən artıq eksponat - əlyazmalar, bukletlər, afişalar, kitablar, notlar, qəzetlər disklər, əşyalar, maestro haqqında filmlər, ifası ilə yazılmış audio kasetlər var. 

Maestronun Kremldə keçirilən 80 illik yubileyində Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyeva da  iştirak edib. 2007-ci il 27 martda Prezident İlham Əliyevin Sərəncamı ilə Rostropoviç ölkənin ali ordeni – “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Muzeyin elmi işçisi qeyd edir ki, 2007-ci ildən başlayaraq Bakıda Beynəlxalq Mstislav Rostropoviç festivalı keçirilib. Sonuncu - 10-cu festival 2019-cu il aprelin 22-27-də təşkil olunub: “Daha bu festival keçirilmir. Festival günlərində çoxlu məşhur musiqiçilər ölkəyə gəlirdi, ev-muzeyi də ziyarət edirdilər. Qızları Yelena və Olqa da festival vaxtı Bakıya gəlirdilər”. 

Hazırda muzeyi ölkəyə gələn xarici turistlər, xüsusən ruslar ziyarət edir. Bakıda musiqi sahəsində təhsil alan tələbələr, məktəblilər də muzeyə baş çəkirlər. Ev-muzeyi həftənin bazar ertəsindən başqa bütün günlər saat 10:00-dan 18:00-dək işləyir.  

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər