• bazar ertəsi, 11 noyabr, 23:26
  • Baku Bakı 14°C

Azərbaycansayağı fast-food

13.06.13 09:37 9193
Azərbaycansayağı fast-food
Müasir dünya sürətə kökləndiyindən hər işi cəld görmək lazım gəlir. Vaxt qıtlığı daha çox iri şəhərlərə, o cümlədən də paytaxtımız Bakıya xasdır. Belə ki, yollarda daimi sıxlıq ucbatından çoxumuz, yəni iş yeri, yaxud evi metro stansiyasından uzaqda olanlar işə vaxtında gedib çıxa bilmirik. Odur ki, Bakı sakinlərinin əksəriyyəti səhər tezdən durub tələm-tələsik, əməlli çörək belə yemədən işə getməyə vərdiş ediblər. Bəziləri evdən yemək aparırlar, çoxu isə iaşə xidmətlərindən, daha doğrusu yerli «fast-food»dan yararlanmağa üstünlük verir. Yazımızın da mövzusu elə bu sahədir.
Bakıda ilk McDonalds restoranı açılanda oraya yol tapmaq müşkül məsələydi, camaat ailəlikcə, uşaqlarını da qabağına qatıb xarici nemətlərdən dadmaq həsrətilə hətta saatlarla növbədə dururdu. Amma getdikcə bu maraq səngidi, bu gün də Azərbaycanda McDonalds restoranlarının sayı ilə nüfuzunun tərs mütənasib olduğu göz qabağındadır. Hətta bu cür sürətli iaşə formasına dair tənqidi fikirlər də səslənir. Son vaxtlar sağlam qida tərəfdarlarının boykot çağırışları nəticəsində McDonalds şəbəkəsinin ABŞ və başqa inkişaf etmiş ölkələrdəki satışları azalmağa başladı.
McDonalds yeməklərinin keyfiyyətindən söz açmaq belə yersizdir, çünki dünyanın o başından dondurulmuş və yaxud konserv şəklində gətirilmiş ərzaqdan tez hazırlanan yeməyin keyfiyyəti və faydası barədə danışmağa dəyməz. Amma bu restoranlarda heç olmasa təmizliyə və gigiyenik şərtlərinə əməl edilir, zəhərlənmə ehtimalı yox dərəcəsindədir (hərçənd xaricdə belə hallar da olub), istənilən vaxt iradlarınızı bildirə bilərsiniz.
Bizim yerli «fast-food» xidmətlərinə gəlincə, burada keyfiyyət bir yana, hər hansı təmizlikdən, ümumiyyətlə nəzarətdən əsər-əlamət yoxdur. Artıq “peraşki”, “perojki”, lap elə “praşki” kimi yazılı xəbərdarlıqlara çoxdandır öyrəşmişik. Məsələ heç adında da deyil, həmin məhsulların necə hazırlandığını bircə kərə görən hətta evdə bişirilən bənzər nemətlərdən də üz döndərər. Belə ki, paytaxtın xüsusilə gur yerlərində səhərdən axşamadək yanmış tum yağı qoxusunu ifraz edən saysız-hesabsız belə pəncərələr fəaliyyət göstərir. Əvvəlcə kirli önlük taxan işçi xəmiri yoğurub kömbələrə ayırır, yağ qaynayanda isə kömbələri bir-bir çırparaq barmaqları ilə yastılayıb yağa salır. Belə “praşki”ni elə hazır olan kimi yemək məsləhətdir, çünki yarım saat qalsa, onunla maşın təkərini yamamaq olar. Kartofu isə içində axtarmayın, elə şey orada yerli-dibli yoxdur.
Burada həm də sac var, üstündə ət, qarın, göy qutabları hazırlayırlar. Di gəl istər bayaqkı “praşki”nin, istərsə də ondan daha çox rəğbət görən qutabların bir çox hallarda minlərlə maşının ora-bura şütüyərək ən dəhşətli zəhər olan dioksin yaydığı yolun bir addımında ərsəyə gətirildiyinə nədənsə fikir verən yoxdur. O cümlədən aidiyyatı nəzarət təşkilatları tərəfindən də. Bəlkə də həmin ibtidai «fast-food» əməkçilərinin sanitariya kitabçaları da, icazələri də, başqa lazımi kağızları da var. Varsa, həmin sənədləri hansı yolla əldə etdikləri başqa yazının mövzusudur. Amma hər halda onların iş yerlərinin acınacaqlı görüntüsü, toz-torpaq, natəmizlik, özlərinin pinti görkəmi bu cür qida istehsalatının qəti yolverilməz olduğunu əyani şəkildə ortaya çıxarır. Bununla belə, sözügedən biznes növü nəinki sağ-salamat işləyir, hətta daha da genişlənir. Məsələn, Bakının yeni avtovağzalına baş çəkənlər razılaşar ki, paytaxtımızda bu qədər toz-torpaqlı yer tapmaq çətindir. Belə ki, yaxınlıqda metro stansiyası tikilir. Və bütün bu toz-torpağın, kir-pasın, zəhərli qazların içində ora-bura qaçan yaşlı kişilər, qadınlar, hətta gənclər bayaq söhbət açdığımız başabəla “praşki”dən, bulkidən, qoğaldan, mənşəyi bilinməyən ətdən hazırlanmış dönərdən almağı sərnişinlərə israrla təklif edirlər. Hələ ətrafda yekə-yekə zənbillərlə dolaşan simit satıcıları! Zənbillərin tirlərinə keçirilmiş simitlər də saatlarla açıq havada, küləyin, günün altında, zəhərli qazların içində “bişir”, sonra da damağımızı “oxşayır”. Bütün bunlara nə ad vermək olar?
Bu cür fəaliyyətin yaranma səbəbləri qismən başa düşüləndir, belə ki, avtovağzaldakı dükanlarda da sadalanan məhsulların hamısından almaq olar. Amma nədənsə ikiqat baha qiymətə. Hərçənd belə baxanda hava limanının kafesində bir fincan çayı üç manata, bir nimçə qayqanağı isə on iki (!) manata nuş etmək olarsa, avtovağzalda qazsız suyun “cəmi-cümlətanı” ikiqat baha satılmasında elə bir qəbahət yoxdur. Necə deyərlər, adımız var, sanımız var.
Vaxtilə Bakıda ilk “Continental” supermarketi açılanda bir gün şampan şərabı almağa oraya baş çəkdik. Məlum oldu ki, adi dükanlarda aldığımız şərab burada düz dördqat baha satılır. Bunun səbəbini soruşanda satıcı qız böyük qürurla qayıtdı ki, “bura “Continental”dır axı!” Aramızdan biri də bomboş mağazanı işarə edərək istehzalı tərzdə “deyirəm axı, bu nə basabasdır” dedi.
Bizim yerli «fast-food»çular da bu “ad-san düşkünlüyü”nü tutub tez də çarəsini tapdılar. Yəni ucuz qiymət. Bizdə də, məlum ki, ucuzluq olanda daha keyfiyyəti fikirləşmirlər, alırlar. Odur ki, hətta həmin “praşki”dən adam zəhərlənib dünyasını dəyişsə, şikayəti kimə edəcəksən?
Acınacaqlıdır ki, bu cür bədnam “fast-food”lar Bakının mərkəzində də tüğyan edir. Bu yaxınlarda hətta “Çudo Peçka” kimi mötəbər fast-food şəbəkəsində də müəyyən nöqsanlar üzə çıxmışdısa, onda xırda istehsalçılardan nə gözləmək olar? Çox maraqlıdır ki, bizim nəzarət qurumları vaxtaşırı televiziya operatorlarının, mətbuatın iştirakı ilə yoxlama reydləri keçirir, tükürpədici natəmizlik mənzərələri ictimaiyyətin gözü önünə çıxarılır, müəssisələr bağlanır. Amma bu cür müəssisələr cır alaq otu kimidir, bir yerdə bağlayırsan tez bir zamanda başqa yerdə törəyib fəaliyyətini davam edir. Təbii ki, bütün sənədləri də qaydasındadır. Necə deyərlər, əl əli yuyar, əl də üzü.
Bir vaxtlar aidiyyatı təşkilatlar dönərxanalara qarşı az qala səlib yürüşünə girişmişdilər, nəticədə də toyuq dönərləri qadağan olundu. Lakin başlıca məsələ, yəni dönərlərin hansı yanacaqla hazırlanması çözülməmiş qaldı. Kömürdə hazırlanırsa yaxşıdır, qazda ortabab, elektrik cərəyanında isə pis. Çünki qaz və ya elektrik sobalarda asbest qatı olur. Asbestin istidə ayırdığı zərərli maddələr haqda internetdə çoxlu məlumat tapmaq olar. Eyni səbəbdən içərisində asbest olan şiferdən də dam örtükləri məsləhət görülmür.
Amma yenə də çox bədbin olmayaq. Artıq Azərbaycanda McDonalds-lardan daha sağlam və keyfiyyətli yeməklər təklif edən yerli fast-foodlar ortaya çıxıb. Bunun səbəbi də sadədir. Həmin yeməklər haradansa gətirilən naməlum mənşəli xammaldan yox, yerli təmiz ərzaqlardan hazırlanır.
Əli İbrahimli
banner

Oxşar Xəbərlər