• cümə, 29 Mart, 09:38
  • Baku Bakı 5°C

Azərbaycanda “Heydər Əliyev İli”nin elan edilməsi əbədi xalq sevgisinin rəsmi ifadəsi oldu

27.03.23 09:30 319
Azərbaycanda “Heydər Əliyev İli”nin elan edilməsi əbədi xalq sevgisinin rəsmi ifadəsi oldu

Ümummilli Lider Heydər Əliyev nəinki Azərbaycanın, dünya tarixinin müdrik dövlət xadimi kimi qəbul və təqdir olunur. Onun mükəmməl diplomatiyası, dövlətçilik konsepsiyası Azərbaycan naminə fövqəladə xidmətləri bu günümüzdə də müasir dövlətimizin inkişafına töhfə verir.

Hələ ittifaq dövründə Azərbaycanda elə sahə tapılmazdı ki, həmin sahə Heydər Əliyev qayğısından, diqqətindən kənarda qalsın. İqtisadiyyat, sənaye, kənd təsərrüfatı, elm, təhsil – bir sözlə, bütün sahələrdə canlanmaya nəfəs verən Ulu Öndər parlaq zəkası ilə respublikaya nəfəs verdi. Vətənə bağlılıq kimi unikal dəyərlər Ulu Öndərin yürütdüyü siyasətin hər zaman ana xəttini təşkil edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, siyasi şərhçi Emin Bağırov bildirib.

Alim qeyd edib ki, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin milli intibahımızın yol xəritəsini ittifaq dövründə özünəməxsus bir şəkildə məharətlə yarada bilmişdi.

Gənclərimizin keçmiş ittifaqın ən nüfuzlu məktəblərində təhsil alması, 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış hərbi lisey Ulu Öndərin Vətən qarşısında böyük xidməti idi. Bundan başqa ana dilimizin dövlət dili statusu alması, ölkənin milliləşdirilməsi prosesi Ümummilli Liderin gərgin əziyyətinin hesabına mümkün oldu: “Reallıq onu diktə edir ki, əgər Ulu Öndər Heydər Əliyev olmasaydı, bugünkü qüdrətli Azərbaycan mövcud olmazdı. Həmin dövrələrə nəzər salanda, müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan xaos, qanunsuz hərbi birləşmələr, başıpozuqluq ölkədə vətəndaş itaətsizliyinə şərait yaratmışdı. Bununla yanaş, uğursuz daxili və xarici siyasət kursu Azərbaycanı pozucu qüvvələrin meydanına çevirmiş, daha dəhşətli bir mənzərə- ölkəni etnik separatizm alovu bürümüşdü. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə baş-başa qalmışdı. Bütün bunlar azmış kimi mənfur qonşularımızın ölkəmizə qarşı ərazi iddiaları, Qarabağ müharibəsində məğlubiyyət, torpaqlarımızın işğal olunması, siyasi, iqtisadi böhran ölkəni miskin duruma salmışdı. Belə olan təqdirdə bütün gözlər xalqımızın xilaskar oğlu Heydər Əliyevə dikilmişdi. Xalqın təkidli tələbi ilə Ulu Öndər yenidən hakimiyyətə gəldi. Ölkədə fəaliyyətdə olan pozucu qüvvələr Heydər Əliyevin dəmir iradəsinə qalib gələ bilmədilər. Dahi lider bütün sədləri aşaraq dövlətimizi uçurumun astasından xilas edə bildi.

Ölkə yeni həyata qədəm qoydu. Xarici və daxili düşmənlərin bütün maneçiliyinə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin gərgin zəhməti hesabına "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə ölkəmizin üçün son dərəcə əhəmiyyətli sayılan “Əsrin müqaviləsi” bağlandı. Bu tarixi iqtisadi hadisə ölkəmizə yeni nəfəs verdi. İnvestorların ölkəmizə cəlb olunması, nəhəng iqtisadi layihələrin reallaşdırılması ölkə iqtisadiyyatında canlanma yaratdı. İqtisadi dayanıqlıq təmin olundu, qısa zaman içində Azərbaycan dünyanın sayılıb-seçilən ölkəsinə çevrildi”.

“Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun” söyləyən Ulu Öndər Heydər Əliyev sanki bu günləri əminliklə görərək danışırdı. O, əmin idi ki, ərazi bütövlüyümüz bərpa olacaq, Qarabağ yağı düşmənə qalmayacaq. “Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” deyən Ümummilli Lider özündən sonra, Onun yolunu müdrikliklə davam etdirən xilaskara xalqını əmanət edib haqq dünyasına yol aldı. Heydər Əliyev ideyaları əsasında mövcudluğunu qoruyub saxlayan Azərbaycan hər keçən gün Prezident İlham Əliyevin konsepsiyası çərçivəsində inkişaf edir. Azərbaycan bu inkişaf tempinə görə Heydər Əliyevə borcludur. Məhz Ulu Öndərin verdiyi töhfələr, zəngin dövlətçilik təcrübəsi, qətiyyətli iradəsi ölkəmizi dünya arenasında layiqli yerini tutmağa müvəffəq olmuşdur.

Emin Bağırov əlavə edib ki, Azərbaycan tarixində Heydər Əliyevin mövqeyi həm dövlət rəhbəri, həm də ümumxalq lideri kimi əvəzolunmazdır. Bu baxımdan dövlət və xalq olaraq bütün dövrlər üçün tariximizin tək fenomeni Heydər Əliyevdir. Məhz buna görə 2023-cü ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunması dövlətçiliyimiz üçün şərəf möhürü olmaqla yanaşı, həm də əbədi xalq sevgisinin rəsmi ifadəsi oldu. Bu gün inkişaf etmiş qüdrətli Azərbaycan dövləti “Heydər Əliyev İli”nə ən böyük töhfədir.

Ulu Öndər Heydər Əliyev isə xalqımız üçün elə Azərbaycan deməkdir.

banner

Oxşar Xəbərlər