• çərşənbə axşamı, 23 aprel, 02:38
  • Baku Bakı 19°C

Azərbaycanın gənc alimləri elmimizin dünyaya çatdırılmasında məqsədyönlü şəkildə çalışırlar

27.03.23 14:15 514
Azərbaycanın gənc alimləri elmimizin dünyaya çatdırılmasında məqsədyönlü şəkildə çalışırlar

Müasir dövrdə Azərbaycanda elmin inkişafı istiqamətində aparılan ardıcıl islahatların nəticəsi olaraq, vaxtilə xəyal kimi görünənlər bu gün artıq həyata keçirilir. Bunun əsas səbəbi elmə verilən dəyər, Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində göstərilən böyük qayğı, ölkədə alimin və elmin nüfuzunun yüksəldilməsidir. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncama əsasən Azərbaycanda hər il martın 27-si ölkəmizdə Elm Günü qeyd olunur. Bu, bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, Azərbaycan elmində olan çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva bildirib. Onun sözlərinə görə, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “kiçik akademiyalarla” əlaqələr gücləndirilib, məktəblilərlə görüşlər, “açıq qapı” günləri təşkil edilib, müxtəlif layihələrə şagirdlərin cəlb edilməsi, elmimizin nailiyyətlərini, yeni innovasiyaları gələcəyin alimlərinə nümayiş etdirmək, eləcə də cəmiyyətdə elmə olan marağı artırmaq məqsədilə bir sıra elmi-praktiki tədbirlər keçirilib. Bu tədbirlər sırasında ən yaddaqalanı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş körpələr, məktəblilər üçün təşkil edilmiş intellektual yarışlar, şeir və esse müsabiqələri olub. Bununla yanaşı, gənc alimlərimiz aztəminatlı ailələrin övladlarına ali məktəblərə hazırlıq mərhələsində təmənnasız yardım etmək məqsədilə bir sıra məktəblərdə könüllü müəllim kimi fəaliyyət göstərirlər. Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə bir çox ümumtəhsil müəssisələrində zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici görüşlər, eləcə də regionlarda məktəbli qızların elmə təşviqi məqsədilə elmi seminarlar təşkil edilib.

Şəfa Əliyeva qeyd edib ki, bu gün qloballaşmanın, elmi-texniki inkişafın nəticəsi olaraq elm və təhsil sahəsində beynəlxalq əlaqələr genişlənib və mübadilə xarakterli tədbirlər geniş vüsət alıb. Azərbaycan alimləri və tədqiqatçıları beynəlxalq elmi tədbirlərə qatılır, əməkdaşlıq əlaqələri qurur, beynəlxalq jurnallarda məqalələr dərc etdirir, xarici həmkarları ilə birgə layihələr və əsərlər üzərində işləyirlər. AMEA-nın fəlsəfə və elmlər doktoru hazırlığı üzrə nəticələri digər müəssisələrdən əsaslı şəkildə fərqlənir. Statistika göstərir ki, ötən illərlə müqayisədə gənc alimlərin “Web of Science” və “Scopus” platformalarında indeksləşən jurnallarda çap etdirdikləri məqalələr daha çoxdur. AMEA Rəyasət Heyəti və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Horizon – 2020” və ya “Horizon Europe” proqramı üçün layihələrin hazırlanması, eləcə də əməkdaşlıq mübadiləsi proqramı haqqında məlumatlandırma günü keçirilib. Tədbirin səmərəliliyi nəticəsində qısa müddət ərzində akademiya əməkdaşlarından bir neçəsi xaricdə əməkdaşlıq üçün təklif alıb. Bir sözlə, müasir Azərbaycan gəncliyi elmimizin dünyaya çatdırılmasında məqsədyönlü şəkildə çalışaraq mühüm işlər görür.

banner

Oxşar Xəbərlər