SOCAR-ın strateji layihələri müzakirə edilib
Türkiyədə TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və "SOCAR Türkiyə"nin İdarə heyətlərinin iclası keçirilib. "Report" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" hesabında paylaşım edib.
R.Nəcəf qeyd edib ki, iclasda "SOCAR Türkiyə"nin fəaliyyət nəticələri və strateji layihələrin icra vəziyyəti dəyərləndirilib, əməliyyat səmərəliliyi, rəqəmsal transformasiya, innovasiya və dayanıqlı artım üzrə qarşıdakı dövrün əsas prioritetləri müzakirə edilib.
O, həmçinin əlavə edib ki, TANAP üzrə layihənin Türkiyə və Avropanın enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfə, əməliyyat göstəriciləri və növbəti mərhələ üçün əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib: "Əldə etdiyimiz bütün nəticələrin arxasında güclü komandalarımızın böyük əməyi dayanır. Əminəm ki, fəaliyyət modelimiz və uzunmüddətli strateji baxışımızla Türkiyənin enerji gələcəyinə dəyər qatmağa, regionun enerji təhlükəsizliyini daha da gücləndirməyə və ölkələrimiz arasındakı strateji müttəfiqliyi möhkəmləndirməyə davam edəcəyik".
Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və bu ölkədən Avropaya nəqlini həyata keçirir. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatır və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşir.