• şənbə, 25 Iyul, 21:53
  • Baku Bakı 32°C

İxracda "qızıl" dövr

25.07.26 02:51 150
İxracda "qızıl" dövr

“AzərGold”un ixracı beş ayda 31,4 faiz artaraq 107,6 milyon dollara yüksəlib. Ekspertlər bildirirlər ki, artımda həm qlobal bazarda qızılın bahalaşması, həm də hasilatın genişlənməsi rol oynayıb. 

Azərbaycanın qeyri-neft ixracında qızılın rolu getdikcə artır. 2026-cı ilin yanvar-may aylarında "AzerGold" QSC-nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz artaraq 107,6 milyon ABŞ dollarına çatıb və şirkət dövlətə məxsus əsas ixracatçılar arasında ikinci yerdə qərarlaşıb. Bu göstərici qeyri-neft ixracında qiymətli metalların payının yüksəldiyini nümayiş etdirsə də, artımın dayanıqlılığı ilə bağlı suallar da gündəmə gəlir. Bəs bu dinamika Azərbaycan iqtisadiyyatına, dövlət büdcəsinə və qeyri-neft sektorunun inkişafına necə təsir göstərə bilər?

Əsas səbəb qızılın qiymətinin artmasıdır 

“AzərGold” QSC-dən sorğumuza cavab olaraq bildirildi ki, 2026-cı ilin yanvar–may aylarında 22 785 unsiya qızıl və 37 428 unsiya gümüş ixrac edilib. Bu dövrdə ixracdan əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% artaraq 183 milyon manata çatıb: “İxrac gəlirlərinin artmasında dünya bazarında qızılın qiymətinin yüksəlməsi mühüm rol oynayıb. “AzerGold” beynəlxalq qiymətli metallar bazarında fəaliyyət göstərdiyi üçün qlobal bazardakı qiymət dəyişiklikləri təbii olaraq şirkətin göstəricilərinə də təsir edir. 2026-cı ilin yanvar–may aylarında “AzerGold” beynəlxalq bazarlarda realizə etdiyi qızılın qiyməti isə təqribən 49% artıb. Bu da ixrac olunan qızılın dəyərinin və müvafiq olaraq ixrac gəlirlərinin artmasına təsir göstərən əsas amillərdən biri olub. “AzerGold” QSC tərəfindən hasil olunan qızılın ixracının əsas istiqaməti İsveçrədir. “AzerGold” QSC tərəfindən cari il üzrə 70 min unsiya qızıl hasilatı və satışı planlaşdırılıb”.

“İqtisadiyyatın şaxələndirilməsi baxımından olduqca müsbət göstəricidir”

İqtisadçı Asif İbrahimli bildirdi ki, "AzərGold" QSC-nin ixrac göstəricilərində qeydə alınan artım dinamikası Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının genişləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından olduqca müsbət, eyni zamanda böyük strateji əhəmiyyət kəsb edən göstəricidir: “Mövcud statistik rəqəmlər yalnız müstəqil bir dövlət şirkətinin uğurlu korporativ fəaliyyətini deyil, həm də ölkənin qeyri-xammal ixracı istiqamətində yürütdüyü makroiqtisadi siyasətin effektivliyini nümayiş etdirir. Bu nəticə iki paralel prosesin – həm dünya birjalarında qızılın qiymətinin davamlı olaraq yüksək səviyyədə qalması, həm də ölkə daxilindəki mədənlərdə hasilat, istehsal və ixrac həcmlərinin məqsədyönlü şəkildə artırılması ilə əlaqədardır. Hazırkı qlobal iqtisadi qeyri-müəyyənlik dövründə qızıl ənənəvi olaraq təməl "təhlükəsiz investisiya" aktivi hesab olunduğu üçün beynəlxalq maliyyə bazarlarında ona olan tələbat dayanıqlı şəkildə yüksək olaraq qalır. Tarixən və müasir iqtisadi proseslərdə həmişə belə olub - dövlətlər, aparıcı mərkəzi banklar, institusional investorlar və hətta sıravi fərdlər hər hansı bir dərin qeyri-stabillik, geosiyasi münaqişələr, qlobal inflyasiya təzyiqləri yaxud makroiqtisadi natarazlıqla qarşılaşdıqda, riskləri minimallaşdırmaq məqsədilə əllərindəki aktivləri daha etibarlı vasitələrlə qorumağa çalışırlar. Belə vəziyyətlərdə vəsaitlərin daşınmaz əmlak, beynəlxalq səviyyədə qəbul edilmiş güclü valyutalar və ən başlıcası qiymətli metallar, xüsusilə də fiziki qızıl formasında saxlanmasına üstünlük verilir”.

Ölkəyə əlavə həcmdə valyuta daxilolmalarını təmin edir 

A.İbrahimlinin fikrincə, qızıl ixracının artımı ölkəyə əlavə həcmdə valyuta daxilolmalarını təmin edir: “Xarici valyuta kütləsinin ölkəyə axını isə öz növbəsində milli valyutanın məzənnəsinin stabilliyinə əlavə dəstək verir, ölkənin tədiyyə balansının müsbət saldosunu daha da gücləndirir və nəhayət, dövlət büdcəsinin vergi, eləcə də digər ödənişlər hesabına formalaşan gəlirlərinə müsbət təsir göstərir. Bundan başqa, qeyri-neft ixracının ümumi strukturunda qiymətli metalların xüsusi çəkisinin və payının yüksəlməsini ölkə ixracının ənənəvi enerji daşıyıcılarından asılılığının azaldılması və onun şaxələndirilməsi istiqamətində ciddi struktur irəliləyişi kimi qiymətləndirmək mümkündür. Başqa sözlə desək, neft və təbii qaz kimi qızılı da klassik resurs iqtisadiyyatının və xammal bazasının bir tərkib hissəsi adlandırmaq tamamilə əsaslıdır. Məhz buna görə də, dövlətin uzunmüddətli iqtisadi inkişaf perspektivində və strateji hədəflərində əsas diqqət yalnız xammal satışına deyil, dərin emal sənayesinin qurulmasına, mürəkkəb maşınqayırma sahələrinə, yüksək texnologiyaların tətbiqinə və qlobal dəyər zəncirinə qoşularaq yüksək əlavə dəyər yaradan digər hazır məhsulların ixracını inkişaf etdirməyə yönəldilməlidir”.

“Müsbət dinamikanın qorunub saxlanılması realdır”

İqtisadçının sözlərinə görə, mövcud qızıl ixracındakı müsbət dinamikanın qorunub saxlanması olduqca real görünür: “Lakin unutmaq olmaz ki, bu göstəricilər ilk növbədə dünya bazarındakı qızıl qiymətlərinin dəyişkən trendlərindən, eləcə də ölkə daxilindəki mədənlərdə planlaşdırılan hasilat həcmlərindən asılı olaraq qalacaq. Əgər qlobal müstəvidəki iqtisadi qeyri-müəyyənlik və geosiyasi gərginliklər davam edərsə, bu, qızılın qiymətinin yüksək səviyyədə qalmasını təmin edəcək. Bu ssenaridə "AzərGold"un ixrac göstəricilərindəki yüksəlişin ilin sonunadək qorunması şübhəsizdir. Tükənən təbii sərvətlərdən əldə olunan bu böyük maliyyə gəlirlərinin gələcək nəsillər üçün dayanıqlı iqtisadi inkişafa çevrilməsi üçün həlledici addımlar atılmalıdır. Təbiətdən götürülən sərvətin yerini yalnız bilik və texnologiya doldura bilər. Buna görə də, ixracdan əldə olunan əlavə vəsaitlərin davamlı olaraq qeyri-xammal sektoruna, qabaqcıl innovasiyalara, müasir texnologiya ekosistemlərinə və ən əsası, bilik iqtisadiyyatının bünövrəsi olan insan kapitalının inkişafına yönəldilməsi ölkənin gələcəyi üçün effektiv strateji yanaşmadır”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər