Azərbaycan tranzit yarışında önə çıxır
ADY-nin kükürd daşımalarında qeydə alınan 31%-lik artım təkcə yük dövriyyəsinin yüksəlməsi deyil, Azərbaycanın Orta Dəhlizdə strateji mövqeyinin güclənməsinin, tranzit gəlirlərinin və qeyri-neft logistika sektorunda yaranan yeni iqtisadi imkanların göstəricisi kimi qiymətləndirilir.
Qlobal təchizat zəncirində marşrutların yenidən formalaşdığı bir dövrdə Azərbaycan beynəlxalq tranzit qovşağı kimi mövqeyini sürətlə möhkəmləndirir. Bunun ən bariz göstəricilərindən biri 2026-cı ilin ilk yarısında dəmir yolu daşımalarında qeydə alınan dinamikadır. Rəsmi rəqəmlər vəziyyətin miqyasını aydın şəkildə ortaya qoyur. Yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 484 min tona yaxın kükürd və əlaqəli mallar daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31%-dən çox artım deməkdir. Əsas sıçrayış isə məhz beynəlxalq əhəmiyyət daşıyan tranzit rejimində qeydə alınıb. Belə ki, bu rejimdə daşınmış kükürd yükünün həcmi 30%-dən çox artaraq 369 min tondan 483 min tona yüksəlib. Bəs qısa müddət ərzində qeydə alınan bu artım nə ilə əlaqədardır?
“Geosiyasi risklər yük sahiblərini Xəzər marşrutuna yönəldib”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, 2026-cı ilin ilk yarısında qeydə alınan 31 faizlik artım sadəcə statistik rəqəm deyil: “Bu, qlobal və regional amillərin uğurlu sintezinin nəticəsidir. Qlobal təchizat zəncirindəki struktur dəyişiklikləri və ənənəvi nəqliyyat dəhlizlərində yaranan geosiyasi risklər yük sahiblərini daha etibarlı alternativə – Xəzər marşrutuna (Orta Dəhliz) yönəldib. Bu xarici amillərlə yanaşı, Azərbaycanın son illərdə dəmir yolu və liman infrastrukturuna yatırdığı strateji investisiyalar, logistika proseslərinin təkmilləşdirilməsi və tranzit portfelinə xam kükürd kimi yeni yüklərin əlavə edilməsi mövcud artımın fundamental bazasını təşkil edir. Kükürd daşımalarındakı bu sıçrayış ölkənin tranzit gəlirlərinin dayanıqlı artımını təmin etməklə yanaşı, bütöv bir logistika ekosistemini hərəkətə gətirir. Yük həcmlərinin çoxalması təkcə dəmir yolu gəlirlərini deyil, liman əməliyyatlarına, anbarlaşdırma, sığorta və gömrük xidmətlərinə olan tələbatı kəskin şəkildə artırır. Nəticə etibarilə, nəqliyyat-logistika sektorunda formalaşan əlavə iqtisadi dəyər qeyri-neft sektorunun inkişafını sürətləndirir və Azərbaycanın regional tranzit mərkəzi kimi strateji mövqeyini daha da möhkəmləndirir”.
“Orta Dəhliz üzrə yük axını hazırkı səviyyədə qalarsa…”
A.Nəsirlinin fikrincə, qlobal logistika xəritəsində Azərbaycanın ən böyük rəqabət üstünlüyü onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsidir: “Müasir dəmir yolu infrastrukturu və Bakı limanı ilə sıx inteqrasiya olunmuş logistika sistemi bu unikal coğrafi qovşaq statusunu real iqtisadi dividendlərə çevirir və beynəlxalq ekspeditorlara daha çevik, təhlükəsiz daşınma marşrutları təklif edir. Orta Dəhliz üzrə yük axını hazırkı səviyyədə qalarsa və beynəlxalq bazarlarda kimya sənayesi məhsullarına tələbat sabit olarsa, bu müsbət artım dinamikasının 2026-cı ilin ikinci yarısında da davam edəcəyi gözlənilir. Lakin qlobal ticarətdəki qəfil dəyişikliklər və enerji bazarındakı dalğalanmalar daim diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycanın beynəlxalq tranzit bazarında rəqabət qabiliyyətini daha da artırmaq üçün gələcək hədəflər bəllidir. Dəmir yolu və liman infrastrukturunun ötürücülük qabiliyyətinin genişləndirilməsi, rəqəmsal logistika həllərinin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi və multimodal daşımaların inkişaf etdirilməsi mütləqdir”.
Azərbaycanın kükürd potensialı
İqtisadçı Rauf Qarayev isə bildirdi ki, kükürd daşımalarındakı 31%-lik artım fonunda Azərbaycanın özünün də bu xammal üzrə daxili potensialını qeyd etməliyik: “Ölkəmizdə kükürd ehtiyatları əsasən filiz (kükürd kolçedanı) yataqları şəklində Kiçik Qafqazda – xüsusən Gədəbəy (mis-kolçedan) və Göygöl (Çıraqdərə) rayonlarında cəmləşib. Sənaye miqyasında isə bu xammal daha çox neftin emalı prosesində əldə edilir. Daxili istehsal ilk növbədə yerli tələbatın ödənilməsinə – kimya sənayesində kükürd turşusunun alınmasına, kənd təsərrüfatı üçün gübrələrin hazırlanmasına, eləcə də tibb və kosmetologiya sahələrində müalicəvi məlhəmlərin istehsalına yönəldilir”.
“Yaxın Şərqdəki gərginliklər logistik imkanlarını kəskin məhdudlaşdırıb”
İqtisadçının fikrincə, Azərbaycanın əsl iqtisadi qazancı qlobal tranzit rolundadır. Daxili ehtiyatlarla yanaşı, ölkəmiz Mərkəzi Asiyadan (əsasən Türkmənistan və Qazaxıstan) gələn kükürd və digər kimyəvi malların dünya bazarlarına çıxarılmasında əsas qapı rolunu oynayır: “Bakı yaxınlığındakı terminallardan keçən bu yüklər dəmir yolları və Xəzər limanları vasitəsilə Gürcüstan və Qara dəniz limanlarına çatdırılır. Mövcud qlobal gərginliklər ənənəvi tranzit koridorlarının daralmasına səbəb olduqca, Azərbaycanın təhlükəsizlik amili ən böyük rəqabət üstünlüyünə çevrilir. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya infrastrukturuna edilən hücumlar və Yaxın Şərqdəki gərginliklər qonşu dövlətlərin logistik imkanlarını kəskin məhdudlaşdırıb. Belə bir mürəkkəb mənzərədə tranzit axınının şaxələnməsi o həddə çatıb ki, hətta bəzi Rusiya mallarının Ermənistana daşınması belə ən etibarlı marşrut olaraq Azərbaycan ərazisindən keçir. 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar logistik infrastrukturun inkişafına yeni nəfəs verib. Yaxın gələcəkdə Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və Naxçıvan üzərindən yeni quru və dəmiryolu xətlərinin tam açılması ölkəmizin tranzit potensialını bir neçə dəfə artıracaq. Mövcud geosiyasi vəziyyət dəyişməz qalarsa və regional stabillik qorunarsa, ilin ikinci yarısında təkcə kükürd deyil, ümumi tranzit daşımalarından əldə edilən gəlirlərdəki müsbət artım dinamikasının daha da güclənəcəyi şübhəsizdir”.
Zərif Salmanlı