• şənbə, 27 Iyul, 04:37
  • Baku Bakı 27°C

Cümhuriyyətin hərbi nazirinin ilk əmri orduda dövlət dilinin tənzimlənməsi olub

27.05.23 04:15 561
Cümhuriyyətin hərbi nazirinin ilk əmri orduda dövlət dilinin tənzimlənməsi olub

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirdiyi tədbirlər, ən başlıcası dil məsələlərinə xüsusi diqqət yetirilməsi xalqımızın tarixində əhəmiyyətli iz qoyub. Cümhuriyyət dövründə ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edildi. Hökumətin qarşıya qoyduğu əsas məqsədlərdən biri cəmiyyətin bütün sferalarında milliləşmə idi. Bu, hərtərəfli şəkildə həyata keçirildi, bir tərəfdən bütün idarə, dəftərxana, kargüzarlıq işi türkləşdirildi, digər tərəfdən respublikanın bir çox yerlərində kişi və qadın məktəbləri açıldı, müxtəlif ixtisaslar üzrə 100-dən çox tələbə Avropaya oxumağa göndərildi. Bundan əlavə, bölgələrdə pedaqoji kurslar açıldı, Türkiyədən 50-dən çox müəllim dəvət edildi, milliləşdirilmiş və digər məktəblərdə milli tarixin tədqiqinə başlanıldı, yeni dərsliklər nəşr edildi.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü İbadullazadə deyib. O bildirib ki, AXC hökuməti 1918-ci il avqustun 28-də “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərar qəbul etdi. 1918-1919-cu illərdə Gəncə müəllimlər seminariyası milliləşdirildi. Bakı, Şəki, Zaqatala, Ağdam və Şuşada müəllimlik kursları açıldı.

Onun sözlərinə görə, AXC hökumətinin dil sahəsindəki növbəti tədbiri dövlət dilinin orduda tətbiqi ilə əlaqədar idi. 1918-ci il dekabrın 25-də artilleriya generalı Səməd Mehmandarov hərbi nazir təyin olundu və onun dekabrın 27-də imzaladığı ilk əmr orduda dövlət dilinin tənzimlənməsinə aid idi. AXC-nin hərbi naziri orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında belə bir tələb qoyurdu ki, bir ay müddətində heç olmasa komanda sözlərinin ana dilində qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Əsgərlərlə ünsiyyətin, təlimin ana dilində aparılması, heç şübhəsiz ki, şəxsi heyəti əsgəri xidmətə daha yaxından bağlayır, onların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərirdi.

“1919-cu il fevralın 11-də isə Azərbaycan Milli Ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərarlar qəbul edilib. Bundan əlavə, 1919-cu il martın 21-də AXC Nazirlər Şurasının qərarı ilə ərəb əlifbası islahatı üzrə komissiya yaradılıb. AXC parlamentinin 1919-cu il avqustun 21-də keçirilən iclasında Bakı Universitetinin açılması ilə bağlı çıxışlarda dil məsələsinə xüsusi önəm verilib. Universitetin ilk nizamnaməsində yazılıb ki, dərslər bütün fakültələrdə Azərbaycan dilində keçirilməlidir. AXC hökumətinin vacib tədbirlərindən biri milliləşmiş və milli olmayan orta məktəblərdə Azərbaycan tarixi və ədəbiyyatının tədrisi məsələsi idi. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyasının xətti ilə 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Rəhbər cəbr dərslikləri” nəşr olundu”, - deyə alim fikrini yekunlaşdırıb.

banner

Oxşar Xəbərlər