• cümə, 19 Aprel, 03:53
  • Baku Bakı 18°C

Az.TV özünün doğru yolunda

29.07.15 12:57 4126
Az.TV özünün doğru yolunda
Hər şeyi doğrudan da kadrlar həll edir. Burası bir gerçəklik. Bizdəsə paradoksal sayıla biləcək başqa bir gerçəklik də mövcuddur, iş bacaran, çalışdığı idarəni, idarə rəhbərliyini, dolayısıyla xalqını yarıtmağa qadir olan kadrları bəzən qapı dalında saxlayır, qocaldır, zaman-zaman pasladıb çürüdürlər. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkəti (bugünkü Qapalı Səhmdar Cəmiyyəti) 90 illik tarixi boyu daim istedadlı kadrlarla zəngin olsa da, diletant rəhbərlərin naşılığı üzündən axsayıb, bəzən haqlı, çox vaxtsa haqsız hücumlara məruz qalıb.
Buna baxmayaraq, ilk imkan ələ düşən kimi öz işinin mahir ustası olan kadrlar - redaktorlar, rejissor, operator, montajçılar dərhal boy göstərmiş, məharətlərini sərgiləmişlər. Və beləcə Rauf Kazımovski, Ramiz Həsənoğlu, Tariyel Vəliyev, Mailə Muradxaova, Valid Sənani, Natiq Səfərov, Nazim Yüzbaşov, Mövlud Süleymanlı, Vaqif Əlixanlı, Aybəniz Məmmədəliyeva, Şəfəq Sultan Əlixanlı kimi sənətkarların yaradıcılığı parlaqlıqla üzə çıxıb, Azərbaycan efir məkanına "Ulduz", "Səadət", "Natavan", "Bulaq", "Ordan-burdan", "Ac həriflər", "Dan yeri", “Şəbəkə”, "Mövqe", "Yuva", "Çərxi-fələk", "Axşamınız xeyir" kimi parlaq sənət nümunələri ayaq açıb. Belə uğurlu işlərin sayı beşqat, onqat çox olardı, əgər kadrlara münasibətdə sadaladığım əngəllər olmasaydı.
Hazırda Teleradio Verilişləri QSC-də müstəqilliyimizin tələblərinə uyğun olaraq işə münasibət, dəyərlər göz görəsi dəyişməkdədir. Gənc, istedadlı kadrlar axtarışı inadla davam edir, bu üzdən də verilişlərin istər rejissurasında, istərsə də müəllif mətinlərinin yazı, ifadə tərzində uğurlu yeniliklər biri-birini əvəz edir. Və bütün bunlara rəvac verənsə QSC-nin rəhbəri, təyin olunduğu ilk günlərdən sağını-solunu tanımayan bəzi üzdəniraq qəzetçilərin top-tüfənglə qarşıladığı Arif Alışanovdur. Uzun illər kollektivin içərisində boya-başa çatan, demək olar ki, hamının cikinə-bikinə bələd olan, xeyirxahlıqları ilə tanınan bu adamın bircə istəyi var - teleradionu istedadlı əllərin ixtiyarına buraxmaq. Və bu istəyin işartıları tezliklə özünü göstərməyə başladı. "Xəbərlər" proqramındakı yeniliklər, müasir texnologiya sahəsindəki əsaslı dəyişikliklər, ümumiyyətlə, efir verilişlərinin ritmikasındakı müsbət keyfiyyətlər bizə nikbin olmağa əsas verir. Ən yaxşı hal budur ki, efirimizə xas olan klassik ənənələr unudulmur, teleradio janrlarına hörmətlə yanaşılır, ucuz şou-biznes "hakimiyyət" taxtına keçirilmir, bu günümüzçün vacibdən də vacib olan maarifçilik missiyası sayğıyla davam etdirilir. Hələ sədrliyə başladığı ilk günlərdə pensiya yaşı ötmüş işçilərin bir qismini böyük sayğı və təntənə ilə yola salarkən A.Alışanovun söylədikləri hamını duyğulandırmışdı. "Mən hamınızı çox sevirəm, aranızda böyümüşəm, heç nə əbədi deyil, vaxtı yetişəndə biz də çıxacağıq təqaüdə, amma gərək efirin qocalmasına, səsinin titrəməsinə razı olmayaq. Arxadan gənclik gəlir, onları qapı dalında saxlayıb qocaltmağa ixtiyarımız yoxdur. Bir də ki biz sizdən həmişəlik ayrılmırıq, kimin qələmində kəsər, canında təpər, deməyə sözü varsa buyursun, qapımız hər vaxt üzünüzə açıqdır..."
İndilər QSC-nin yaradıcı atmosferi tarixinin bəlkə də ən gərgin, bəhrəli çağlarını yaşayır. Və bu tarixi öz tərcümeyi-halına yazmaq da Arif müəllimin payına düşüb. Təqaüdçülərin yola salınması, kadr dəyişiklikləri, yeni strukturların yaradılması, əməkdaşların iş şəraitini, sosial durumunu kökündən yaxşılaşdırmaq, ən müasir avadanlıqlara, kompyuter texnologiyasına sahib olmaq, əsaslı təmir-tikinti işləri... və bütün bunlarla yanaşı efirə yeni dövrün yeni, keyfiyyətli proqramlarını çıxartmaq...
Bu yerdə keçmişə bir balaca ekskurs eləməkdən özümü saxlaya bilmirəm. Hələ 1993-cü ildə bir məqalə qələmə almışdım. "Niyə belə oldu" adlı həmin yazını o dövrün neçə qəzet redaktoru çap eləməkdən çəkindi. Nəhayət, dostum Xeyrəddin Qoca redaktoru olduğu "Yeni Azərbaycan" qəzetinin 1995-ci il 4 iyul sayında həmin məqaləni nöqtə-vergülünəcən yerli-yerində işıq üzünə çıxardı. O yazıdan bir-neçə cümləni olduğu kimi təqdim edirəm. "Hələ neçə illər bundan irəli Dövlət Teleradio Verilişləri Komitəsinin mühasibat şöbəsində xırdaca bir vəzifədə Arif Alışanov adlı bir dostumuz işləyirdi. Bir dəfə ondan soruşdum ki, ay Arif, sən bilən niyə bizim məvacibimiz bu qədər azdır? Moskvada eyni işi görən həmkarlarımız bizdən ikiqat, üçqat artıq zəhmət haqqı aldıqları halda biz niyə az alırıq, olmaya onların mədəsi bizimkindən gendir? Nə cavab versə yaxşıdır, qayıtdı ki, heç kəs bizim üstümüzdə dayanıb hökm eləmir ki, maaşı bu qədər yox, bu qədər ver camaata. Yaxud mükafatları azalt. Sadəcə, bütün bunları düzüb-qoşmağı bacaran vətəndaş maliyyəçilər lazımdır. Elə eləmək olar ki, bizim işçilər də moskvalı həmkarlarından çox məvacib alarlar. O baxır işi nə sayaq düzüb-qoşmağına, maliyyə resurslarından necə, hansı dəqiqliklə istifadə edilməyinə... Sonra da Arif özünün bildiyi iqtisadçı dilində başladı bunun yollarını mənimçün çözələməyə. Mən onda çox şeyləri dəqiqliyi ilə anlamasam da, bir şeyi başa düşdüm ki, sadəcə Moskvanınmı, ya kiminsə gözündə yerini şirin salmaq üçün bizim üzdəniraq maliyyə bosları cürbəcür əməliyyatlar aparır, bizlərin boğazından kəsməyin hesabına "ekonomiya" eləyib həm öz cibişdanlarını doldurur, həm də paytaxtın "spasibo"sunu qazanırlar. Və çox-çox illər sonra həmin Arif Alışanov irəliləyib maliyyə idarəsinin rəisi vəzifəsini tutanda doğrudan da dediklərinə əməl elədi, qısa vaxt ərzində teleradio işçilərinin məvacibini bir neçə qat artırdı, mükafatlandırma sistemində əsaslı dönüş yaratdı".
İndi həmin Arif Alışanovdur QSC-nin sədridir. Uzun illər Teleradio Verilişləri Şirkətinin ağlı-qaralı günlərindən keçə-keçə bu müəssisənin rəhbəri vəzifəsinə qədər yüksəlib. İqtisadiyyatı gözəl bildiyi kimi, ideologiyanın səmtinə-sorağına da yaxşı bələddir. Xalq Təsərrüfatı İnstitutunu bitirib, iqtisad elmləri namizədidir. Həm də jurnalist təhsili var, Avroasiya Televiziya Akademiyasının üzvü, Milli Məclisin deputatıdır. Yaxşı başa düşür ki, həyatda görüb-götürdüklərinin, bildiklərinin məntiqi sonucu efirdə səslənən, göstərilən audio-vizual proqramlar, verilişlər olacaq. Bütün bunları həyata keçirmək, Azərbaycan Teleradio məkanında tüğyan eləyən rəqabətə duruş gətirmək üçün ən müasir texnologiyaya sahib olmaqla yanaşı həm də qüdrətli kadr potensialına yiyələnmək gərəkdir. İndilər bəzilərinin səhv düşündüyü kimi Teleradio Verilişləri QSC-də durğunluq hökm sürmür, bir əsrə yaxın həyat təcrübəsi olan bu teleradio məkanı ciddi, əsaslı sıçrayışlar ərəfəsindədir, efir məkanında qazandığı təcrübəyə əsaslanaraq öhdəsinə düşən tarixi missiyanı səbirlə, peşəkarcasına həyata keçirməkdədir.
A.Alışanovun rəhbərliyi ilə ötüşən qısa zaman kəsiyində biri-birinin ardınca efir təcəssümü tapan dəyərli sənət nümunələri bir həqiqəti təsdiqləyir ki, bütün dövrlərdə, ictimai-siyasi məqamlarda maarifçilik ideyalarının təbliği, sərrast üsullarla işıqlandırılması özünü doğruldur, cəmiyyət tərəfindən sayğıyla qarşılanır. Bu yolda əlbəttə ki, QSC-də uğurlu fəaliyyəti ilə yaddaşlara yeni-yeni proqramlar həkk edən, doğma efirimizi uğurlu verilişləri ilə zənginləşdirən radiomuzun da xidmətləri ürəkaçandır. Son illər "Bulaq", "Əsgər istəyi", "Sabahınız xeyir", "Səslər muzeyi", "Şəbəkə", "Axşam görüşləri" kimi zaman-zaman ətrafına geniş dinləyici auditoriyası toplamış verilişlərin sırasına bu günlərimizdə öz sələfləriylə birgə cəsarətlə yürüyən "Elçi daşı", "Vaxtınız varsa", "Unudulanlar", "Söz dünyamız", "İlham çeşməsi", "Qum saatı", "Düşüncələr" adlı müəllif proqramları da qoşulub. Ömrümün 35 ilə yaxın dövrünü həsr etdiyim, yaşı 90-ı haqlamış qocaman radiomuz uzun illər olduğu kimi yenə hər səhər saat 6-da iş gününü başlayır və... əvvəlki illərdə olduğu kimi verilişlərini gecə saat 12-də tamamlamır, dinləyicisini bütün gün ərzində - 24 saat biri-birindən diri, maraqlı proqramlar səsləndirməklə bol nemətli süfrəsi başına dəvət edir. Burada biz kimlərlə rastlaşır, görüşür, tanış oluruq! Hələ efirimizi şux səsləri, səviyyəli aparıcılıq məharəti ilə bəzəyən müəlliflər qrupu - Rəfael Hüseynov, Şəfəq Sultan Əlixanlı, Dilşad Tahirqızı, Mahəddin Əsgər, Xalid Rəhimli, Rövşən Ramazanlı, Rübabə Səməndər, Gülbəniz Hüseynova, Sitarə İsmayılqızı kimi müəlliflərin mövzular sarıdan fərqli mətnləri, çıxışları, dəvət elədikləri qonaqlarla canlı dialoqları, əlvan musiqi parçaları...
Azərbaycan radiosunun aparıcı verilişlərindən sayılan "İrəvan çuxuru", "El havası", "Yurd yeri" verilişlərinin aparıcısı cavan qələm dostumuz Savalan Talıblıdır. Onun ilk növbədə yatımlı səsi, orijinal, ürəkdən tikan çıxaran sualları, məntiq yüklü şərhləri dinləyicini həmən özünə cəlb edə bilir. Davamlı olaraq folklor incilərimizi, sənət adamlarını, girovluqda qalan dərdli yurd yerlərimizi yada salan, işıqlandıran bu verilişlər milli-mədəni irsimizin təbliğ olunmasında önəmli rol oyanyır.
Saat 17:05. Radionun veteran proqramlarından birinin - "Əsgər istəyi"nin çağırtısı minlərlə, on minlərlə dinləyicisini qurduğu efir məclisinə dəvət edir. 1991-ci ildən başlayaraq hər bazar günü efirə çıxan bu veriliş həm vətən sınırlarını qoruyan əsgər balalarımızın, həm də onların yolunu gözləyən doğmalarının sevimli proqramlarındandır. Rəhman Quluzadəni verilişin aparıcısı təyin edərkən rəhbərlik həm də onun özünün erməni vandalizminin canlı şahidi olduğunu nəzərə almışdır. Doğrudan da əslən qarabağlı olan Rəhman bu proqramın hər sayının araya-ərsəyə gəlməsinə bütün varlığıyla qatıldı, geniş dinləyici auditoriyası qazanması üçün əlindən gələni əsirgəmədi. Bu illər ərzində uzun yollar keçdi, cəbhə boyu əsgər və zabitlərlə görüşdü, vətən oğullarının arzu-istəklərini yerinə yetirdi, onların öz doğmaları ilə efir təmasını təşkil edə bildi. Verilişin ünvanına axışan saysız-hesabsız məktublar, edilən telefon zəngləri proqrama xüsusi rövnəq verir, canlılıq yaradır. 24 ildir hər istirahət günü dinləyiciləri başına toplayan "Əsgər istəyi" əmindir ki, qələbə müjdəsini ilk olaraq xalqımız ondan eşidəcək.
Sonra üzümüzü 70 yaşlı televiziyamıza çeviririk, Teatrşünas İlham Rəhimlinin, fəlsəfə doktoru Akif Əlinin, məşhur aparıcılar Nərgiz Cəlilovanın, Nəcibə Əlixanovanın, Dilşad Tahir qızının dinləyicilərə təqdim elədikləri "Sərbəst söhbət", "Zaman və məkan", "Sevilənlər", "Ovqat" adlı populyar müəllif proqramlarından bir an belə gözümüzü ayıra bilmir, onların studiyalara dəvət elədikləri məşhur elm, sənət xadimləriylə baş tutan mükalimələri bizləri duyğulandırır.
Və beləcə, efir məkanının müdrik ağsaqqalı - Azərbaycan Teleradio Verilişləri QSC-i gündən-günə cavanlaşır, öyüdlü-örnəkli söz yiyəsi statusunu mətinliklə qoruyur, liderliyində qalır.
İntiqam Mehdizadə
banner

Oxşar Xəbərlər