• çərşənbə, 04 Dekabr, 04:47
  • Baku Bakı 6°C

COP29-da Parlament Görüşü 

17.11.24 00:19 1084
COP29-da Parlament Görüşü 

Tədbirə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyəti, 330-dək iştirakçı qatılıb. Onların arasında 12 spiker və vitse-spiker də var. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində noyabrın 16-da Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib.

66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edib.

"Bizim az vaxtımız var"

Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, cəmi 11 ay ərzində Azərbaycan COP29-a hazırlıqla bağlı böyük işlər görüb: "Təəssüf ki, bu hazırlıqlar zamanı ölkəmiz bəzi dövlətlər və media platformaları tərəfindən qərəzli və əsassız ittihamlarla, ikili standartlarla, dezinformasiya kampaniyaları ilə üzləşib. Bu fəaliyyətlərdə az sayda milli parlamentlər və parlamentlərarası təşkilatlar da rol oynayıblar. Bəziləri ümumi çağırışlar qarşısında dialoqun gücünü unudurlar".

S.Qafarova bildirib ki, bu xoşagəlməz hallara baxmayaraq, COP29 uğurla başlayıb və bütün maraqlı tərəflərin cəlbi ilə işini davam etdirir, qlobal iqlim fəaliyyətində hamını bir araya gətirir. Davam edən müzakirələr nəticəsində artıq mühüm qərarlar qəbul olunub. İqlim dəyişikliyi milli sərhədləri aşan və ümumi səylər tələb edən bəşəri problemdir. Bu prosesdə ümumi məqsəd uğrunda birliyimizi göstərməliyik. “İqlim böhranı getdikcə kəskinləşir. Kəskinləşdikcə isə onun mənfi təsirlərini aradan qaldırmaq çətinləşir. Bizim az vaxtımız var. Qanunvericiliyimizi daha da təkmilləşdirməliyik. Vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq onların narahatlığını anlamağa kömək edəcək”, - deyə S.Qafarova qeyd edib.

"Daim çalışırıq ki, beynəlxalq dialoqu gücləndirək"

Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson isə çıxışında Azərbaycana təşəkkür edib: "Biz parlament üzvləri olaraq Bakı şəhərinin COP29-a gözəl ev sahibliyi üçün təşəkkür edirik. Bu, qlobal əməkdaşlıq üçün gözəl imkan yaradır. Biz burada inklüzivlik və tərəfdaşlıq ruhunda iqlim böhranının öhdəsindən gəlməliyik. Daim çalışırıq ki, beynəlxalq dialoqu gücləndirək, insan hüquqlarını gündəmə gətirək, daha ədalətli dünya quraq".

 T.Aksonun sözlərinə görə, iqlim dəyişikliyi həyatımızın bütün aspektlərinə təsir göstərir. "Biz çalışmalıyıq ki, planetimizi qoruyaraq gələcək nəslə çatdıraq. Son illərdə dünyada bir çox aşırı hava şəraitləri yaşanıb. İqlim dəyişməsi məsələsi doğrudan da böhran vəziyyətinə gəlib çatıb. Dünyanın müxtəlif regionlarında meşə yanğınları, infrastrukturun dağıdılması, təbii fəlakətlər baş verib və nəticədə 30 milyona yaxın insan məcburi köçkünə çevrilib”, - deyə T. Akson qeyd edib.

"Bütün ölkələrin parlamentlərinin arzularını nəzərə almalıyıq"

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva da Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini deyib: “Burada olan bütün təşəbbüsləri dəstəkləyirəm. Metan emissiyalarının azaldılmasını, təmiz karbohidrogendən istifadəni olduqca əhəmiyyətli hesab edirəm”.

T.Narbayeva bildirib ki, parlamentlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Miqrasiya, ərzaq təhlükəsizliyi kimi məsələlər çox önəmlidir. İqlim dəyişmələrinin aradan qaldırılmasında maliyyələşdirmə də ən vacib məsələdir.

T. Narbayeva ölkəsində iqlim dəyişmələrinə qarşı həssas olan icmalar üçün həyata keçirilən işlər barədə də danışıb. Regionda dayanıqlılığın daha da möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub: “Bütün parlamentlər arasında yüksək səviyyədə əlaqələr qurulmalıdır. Dünyada ətraf mühit problemlərinin pisləşdiyi bir vaxtda parlamentlərin rolu getdikcə artmalıdır. Biz parlamentlər olaraq geniş müzakirələr açmalıyıq. Eyni zamanda, bütün ölkələrin parlamentlərinin arzularını nəzərə almalıyıq”.

"Dünyanın gözü COP29-dadır"

Albaniya parlamentinin sədri Elisa Spiropali bildirib ki, dünyanın gözü Azərbaycanda, COP29-dadır. Burada parlament səviyyəsində də COP29-a töhfə verməyə çalışırıq. "İstəyirik ki, iqlimlə bağlı problemlər gələcəkdə insanların həyatına mənfi təsir etməsin. Bu proses get-gedə böyük miqyas alır. Bu da bizdən daha operativ cavab tədbirləri görməyi tələb edir. Buna görə də bu sahəyə maliyyə ayrılmalıdır. Beynəlxalq əməkdaşlıq platforması daha da gücləndirilməlidir. Biz bilirik ki, bu vəziyyətlə bağlı müzakirələr aparılır, amma heç də praktiki olaraq işlər ortaya qoyulmur. Biz real işlər görməliyik", - deyə o diqqətə çatdırıb.
Qeyd edək ki, görüş noyabrın 17-də yekunlaşacaq.

 

banner

Oxşar Xəbərlər