• bazar ertəsi, 30 dekabr, 18:18
  • Baku Bakı 6°C

Bir zarafata görə başı bəlalar çəkmiş aktyor - ANIM

31.08.24 04:14 7786
Bir zarafata görə başı bəlalar çəkmiş aktyor - ANIM

Kino və teatr aktyoru Fazil Salayev cəmi 46 il yaşasa da oynadığı rolları, dərin yumor hissi ilə tamaşaçıların yaddaşında əbədi qalıb. İllər keçsə də, onun yaratdığı rollara və filmlərə maraq itməyib.

“Fazil Salayevin təkcə Mirmahmud Kazımovskinin “Molla Cəbi” vodevilində oynadığı Əlican rolu kifayətdir ki, bir aktyor kimi haqqında fikir bildirəsən. Aktyorun “Molla əmi...” ifadəsi bu gün də dillər əzbəridir....” 

Kino və teatr aktyoru Fazil Salayev cəmi 46 il yaşasa da oynadığı rolları, dərin yumor hissi ilə tamaşaçıların yaddaşında əbədi qalıb. İllər keçsə də, onun yaratdığı rollara və filmlərə maraq itməyib.

Sentyabrın 1-i – Fazil Salayevin doğum günü ərəfəsində mərhum aktyoru sənət yoldaşları ilə andıq:

Fazilin oyunları

“Fazil Salayev rejissor Tofiq Kazımovun tələbəsi olub”, - deyə qocaman aktyor Rafiq Əzimov xatırlayır: “Onun yaxşı rəssamlıq qabiliyyəti də vardı. Hətta vaxtilə məktəbdə rəssamlıqdan dərs demişdi. Gözəl musiqi qabiliyyətinə də malik idi. Eşitdiyimə görə, sirkdə işləyən vaxtları da olub. Fazilin piano arxasında xalq mahnılarımızı məharətlə ifa etməsi adamı heyran edirdi. “Azdrama”da bir çox tamaşada mənimlə tərəf-müqabil olub. Onun epizodik rolları da yaddaqalan idi. Böyük istedada malik bir insan, təbii, məzəli, ürəkaçan adam idi. Onunla gecə-gündüz söhbət etsəydin yenə də yumorundan yorulmazdın”.  R.Əzimov sənət yoldaşının başına gələn hadisələrdən danışır: “Biz sovet dövründə festivallara hazırlaşırdıq. Fazil bolqar dramaturqu Kostovun “Falçı” əsərində maraqlı bir epizodda oynadı. Buna görə onun başına xoşagəlməz hadisə də gəldi. Məşq dövründə rolu ilə əlaqədar yoxlama gəldi.

“Siyasətlə məşğul olanlar kimlərdir?”- deyə aktyorların evlərində və ciblərində axtarış aparırdılar. Məşq vaxtı Fazilin cibindən rekvizitdən aldığı bir qəzet parçası çıxdı. Qəzetin bir hissəsi tamaşaçı salonu tərəfə düşür. Aktyor “Bu fırıldaqçıları deyirsiniz?”- deyə soruşur. Sən demə, qəzetin digər üzündə Leninin şəkli varmış. Bu hadisə dildən-dilə düşür. Həmin qəzet parçası onun başına bəla gətirir. Fazilin məsələsini iclasa qoyurlar. Teatrda onun işdən qovulması məsələsini qaldırırlar. Onda mən Tofiq Kazımovun yanına gedib “Fazil sizin tələbəniz olub. Ona dəstək olun”, - deyə xahiş elədim. “Mən o adamlarla bacarmıram”, - deyə Tofiq Kazımov bildirdi. Fazili işdən çıxardılar. O, həmin ərəfədə məktəbdə rəsmxət müəllimi işlədi”. 

“Bütün rolları real həyat lövhələrini əks etdirirdi”

R.Əzimov həmkarını son dərəcə istedadlı aktyor kimi dəyərləndirir: “Fazil hər bir kiçik obrazında virtuoz aktyor kimi özünü sübut edirdi. O, elə oynayırdı ki, tamaşaçı uğunub gedirdi. Bütün rolları real həyat lövhələrini əks etdirirdi. Nə qədər məzəli, satirik, yumoristik səpkidə olsa da, onun ifasında əndazəni aşan şitlik, saxta gülüş yox idi. Obrazlarının hər birində Fazilin səmimiyyəti və yaradıcılıq axtarışları vardı. Fazil kinoda ilk rolunu 32 yaşında oynadı. Rejissor Həsən Seyidbəyli onu “Möcüzələr adası” filmində epizodik rola dəvət edir. Bu roldan sonra onun qarşısında sanki yeni üfüqlər açılır. Fazilin qırçı Məhəmməd, Qulaməli, çilingər, “zontik Mehdi” rolları bir-birindən maraqlı və yaddaqalan olur. Filmdən-filmə rolları dəyişirdi. “Mozalan” satirik kinojurnalında yaratdığı tipajları da çox məşhur idi. O, metroya baxmağa cəhd göstərən sərxoş obrazını necə böyük istedadla yaratmışdı...”. 

“Bizə çay gətirsə də, Fazilə çay qoymadı”

R.Əzimov deyir ki, onların evinə tez-tez qonaq gedərmişlər: “Fazilgilin evləri teatrın yanında idi. Bir gün yenə işdən gec çıxmışdıq. Ehtiyat edir ki, həyat yoldaşı Fəridə xanım yenə gileylənməyə başlayacaq. Mən və Hamlet Xanızadə də onunla birlikdə evlərinə gəldik. Həyat yoldaşı bizi xoş qarşıladı. Bizə çay gətirsə də, Fazilə çay qoymadı. Biz vəziyyəti düzəltməyə çalışdıq: “Bu, aktyor həyatıdır, tamaşalar, məşqlər. Həmişə evə tez gəlmək olmur...” kimi cümlələr deməklə həyat yoldaşının könlünü almağa çalışdıq. Fazil isə piano arxasına keçib virtuoz çalğısı ilə həyat yoldaşının könlünü almağı bacardı”. 

Fazil harada vardısa...

Rejissor Əbdül Mahmudov da Fazil Salayevin peşəkar musiqiçi və rəssam olduğunu xatrladır: “O, Asəf Zeynallı adına Musiqi Məktəbini, Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdi. Daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsini qurtarmışdı. Tanrının ona verdiyi böyük istedada baxmayaraq təvazökar idi. Bir məclisə gələndə keçib arxada oturardı. Heç vaxt özü haqqında danışmazdı. Piano arxasına keçib qədim musiqilərimizi ifa etməsini görərdiniz! Onda gözəl kompozisiya duyumu vardı”. Rejissor mərhum aktyorun rəssamlıq istedadından danışır: “Nəsimi” filminin Naxçıvanda, Əlincədə çəkilişləri gedirdi. Təsəvvür edin: isti hava, ağır geyimlər, çətin şərait... Fazil bütün bunlara baxmayaraq əhvalını pozmurdu. Yanında gəzdirdiyi dəftərdə gördüyü şeylərin cizgilərini çəkirdi. Hamıya da “canik” deyirdi. Bir gün mənə yaxınlaşdı: “Sən dərviş geyimində, qayanın dibində oturmuşdun. Axşam qürub çağı idi. Əlincə qalasının fonunda sənin cizgilərini çəkdim”, -dedi. Onun işinə heyran oldum. Möhtəşəm rəsm alınmışdı. Mən o günə qədər Fazilin rəssam olduğunu bilmirdim. Həmin bloknotu mənə bağışladı. Təəssüflənirəm ki, o rəsmi Fazilin əl işi kimi qoruya bilmədim, itirdim”. 

Ə.Mahmudov həmkarının təkrarolunmaz aktyor olduğunu deyir: “Fazil son dərəcə istedadlı aktyor idi. Onun bir kəlməlik sözündə də böyük aktyor oyunu vardı. Fazil harada vardısa orada təkrarolunmaz bir yenilik vardı. Həyatda da çox maraqlı adam idi. Son illər bir az içkiyə meyilli idi. Ancaq kimdənsə nəsə ummazdı”. Ə.Mahmudov mərhum aktyorun sağlığında layiqli dəyərini almadığını da təəssüflə deyir: “Mən üç sənətkarı - Səməndər Rzayevi, Ceyhun Mirzəyevi və Fazil Salayevi bir-birindən ayırmıram. Bu üç sənətkarın heç biri sağlıqlarında haqlarını almadılar. Heç olmasa indi versinlər...”

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər