Azərbaycanda və dünyada COP29 irsi
Tədbirdə Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsindəki səylər və COP29-un ölkəyə gətirdiyi iqtisadi, sosial və ekoloji faydalar vurğulanıb. Bildirilib ki, bu konfrans Azərbaycanın qlobal iqlim gündəliyindəki mövqeyini gücləndirib.
Bakıda təşkil olunan COP29 çərçivəsində bir çox mühüm mövzulara həsr olunmuş panel iclaslar, müzakirələr təşkil olunur. Noyabrın 22-də “Gələcəyin qurulması: Azərbaycanda və dünyada keçirilən COP29-un irsi” mövzusunda panel müzakirə keçirilib. Tədbirdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin dayanıqlı inkişaf üzərindəki uzunmüddətli təsirləri ilə bağlı müzakirələr aparılıb.
Qlobal iqlim gündəliyindəki mövqeyimiz güclənir
Tədbir Azərbaycanda Amerika Ticarət Palatasının Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitəsinin sədr müavini Ceyhun Atayevin moderatorluğu ilə baş tutub. Panel müzakirəsində çıxış edənlər - Azərbaycan Sahibkarlar Konfederasiyasının baş icraçı direktoru və COP29 Təşkilat Komitəsinin üzvü Natəvan Məmmədova, Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Fəridə Axundova, “GLOBE International” şirkətinin baş direktoru Malini Mehra, BMTİP-nin Dayanıqlı Maliyyə Mərkəzinin direktoru Markos Neto Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsindəki səylərini və COP29-un ölkəyə gətirdiyi iqtisadi, sosial və ekoloji faydaları vurğulayıblar. Bildirilib ki, bu konfrans Azərbaycanın qlobal iqlim gündəliyindəki mövqeyini gücləndirib və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün yeni imkanlar yaradıb.
Azərbaycan təcrübəsi nümunədir
Müzakirələrdə COP29 çərçivəsində həyata keçirilən tədbirlərin yerli və beynəlxalq əhəmiyyətindən danışılıb. İştirakçılar qeyd ediblər ki, Azərbaycan bu tədbirlər vasitəsilə davamlı enerji həlləri, yaşıl texnologiyalar və ekoloji maarifləndirmə təşəbbüslərini həyata keçirir.
Eyni zamanda, tədbirdə Azərbaycanın dayanıqlı şəhər inkişafı, bərpaolunan enerji layihələri və ekoloji turizmin genişləndirilməsi sahəsindəki nailiyyətləri təqdim olunub. COP29-un uzunmüddətli təsirlərinə dair müzakirələrdə ekspertlər və iştirakçılar Azərbaycan təcrübəsinin gələcək beynəlxalq tədbirlər üçün nümunə ola biləcəyini qeyd ediblər.
Tədbirin yekununda iştirakçılar COP29-un nəticələrinin ölkə və dünya üçün strateji əhəmiyyətini vurğulayıb və gələcək illər üçün əməkdaşlıq perspektivləri barədə təkliflər səsləndiriblər.
Dövlətlərin ayırdıqları vəsaitlərə ehtiyac var
COP29 çərçivəsində təşkil edilmiş digər tədbirdə çıxış edən BMT-nin proqram məsləhətçisi Tetet Lauron bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə ayrılan vəsaitlər lazımi yerə xərclənilmir. Onun sözlərinə görə, artıq iqlim dəyişikliyi ilə mübarizə aparan icmaları dəstəkləmək üçün dövlət vəsaitlərinə ehtiyac var.
İlk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
COP29 həm də dünyanın müxtəlif ölkələrindən qatılan qeyri-hökumət təşkilatlarının fəallığı ilə seçilir. Azərbaycan bu istiqamətdə də onların koordinasiyalı fəaliyyətinin təşkili üçün mühüm təşəbbüslər irəli sürür. Qeyd edək ki, COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib. Xarici QHT-lər Qlobal Cənubun aparıcı ölkələrindən biri olan Azərbaycan dövlətini COP29-u uğurla təşkil etdiyinə görə təbrik ediblər.
Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb. Bəyanatda ən yaxşı təcrübələri bölüşmək, dayanıqlı inkişafa təkan vermək üçün iqlim fəaliyyəti üzrə əməkdaşlıq şəbəkəsi kimi Azərbaycan Milli QHT Forumunun təşəbbüsünə dəstək olaraq, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı bildirilir.
COP29 Sədrliyi yekun bəyanat yayıb
Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair bəyanat yayıb.
Bildirilib ki, Yeni Kollektiv Kəmiyyət Məqsədi ilə bağlı qərarda Tərəflərin hamısına 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən iqlimlə bağlı fəaliyyət üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə işləməyə dəvət yer alıb.
Bu qərar özündə, eyni zamanda, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək 250 milyard ABŞ dollarına çatdırılması məqsədini ehtiva edir.