Bir gəncin “İlk addım”ı

Və
ya "mat”ı eşidənlərdən yox, deyənlərdən
olasınız
"İlk
addım”. Bir necə aydır ki, bu kitab yazı masamın üstündədir. Doğrusunu deyim
ki, əvvəl, sadəcə vərəqlədim. Amma sonra söz aləmində ilk addımlarını atan bir
gəncin bir az kövrək, bir az da ürkək söz dünyası, məni bu kitabı oxumağa vadar
etdi (etiraf edək ki, bugünkü oxucunu həvəsləndirmək, maraqlandırmaq çox çətindir).
Oxudum və sevindim. Sevindim ki, "İlk addım”ın işıq üzü görməsində az da olsa,
mənim də payım var. Çünki onun müəllifi tələbəm (artıq həmkarım da deyə bilərəm)
Kənan Novruzovdur. O, Kənan ki, gözünü açandan, ağlı kəsəndən yazı-pozu aləminə
düşüb və qələmə bağlılıq da ona irsən keçib. Babaları - filoloq Ramiz Novruzov
və Əməkdar jurnalist, "Xalq qəzeti”nin əməkdaşı, jurnalistika aləmində öz sözü
olan Oqtay Bayramov Kənanın qəlbində kiçik yaşlarından söz dünyasına maraq
oyadıblar. Bu maraq ona "mənəvi güc və məsuliyyət” verərək söz aləminə gətirib.
Kənan hələ orta məktəbdə oxuyarkən (Nizami rayon 70 saylı lisey) "məqalə
yazmaq” fikrinə düşüb və istəyini də ilk olaraq babalarına bildirib.
Jurnalistika aləminin, janr müxtəlifliyinin, söz dünyasının məsuliyyətini hələ
o qədər də dərk etməyən Kənan, ailədə, məktəbdə, küçədə gördüklərini öz
dünyasına və düşüncəsinə uyğun "yazmağa” başlayıb. Xoşbəxtlikdən yazı-pozuya
olan sevgisi ötəri olmayıb, onu bu sirli-sehrli dünyaya daha çox bağlayıb. Bu
bağlılıq onu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə gətirib.
Əslində Kənan çoxlarından fərqli olaraq, bu fakültəyə diplom xətrinə yox, bu
peşəni sevib, seçib gəlib. Ona görə də, birinci kursdan yalnız dərsləri mükəmməl
şəkildə mənimsəməyi ilə fərqlənmədi, həm də dövrü mətbuatda müxtəlif mövzularda
çap olunan məqalələri ilə diqqəti özünə cəlb etdi və ikinci kursun sonlarında
"İlk addım”ını ərsəyə gətirdi.
2018-ci ildə
"Ecoprint” nəşriyyatında işıq üzü görən kitabın redaktoru və ön sözünün müəllifi
dosent Mahmud Mahmudovdur. Mahmud müəllim ön sözündə fəxrlə yazır ki, Kənanın
müraciət etdiyi mövzuların əksəriyyəti bizi düşünməyə, nəticə çıxarmağa və daha
nəcib ideallar uğrunda mübarizə aparmağa səsləyir. "İlk addım” Kənanın söz aləmində
ilk addımları olmasına baxmayaraq hiss olunur ki, o, üzərinə düşən məsuliyyəti
dərk edərək müraciət etdiyi mövzulara həssaslıqla yanaşıb, bəzən sadə görünən
mövzuların "görünməyən tərəfini” də aça bilib. Burada tənqid də var, yumor da,
istehza da. "İlk addım”ı oxuduqca aydın olur ki, Kənanın geniş mütaliəyə dairəsi
var. "Martin İden-yazıçı olmaq istəyən dənizçi”, "Azərbaycandan görünən Avropa
və ya mübarizədən kənar inkişaf”, "Sadəcə anı yaşayın” esseləri buna bir daha
sübutdur. Sadə, aydın, axıcı bir dillə oxucusunun qəlbini fəth etməyə can atan
müəllif ,nisbətən buna nail də olub. Ona görə, onun yazılarını oxuduqca
yorulmursan, bezmirsən. Heç də təsadüfü deyil ki, professor Cahangir Məmmədli Kənanı
fakültəmizin "ən yaxşı yazarı” adlandırır. Və bu yaxşı yazar maraqlı, yığcam məqalələri,
esseləri ilə oxucusunu onu oxumağa vadar edə bilir.
Özünə "mən
niyə yazıram?” sualını ünvanlayan müəllif dərhal belə bir cavab verir: "Hansısa
daxili bir tələbat məni daha çox yazmağa sövq edir və eyni zamanda yazmaqdan
zövq alıram, mənəvi dinclik, daxili rahatlıq tapıram”.
Kənan sözə üz tutaraq, onunla daxili təlatümünü,
sevincini bölüşür. Öz dili ilə desək, qayğılı anlarında dərdləşməyə adam
tapmayanda keçirdiyi hissləri qələmi, sözü ilə bölüşür...
"İlk
addım”da toplanan məqalələrin mövzuları müxtəlif olsa da, janr baxımından əsasən
esse və bədii-publisistik məqalələrdir. Bildiyimiz kimi, bu gün mətbuatımızda esse
daha çox müraciət olunan janrdır və özünə möhkəm yer də tutub. Kənanın da
kitabında toplanmış esse və məqalələr mövzu və məzmun etibarilə müxtəlif, məqsəd
və vəzifə baxımından eynidir. Hər biri yüksək vətənpərvərlik, haqqa ədalətə sədaqət,
dözümlü, dəyanətli, mübariz olmaq kimi ali hissləri aşılamaqla yanaşı, gəncləri
sağlam düşünməyə sövq edir. Ona görə də, müəllif onu düşündürən, valeh edən
ayrı-ayrı mövzulara dəfələrlə müraciət edərək, onların hər biri üçün yeni təsvir
və ifadə vasitələri tapır, eyni mövzuda fikir və düşüncələrini müxtəlif şəkildə
fərqləndirməyi bacarır. "Möcüzələr”, "Şəfəq Günəşə çevrilirmi?”, "Günəşə həsrət
qalmaq kimi bir şey”, "Həyatın ən gözəl anında məhv olmaq” sərlövhəli qələm məhsulları
buna bir nümunədir.
"Şahmat həyatın özüdür” essesində müəllif oxucusuna "mat”ı eşidənlərdən
yox, deyənlərdən olasınız” arzusu ilə onu düşünməyə vadar edir: "Şahmatda nə
olursa, həyatda da olur - qələbə, məğlubiyyət, sevinc, məyusluq, mübarizə. Amma
şahmatda uduzmaq olar. O şərtlə ki, səhvlərdən dərs çıxarıb həyatda qalib gələsən...”.
Və yaxud "Həyati səhv”lərə yol verməyin” deyən müəllif, oxucusunu hər an
yaxşı-yaxşı düşünməyə, daşınmağa, həyati səhvlərə yol verməməyə cağırır.
20 yanvar faciəsini "faciəli qələbə” adlandıran Kənan,
xalqımızın azadlığa, mübarizəyə gedən yolunu 20 yanvardan keçdiyini qürurla
qeyd edir. "Bu gün, həm də Azərbaycanın istiqlaliyyət yoluna-ocağına lazım olan
sonuncu közü saldı. Artıq başa düşdük ki mübarizə aparmaq hürriyyət qazanmaq
lazımdır... Və nə yaxşı bunu bacardıq...”. Bu yolun Qarabağ müharibəsindən
başladığına işarə edən Kənan, bunun uğrunda qurban gedən yüzlərlə Vətən
oğullarından söz açır. Milli Qəhrəman Çingiz Mustafayev haqqında yazdığı məqalənin
hər sözündə, hər sətrində müəllifin ürəyinin çırpıntısı açıq-aydın hiss olunur.
"Çingiz elə yaşadı ki, öləndən sonra da ölmədi...” deyən müəllif, onun Vətən
sevgisindən qürurla bəhs edir.
Dahi N.Gəncəvi "ürəkdən gələn söz həmişə ürəklərə yol tapar” deyib. "İlk
addım”ı oxuduqca hiss olunur ki, Kənan da hər sözə sevgi sayğı ilə yanaşaraq, qəlbinin hərarətini verib. Elə ona görə də,
"ağla və qələbə işıq saçan, ədəb, zəka aydınlığını bəzəyən” bu söz dünyasında hər
oxucunun öz söz payı var. Hörmətli oxucu, söz payına sahib çıxmağa tələs!
Nobel mükafatçısı Qabriel Qarsia Markes yazırdı: "Yazdığım hər bir sözlə
döyüşürəm, lakin təəssüf ki, bu döyüşlərdə çox vaxt SÖZ qalib çıxır”. Kənan, sənin
də söz dünyanda qalibiyyət hər an nəsibin olsun, sözlərin könüllərə sevinc,
düşüncələrə nur bəxş etsin!
Qərənfil
Dünyaminqızı,
Əməkdar
jurnalist
