İllik inflyasiya proqnozları artırıldı
Azərbaycanda baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı ildə 6,1 %, 2027-ci ildə isə 5,8 % olacağı gözlənilir. Bundan əvvəl illik inflyasiyanın 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 4,5 % olacağı proqnozlaşdırılmışdı.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Növbəti qərar sentyabrda veriləcək
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb. "Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə alınıb”, - deyə AMB bəyan edib. Bildirilir ki, qlobal mühitdəki qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi göstəricilərin bir neçə ssenaridə proqnozları nəzərdən keçiriləcək. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat sentyabrın 23-də ictimaiyyətə açıqlanacaq.
İllik inflyasiya proqnozları artırıldı
Azərbaycanda baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı ildə 6,1 %, 2027-ci ildə isə 5,8 % olacağı gözlənilir. Bundan əvvəl qurum illik inflyasiyanın 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 4,5 % olacağını bəyan etmişdi. "İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8 % təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 %, ödənişli xidmətlər üzrə 5,6 %, qeyri-qida məhsulları üzrə isə 3,8 % olub. İllik baza inflyasiya 5,5 % təşkil edib. İllik inflyasiyanın 2027-ci ilin II yarısından hədəfə qayıdacağı gözlənilir. 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir ki, bu da ortamüddətli dövrdə qalıcı xarakter daşımır”, - deyə AMB bəyan edib.
Nağd xarici valyutanın alışı satışını üstələyib
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 482 milyon ABŞ dolları üstələyib. AMB-nin məlumata görə, bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. Bundan başqa, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,8 faiz bəndi azalaraq mayda 25,6 %-ə düşüb. Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin əhəmiyyətli artdığı şəraitdə AMB alışyönlü müdaxilə həyata keçirib. Cari ilin ötən dövründə qurumun valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları və yaxud 19,5 % artaraq 13,8 milyard ABŞ dolları təşkil edib.
Xarici ticarətdə səkkiz milyard dollara yaxın müsbət saldo
AMB-dən bildirilir ki, Azərbaycanda xarici sektor göstəriciləri əlverişli olaraq qalır: "Gömrük statistikasına əsasən, 2026-cı ilin I yarısında ölkənin xarici ticarətində səkkiz milyard ABŞ dollarına yaxın məbləğdə müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-iyun aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 540,6 milyon ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 82,8 % artıb. 2026-cı ilin sonuna və 2027-ci ilə cari əməliyyatlar balansının profisiti üzrə proqnozu artım istiqamətində dəyişdirilib. Bu, cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə bağlıdır".