• cümə, 19 Aprel, 05:09
  • Baku Bakı 18°C

Bank sektorunda labüd olan dəyişikliklər 

23.04.22 09:45 715
Bank sektorunda labüd olan dəyişikliklər 

Ekspertlər deyirlər ki, bank sektorunda geniş islahat aparılmalıdır. Kapital bazarı inkişaf etdirilməli, qanunvericilik bazası hazırlanmalı, idarəetmə sistemi dəyişməli, Mərkəzi Bankda təkhakimiyyətlilik sona çatmalıdır.  

Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri vəzifəsinə Taleh Tahir oğlu Kazımov təyin edilib. Məlumdur ki, bu gün ölkədə mövcud bank sisteminin uğurları və uğursuzluqları Elman Rüstəmovun rəhbərlik etdiyi dövrə məxsusdur. 1995-ci ildən Mərkəzi Banka rəhbərlik edən Rüstəmov cəmiyyətin yaddaşında devalvasiyalarla yadda qalıb. Hazırda isə bank sektoruna yeni nəfəs, yeni baxış, ən əsası gənc kadr gəlib. Yeni sədr ilk olaraq hansı işləri diqqətdə saxlamalıdır? Ümumiyyətlə, Azərbaycanın bank sektorunda hazırda hansı dəyişikliklərə ehtiyac var?

“Bank məcəlləsi hazırlanmalıdır”

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Kaspi”yə açıqlamasında bildirdi ki, yeni sədrin həll etməli olduğu ilk məsələ Bank Məcəlləsinin hazırlanmasıdır: “İlk olaraq qanunvericilik bazası köklü şəkildə dəyişdirilməlidir. Prezident İlham Əliyev Bank Məcəlləsinin hazırlanması ilə bağlı 2 dəfə Mərkəzi Banka göstəriş verib. 2004 və 2014-cü illərdə Bank Məcəlləsinin hazırlanması ilə bağlı sərəncam imzalanıb. Ancaq imzalanan bu sərəncamların üstündən uzun müddət keçməsinə baxmayaraq, hələ də Məcəllə ilə bağlı hər hansı bir iş görülməyib. Yəni bank qanunvericiliyində pərakəndəlik, sistemsizlik var. Bu da həm Mərkəzi banka, həm də banklara və bank olmayan kredit təşkilatlarına səlahiyyətlərindən sui-istifadəyə imkan verir. Nəticədə də maliyyə xidmətlərinin istehlakçıları əziyyət çəkir. Bu, nə günün tələbinə, nə də qabaqcıl xarici təcrübəyə adekvatdır”.

“İdarəetmə sistemi dəyişdirilməlidir”

Mütəxəssis vurğulayır ki, bankın dəyişmək məcburiyyətində olduğu ikinci mühüm məsələ idarəetmə sistemidir: “Mərkəzi Bankda təkhakimiyyətlilik sona çatmalıdır. Yəni hazırda Mərkəzi Bankın sədri nə deyirsə, odur. Mərkəzi Bank haqqında qanuna görə, idarə heyətində 7 üzv olmalıdır. Onun 5 nəfəri daimi işləyən, iki nəfəri isə kənar şəxslərdir. Amma o iki kənar şəxslər heç vaxt təyin olunmayıb. Ümumiyyətlə, son dövrdə dövlət şirkətlərində müşahidə şuralarının yaradılması təcrübəsi var. Eyni təcrübəni Mərkəzi Bankda da etmək olar. İctimai Şura olsun ki, nəzarət də gücləndirilsin”.

“Banklar arasında ayrı-seçkilik var”

Həmsöhbətimiz pul siyasətində də dəyişiklikləri labüd hesab edir: “Mərkəzi Bankın pul siyasətinin əsas aləti banklara verilən kreditlərdir. Orada da qeyri-şəffaflıq və banklar arasında ayrı-seçkilik var. Yəni Mərkəzi Bank bütün banklara kredit vermir. Bu da bazarda faizlərin yüksək olmasına səbəb olur, bank sahəsində inhisarçılığı artırır”.

“Kapital bazarı inkişaf etdirilməlidir”

İqtisadçı ekspert Xalid Kərimli də bizimlə söhbətində bank sektorunda aparılması vacib olan islahatlar haqqında məlumat verdi. Ekspertin vacib hesab etdiyi ilk nüans kapital bazarının inkişaf etdirilməsi layihəsidir: “Kapital bazarı həm uzunmüddətli pulun cəlbi, həm də əhalinin alternativ investisiya imkanları üçün əsas istiqamətlərdən biridir. İnsanların Qərbdə əsas investisiya istiqamətlərindən biri səhm, istiqraz bazarıdır. Azərbaycanda bu istiqamət, demək olar ki, inkişaf etməyib. Kapital bazarının inkişafı həm bizneslərin pul cəlbinə imkan yaradacaq, həm də insanların alternativ investisiya istiqaməti olacaq”.

“Manat dollara “mismarlanıb”

İqtisadçı deyir ki, Mərkəzi Bank, demək olar ki, bu dövrdə manatın stabilliyini yarada bilməyib: “Əslində, Azərbaycan valyutası sabit rejimdə deyil. Bu, heç “üzən” rejim də hesab olunmur. Hazırda manat dollara fiksə edilmiş rejimdədir, termin olaraq buna “hard peg” deyirlər. Yəni valyuta konkret olaraq digər valyutaya mismarlanır. Manat üçün bu valyuta ABŞ dollarıdır. Beləliklə, dollar bahalaşanda bizim valyuta bahalaşır, ucuzlaşanda ucuzlaşır. Məsələn, 2021-ci ilin mart ayından dollar bahalaşmağa başladı. Beləliklə, bizim valyuta da avro və ya funt sterlinqə nisbətdə bahalaşdı. Dolların da qiyməti ənənəvi olaraq neftin qiyməti ilə əks istiqamətdə hərəkət edir. Dollar bahalaşanda neft ucuzlaşır, yaxud əksinə. Mərkəzi Bank faktiki olaraq bu dövrdə özünün müstəqil, sərbəst siyasətini formalaşdıra bilməyib. Bunun obyektiv səbəbi var. Amma nəticə ondan ibarətdir ki, Mərkəzi Bank burada uğurlu ola bilməyib. Bankların fəaliyyəti üzərində nəzarətin təkmilləşdirilməsi, pulun ucuzlaşdırılması və riskin aşağı salınması ilə bağlı addımlar atmalıdır”.

“Bazarda rəqabət şərtləri artsın”

Mütəxəssis hesab edir ki, bazarda rəqabətin artırılması istiqamətində addımlar atılmalıdır: “Mərkəzi Bank uzun müddət Azərbaycan bazarına xarici investorların girişini məhdudlaşdırıb. Bu da bazarda liberallaşmanın olmasına imkan verməyib. Bunun da obyektiv əsasları var, amma yenə də bazarı açmaq, liberallaşdırmaq lazımdır ki, rəqabət şərtləri artsın”. Məlumat üçün bildirək ki, Taleh Kazımov kollektivə təqdim olunarkən hədəflərindən danışıb. O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi, ölkədə nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya qoyulan hədəfləri layiqincə yerinə yetirəcəyini bildirib.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər