• cümə, 10 Yanvar, 02:34
  • Baku Bakı 6°C

Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır

17.12.22 13:30 769
Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır

Dekabrın 17-si Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev 2005-ci il dekabrın 17-də Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Prezidentimizin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddətdə nazirliyin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatların uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.

Son illər Azərbaycanın sürətli tərəqqisi nəticəsində ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb. Azərbaycanın hərbi qüdrəti durmadan artıb. Son dövrdə respublikamızda müdafiə sənayesi sahəsi də uğurla inkişaf edib. Hazırlanan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində MSN-də 17 il ərzində mühüm uğurlar əldə olunub. Ordu quruculuğu sahəsində də islahatlar aparılıb, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və bu işlər indi də davam etdirilir. Ordunun silah–sursat və digər müdafiə təyinatlı məmulatlarla təchiz edilməsində dövlətimizin başçısının müvafiq Sərəncamı ilə yaradılan nazirlik layiqli yerini tutmaqdadır.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərdən sonra ilk dəfə keçirilən “ADEX” sərgisi

Qısa müddətdə MSN tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirməklə yanaşı, böyük təcrübə toplayaraq Azərbaycanda “ADEX” adı altında beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin təşkilatçısına çevrilib. Bu il sentyabrın 6-8-də Bakıda IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri keçirilib. Bakı Ekspo Mərkəzində keçirilmiş sərgilərdə dünyanın 30-a yaxın ölkəsindən 200-dən çox şirkət iştirak edib. Müasir silah və texnikanın nümayiş olunduğu bu genişmiqyaslı tədbirin xüsusi əhəmiyyəti ondan ibarət olub ki, o, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil edilib. Qürurverici hal odur ki, sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş olunub. Burada ümumilikdə 1000-dən artıq silah-sursat istehsal edən MSN-in birlik və müəssisələrinin 179 adda məhsulu sərgilənib.

Bu möhtəşəm “ADEX-2022” sərgisinin ekspozisiyalarında 2 mindən çox silah-sursat və hərbi texnika, o cümlədən təyyarə və aviasiya sistemləri, hərbi donanma gəmiləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron və pilotsuz sistemlər, optik-elektron avadanlıqlar, hərbi geyim və avadanlıqlar, silah-sursat, simulyatorlar və bir çox digər eksponatlar hərbi təşkilatlar, müəssisələr və sair sektorlar təmsil olunub.

“ADEX”lə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirilən 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçirilib.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendlərində yerli hərbi təyinatlı məhsullar sərgilənib

Azərbaycan MSN-in stendlərində yerli istehsal olan ən son silah və hərbi texnika sərgilənib. Sərginin açıq sahəsində hərbi maşınlar, pilotsuz uçuş aparatları, hava hücumuna qarşı sistemlər təqdim edilib.

Milli Təhlükəsizlik Qüvvələrinin ehtiyaclarını ödəmək üçün müdafiə təyinatlı məmulatların, döyüş sursatlarının, zirehli hərbi texnikanın və digər vasitələrin istehsalı, idxalı və ixracına cavabdeh olan Azərbaycan MSN-in pavilyonlarında son illərdə ölkəmizdə istehsal edilən yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Döyüş kəşfiyyat texnikası, çoxməqsədli, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları, müxtəlif çaplı atıcı silahlar və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasında yer alıb. MSN-in Milli Aerokosmik Agentliyi müdafiə təyinatlı məmulatların - pilotsuz uçuş aparatlarının, kəşfiyyat-patrul maşınlarının, döyüş modullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlənilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi, seriyalı istehsalın təşkili və ixracı istiqamətində fəaliyyət göstərir. Sərgidə nazirliyin “AZAD Sistemlər” müəssisəsinin istehsal etdiyi hərbi texnika nümayiş olunub.

Sərgini Prezident İlham Əliyevin ziyarət etməsi ADEX-in inkişafına xüsusi təkan verib. Dövlət başçısı xarici ölkələrin bütün əsas stendlərinə, eləcə də yerli ekspozisiyalara baş çəkib, müasir silahların və hərbi-texniki təchizatın Azərbaycanın müdafiə qabiliyyəti üçün əhəmiyyətini qeyd edib. Builki sərgi də son illərin dinamik inkişafını özündə əks etdirən milli müdafiə sənayesinin nailiyyətlərini nümayiş etdirməklə yanaşı, yeni məhsul və texnologiyalarla tanışlıq, eyni zamanda, səmərəli işgüzar əlaqələrin qurulması istiqamətində geniş imkanlar yaradıb.

Vətən müharibəsindəki Qələbəmizdə MSN-in istehsalı olan müasir silah-sursat, pilotsuz uçuş aparatları mühüm rol oynadı

Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Azərbaycanın müdafiə sənayesi məhsullarının böyük sınağı otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda aparılan Vətən müharibəsi oldu. Bu haqq savaşında MSN-in istehsalı olan müasir silah-sursatın, pilotsuz uçuş aparatlarının uğurlu tətbiqi tarixi Qələbənin qazanılmasında mühüm rol oynadı. Azərbaycan Vətən müharibəsindən qazandığı şanlı Zəfərdən sonra ilk dəfə bu il keçirilən IV ADEX sərgisində daha müasir silahlarını təqdim edib.

Sərgidə nazirliyin müəssisələrində istehsal edilən yeddi növ yeni pilotsuz uçuş aparatı nümayiş olunub. Bu pilotsuz uçuş aparatları Vətən müharibəsində özünü yüksək səviyyədə doğruldub. Kamikadze “İti qovan” məşhur pilotsuz uçuş aparatı, eləcə də “Aerostar” və “Orbiter-4” də sərgidə göstərilən məhsullar sırasında olub. MSN-in açıq havada olan ekspozisiyasında yeni “Gürzə” avtomobilləri, eləcə də modernizə olunmuş transportyor da sərgilənib.

Bütün bunlar Azərbaycanın müdafiə qabiliyyətinin inkişaf etdirmək əzmini göstərir. Prezident, Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik.

Bu ali etimaddan, diqqət və qayğıdan daha da ruhlanan nazirliyin kollektivi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikanın müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini bundan sonra da birləşdirərək Azərbaycan Ordusunu yeni növ silah, hərbi texnika və döyüş sursatları ilə təmin edəcək.

banner

Oxşar Xəbərlər