• cümə, 29 Mart, 09:58
  • Baku Bakı 5°C

Cinayətkar olmamaq üçün etməli olduqlarımız

17.12.22 03:30 1446
Cinayətkar olmamaq üçün etməli olduqlarımız

Öncədən bu tipli situasiyalara hazır olmaq daha uyğun variant olaraq göstərilir. Xəyalımızda o yolu keçməli və sonunu bilməliyik. Sonra onlardan hər biri qarşımıza çıxanda artıq bizim cavabımız olur. Buna dəyərmi, yoxsa yox?

“Qonşusunu söyüşə görə öldürdü”, “Təhqirə görə tanışını qətlə yetirdi”, “Toyda musiqisini kəsən adamı bıçaqladı”, “Tik-Tok”dakı rəyə görə adam öldürdü” və s. tipli xəbərləri tez-tez görürük. Çox insan bu tipli xəbərləri alanda “Kaş səbirli olardı, etməzdi” deyir. Bu fikirləri biz təbii ki, soyuq başla deyirik. Bəlkə də bu cinayəti törədənlər də başqaları üçün nə vaxtsa bunu deyiblər, ancaq xoşagəlməz situasiya yarananda, dediklərini tətbiq etməyi bacarmayıblar. Yəni əsas olan həmin an özümüzü necə idarə etməyimizdir. Bəs həmin situasiyada özümüzü necə idarə edək ki, cinayət törətməyək?

“Xəyalımızda o yolu keçməliyik”

“Azvision.az”ın baş redaktoru Vüsal Məmmədov deyir ki, hər kəs bu kimi situasiyalarla qarşılaşa biləcəyini bilməli və necə reaksiya verməklə bağlı beynində bir modelləşdirmə olmalıdır: “Qəfil söyüşlə üzləşə bilərsən, mağazada kimsə sənin növbənə girəcək, yaxud avtomobil idarə edəndə səni çox əsəbiləşdirəcək siqnal verə bilər və s. Bu cür məişət konfliktlərinin hər birində vəziyyətin nəzarətdən çıxma ehtimalı var. Sadəcə, insan əvvəlcədən özü üçün bu situasiyanı modelləşdirməlidir. Düşün ki, məsələn, nə vaxtsa biri sənin ailəni söyə bilər. Mən o cür biri üçün azadlığımı qurban verməyə hazıram? Ən yuxarı həddi nəzərdə tutmalısan. Ani qərarlarla bağlı öncədən beynimizdə modelləşdirilmiş vəziyyət olmalıdır. Ailədaxili qısqanclıqdan tutmuş dostlarınla davalara, yolda və s. yerlərdə üzləşə biləcəyimiz potensial münaqişəli hansı situasiyalar varsa, hamısının öncədən ssenarisini cızmalı, götür-qoy etməliyik. Xəyalımızda o yolu keçməli və sonun nə olacağını bilməliyik. Sonra onlardan hər biri qarşımıza çıxanda artıq bizim cavabımız olur. Dəyərmi, yoxsa yox?”

V.Məmmədov özünün bu qayda ilə yaşadığını bildirdi: “Bu situasiyaları öncədən düşünmüşəm və qənaətim odur ki, ailəmi təhqir edən biri üçün cinayət törətməyim 7-8 il həbsxanaya düşməyim və ailəmin başçısız qalması ilə nəticələnək. Qərarım o olub ki, dəyməz”.

“İnsan öldürməyin pis, yoxsa yaxşı iş olması ilə bağlı məşhur bir fikir var. Mahiyyəti budur ki, kimisə öldürəndə, ani baş verir. Amma həmin ana qədər insanın aylarla, illərlə vaxtı olub ki, qətl törətməyin yaxşı, yoxsa pis iş olduğunu düşünsün, götür-qoy etsin. O vaxtımız var və fikirləşmək lazımdır”, – deyə V.Məmmədov qeyd etdi.

“Sözün qarşılığı söz olmalıdır”

Şair Qulu Ağsəs isə sözün qarşılığının söz olduğunu düşünür: “Bu, bir çox ölkələrdə, Avropada müzakirə mövzusu deyil. Çünki təhqir olunurlarsa, silaha əl atmırlar. Avropalı təhqir olunanda, ürəyinin bir tərəfində sevinir də. Çünki qarşı tərəfi məhkəməyə verir, yaxşı da pul alır. Ən pis halda söyüşə söyüşlə cavab verirlər. Bir nəfər dodağını tərpədib onu söyürsə, qarşı tərəf də eyni şəkildə dodağını tərpədib söyür. Avropada sözün qarşılığı sözdür. Təəssüf ki müsəlman şərqində sözün qarşılığında cinayət halları çoxdur. Çağdaş Azərbaycanı müsəlman şərqi ilə müqayisə etmək ədalətsizlik olar. Çünki Azərbaycan Asiyadan çox Avropanın bir parçasıdır. Amma genetika öz sözünü deyir. Sosial şəbəkədə müzakirə gedir, kimsə fərqli münasibət bildirirsə, ona bıçaq şəkli göndərirlər, görüşüb söhbəti çürütməyə çağırırlar. Halbuki sosial şəbəkələrdə meydan verilib ki, fikrini sözlə ifadə edəsən, müzakirə aparasan”.

Q.Ağsəs bildirir ki, biz sivilizasiyanın bir hissəsi olduğumuzu unutmamalıyıq: “Biz bu gün vəhşi təbiətin yox, sivilizasiyanın bir hissəsiyik. Zorakılığın qarşılığı zorakılıqla verilməməlidir. Bundan ötrü bəşəriyyət uzun yol keçib və qanuni yol tapılıb. Bundan yaxşısını bəşəriyyət ixtira etməyib. Söyüblərsə, məhkəməyə gedirsən. Getmək istəmirsənsə, sən də eyni şəkildə cavab verirsən”.

“Anan-bacın daha çox əziyyət çəkir”

Vəkil İlhamə Həsənova isə deyir ki, yüzlərlə cinayət hadisəsi anlıq emosiyaların təsiri altında baş verir. Bu cür hallarda cinayətkar olmamaq üçün özümüzə səbirli, dözümlü olmağı aşılamalıyıq: “Ani emosiyalarla bunu edənlər sonra mütləq peşman olurlar. Necə ki kənardan baxanlar “Gərək etməzdi” deyirlər, onlar da bu fikrə gəlirlər. Amma iş işdən keçdikdən sonra. Səbirsiz olmaları, ani emosiyaların, əsəbin təsiri altında hərəkət etmələri pis nəticələrə gətirib çıxarır. O an emosiyalarını idarə edə bilsələr, o cinayəti törətməzlər. Səbirli, dözümlü olmağı özümüzə öyrətməli, qarşımızdakının səviyyəsinə düşməməliyik”.

İ.Həsənova oğluna və tələbələrinə verdiyi məsləhəti də bölüşdü: “Deyirəm ki, bəzən “O, anama, bacıma söydü, onu öldürüm” kimi yanaşırlar. Amma sizin cinayət törədib həbsə düşməyiniz nəticəsində ana-bacınız daha çox əziyyət çəkəcək, daha çox təhqir olunacaq durumla qarşılaşacaqlar. Bunları göz önünə gətirə-gətirə düşünmək lazımdır. Onsuz mədəniyyətsiz adamı döyməklə, öldürməklə tərbiyə edə bilməyəcəksən. Ziyanı özünə vurursan”.

“Hətta söz deməyi belə təxirə salmaq lazımdır”

Psixiatr Orxan Fərəcli isə bildirdi ki, mentalitetlərə, yetişmə tərzinə, intellektual səviyyəyə, həyata baxış tərzinə və şəxsin özünə görə bu sualın cavabı dəyişir: “Birmənalı cavab vermək çətindir. İnsanların buna əvvəldən hazırlanması ən yaxşı yoldur. Belə situasiya olsa, mən necə davranacam? İnsan bu sual ətrafında düşünməli və bu gün cavab tapmalıdır. Ən çox tövsiyə olunan odur ki, o an üçün xüsusi qərar vermək, hərəkət etmək, hətta söz deməyi belə təxirə salmaq lazımdır. Bunun alınmadığı situasiyalar ola bilər, amma alınan məqamlar da olur. O an üçün düşünməyə çalışmaq lazımdır. Düşünüb soyuqqanlı şəkildə qərar vermək. Əgər insan düşünürsə, çox zaman qərarı bunu etməmək olacaq”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər