• şənbə, 27 Aprel, 14:38
  • Baku Bakı 27°C

Azərbaycanın ilk balerinası - ANIM

08.03.24 01:46 5302
Azərbaycanın ilk balerinası - ANIM

Milli balet məktəbinin yaradıcılarından olan Qəmər Almaszadənin ölkəmizdə balet sənətinin inkişafında və təkmilləşməsində gördüyü işlər saysız-hesabsızdır. Yaxınları və tələbələri onu dərin hörmətlə anırlar. 

Əfsanəvi balerina Qəmər Almaszadəni səhnədə görən, ondan dərs alan nə qədər insan var? Təəssüf ki, o insanlar hazırda barmaqla sayılacaq qədər azdır. Görkəmli balerina haqqında kitablar yazılıb, filmlər çəkilib. Onu “Baletin şahzadəsi”, “Şərq mədəniyyətinin parlaq ulduzu”, “Azərbaycanda balet sənətinin əsasını qoyan balerina” adlandırıblar.

SSRİ xalq artisti, Azərbaycanın ilk balerinası, milli balet məktəbinin yaradıcılarından olan Qəmər Almaszadənin ölkəmizdə balet sənətinin inkişafında və təkmilləşməsində gördüyü işlər saysız-hesabsızdır. 

Martın 10-u - doğum günü ərəfəsində əfsanəvi balerinanı xatırlamaq üçün Qəmər Almaszadəni tanıyan az sayda adamların izinə düşdük...

“Nə lazımdırsa, mən danışacam... “

Jurnalist kimi hələ sağlığında qapısını döymüşdüm Qəmər Almaszadənin. Rəssamlar İttifaqının yerləşdiyi binada yaşayırdı. Qardaşı, qocaman teatr rəssamı Ənvər Almaszadə onun qulluğunda dururdu. Məni evə dəvət etdi. “Qəmər xanım xəstədir, heç kimlə görüşmür. Haqqında nə lazımdırsa, mən danışacam. Çünki bütün həyatı gözümün qarşısında keçib” dedi. 

Çarpayıda sakitcə uzanan Qəmər xanımın obrazı isə indiyə kimi gözümün qarşısındadır. 

“Bizi biabır etmək istəyirsən?”

“Qəmər Almaszadə uşaq olanda Bakıda balet məktəbi yox idi. Sadəcə, şəxsi bir studiya vardı. Burada da əsasən qeyri-azərbaycanlı uşaqlar məşğul olurdu”, - deyə qardaşı xatırladı: “Qəmər həmin studiyaya yazılan qonşudakı rəfiqəsinə qoşularaq bir gün evdən gizlin balet studiyasına gedir. Bu studiyaya yazılmaq üçün 6 manat pul ödəmək lazım idi. Qəmər heç kimə demədən 5 manat pul toplayır. Pulu çatmasa da, müəllimləri onun baletə olan həvəsini görüb Qəməri studiyaya qəbul edirlər”. 

Əlbəttə, Qəmərin o dövrdə səhnəyə çıxmaq istəyi atası tərəfindən yaxşı qarşılanmır. Anası mütərəqqi fikirli qadın idi. Atası isə “bizi biabır eləmək istəyirsən?” deyərək onun səhnəyə çıxmasına qadağa qoyur. 

Ancaq dahi Üzeyir bəyin Qəmərə atalıq qayğısı, sənət yolunda irəliləməsinə dəstəyi bir gün atasının da qəlbini yumşaldır.
Beləcə Qəmər xanımın böyük səhnəyə yolu başlayır. Bu addımı atmaq isə o dövrdə olduqca çətin idi. Çünki hələ səhnədə qadın rollarını kişilər oynayırdı. Məhz belə dövrdə böyük səhnəyə çıxıb tamaşalarda iştirak etmək böyük qəhrəmanlıq və cəsarət tələb edirdi. Qəmər xanım lap gənc yaşlarından bu cəsarəti özündə tapır. O, cəmiyyətin heç cür qəbul edə bilmədiyi bir addımı atır.

“1933-cü ildə Üzeyir bəyin dəstəyi ilə Qəmər xanım Leninqrad şəhərindəki dünyaca məşhur Xoreoqrafiya məktəbinə daxil olur. Mariya Fyodorovna Ulanovanın tələbəsi olmaq ona balet sənətinin bütün sirlərini mənimsəməkdə kömək edir”.

Bölgələrdən xalq rəqslərini səhnəyə gətirmək 

1936-cı ildə Qəmər xanım təhsilini başa vuraraq Bakıya qayıdır, balet məktəbində və opera teatrında çalışır. Həmin il Üzeyir bəy Filarmoniyanın nəzdində Azərbaycan Xalq rəqsləri ansamblını yaradır və gənc Qəməri ansamblın bədii rəhbəri təyin edir. Üzeyir bəy Azərbaycanın bütün bölgələrindən xalq rəqslərini toplayıb böyük səhnəyə gətirməyi vacib vəzifə kimi irəli sürür. Üzeyir bəyin göstərişi ilə ansamblın nəzdində musiqiçilərdən, bəstəkar və kinooperatordan ibarət xüsusi ekspedisiya qrupları yaradılır. Onlar Qəmər xanımın rəhbərliyi ilə Azərbaycanın müxtəlif rayonlarına səfərə çıxır və xalq rəqslərini toplamağa başlayırlar. Həmin rəqslər sonra ansamblın repertuarına daxil edilərək peşəkar səviyyədə ifa olunur.

Ansambldakı yorulmaz fəaliyyəti ilə yanaşı, görkəmli balerina Opera Teatrında da çalışır. Qəmər xanım “Şah İsmayıl”, “Nərgiz”, “Şahsənəm”, Üzeyir bəyin “Koroğlu” operalarında səhnəyə çıxaraq tamaşaçıların rəğbətini qazanır.

“Biz Qəmər xanıma borcluyuq”

Qəmər Almaszadənin yaxın qohumu Maira Almaszadə görkəmli balerina Moskva Xoreoqrafiya məktəbini bitirəndən sonra onun assistenti kimi çalışıb: “Qəmər xanım gözəl pedaqoq idi. Onun hamını heyran edən cazibədar görkəmi vardı. O, gözəl rəhbər idi. Bütün truppanı peşəkarlıqla idarə etməyi bacarırdı. Qəmər xanım dəhlizdə gedəndə hamı özünü yığışdırırdı. Çox güclü qadın idi. Teatrın direktoru da, mədəniyyət naziri də onun pərəstişkarları idi. O, həmçinin deputat seçilmişdi, bütün iclaslarda iştirak edirdi. Onun sözünü hamı eşidirdi. Qəmər xanımı bütün respublika tanıyırdı. Qəmər Almaszadə görkəmli bəstəkar Əfrasiyab Bədəlbəylinin xanımı idi. Onların birliyi Azərbaycan balet sənətinin inkişafına böyük töhfələr verdi. Bəstəkar xüsusi olaraq Qəmər xanım üçün Azərbaycanın ilk baleti olan “Qız qalası”nı yazdı. Baş rolda Qəmər Almaszadə çıxış etdi. Mədəniyyətimizin ən parlaq incilərindən olan “Qız qalası” baletindəki Gülyanaq rolunu Qəmər xanım qeyri-adi yüksək ustalıqla ifa etdi və Azərbaycan balet məktəbinin əsasını yaratdı”. M.Almaszadə deyir ki, ulu öndər Heydər Əliyevin Bakıda Xoreoqrafiya məktəbi tikdirməsinə görə Azərbaycanın balet məktəbi Qəmər xanıma minnətdar olmalıdır: “Prezident İlham Əliyev də bizim Xoreoqrafiya məktəbinə “Akademiya” statusu verdi. Biz buna görə də ölkəmizdə baletin əsasını qoyan Qəmər xanıma borcluyuq”. 

“Özümü həmişə xoşbəxt hesab eləmişəm ki..”

Tanınmış balet ustası, Xalq artisti Tamella Şirəliyeva da müəllimini ən xoş sözlərlə xatırlayır: “Qəmər Almaszadə görkəmli balerina olmaqla bərabər, peşəkar müəllim idi. O, Leninqradda əfsanəvi Ulanovanın tələbəsi olmuşdu. Müəllimindən öyrəndiklərini öz şagirdlərinə sevə-sevə öyrədirdi. Qəmər xanımın bütün şagirdləri məşhur balet ustaları oldular. Görkəmli balerina Leyla Vəkilova da onun tələbəsi idi”. Balerina müəllimini həm də qayğıkeş insan kimi xatırlayır: “Mən uzaqda yaşayırdım. Bəzən dərsdən və ya məşqdən çıxanda gec olurdu. Qəmər xanım məni evinə aparırdı. Onun çox gözəl evdarlığı vardı. Süfrə açırdı, dadlı kotlet bişirirdi. Çox qonaqpərvər idi. Özünəməxsus səliqə-sahmanı vardı. Mən özümü həmişə xoşbəxt hesab eləmişəm ki, Qəmər xanım kimi müəllimin tələbəsi olmuşam”. 

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər