AZE | RUS | ENG |

Yorğa atın qaçışı

Yorğa atın qaçışı
(hekayə)

At bazarı ayrıydı; meyvə-tərəvəz satılan yerdən, hətta mal-heyvan bazarından da uzaqda yerləşirdi. Demirəm ki, bunların arasında kilometrlərlə məsafə vardı, yox, hər halda bir-birindən xeyli aralıdaydı. Mal-heyvan bazarı meyvə-tərəvəz bazarına qismən yaxın olsa da, oralardan at bazarının izi-tozu görünmürdü. Mənə sual versələr ki, həmin bazarları niyə bir-birindən ayırmışdılar, düzü, çəkinmədən cavab verərəm ki, bilmirəm. Elə indi də deyirəm ki, bilmirəm. Amma öz-özümə güman eləyirəm ki, at bazarının rayon mərkəzindən xeyli kənarda yerləşməsi bu məkanın yan-yörəsində ucu-bucağı görünməyən uzun-uzadı torpaq sahələrinin olması ilə bağlıdır. Yəni buraya gətirilən boz, qonur atların cövlan eləməyinə imkan yaradılmışdır. Doğrusu, bundan başqa bir şey ağlıma gəlmir.
 
Orası da var ki, bazarların ayrı-ayrı olması alıb-satanlar üçün dəqiq ünvan demək idi, bir az da vaxt itirməmək anlamına gəlirdi. Yəni at alan at bazarına, mal-heyvan alan mal bazarına, meyvə-tərəvəz almaq istəyən də meyvə-tərəvəz satılan yerə gedərdi. Nə müştərilər baş aparardı, nə də satanlar boş-boşuna danışardılar. Maşın bazarını xatırlayırsız? Sumqayıtdakı, Bakıdakı maşın bazarını deyirəm, rayonda maşın bazarı olmur, maşını yolda-izdə qoyub satırlar. Sumqayıtda, Bakıda bir maşının qiymətini əlli dəfə soruşurlar. Hələ onu demirəm ki, dil boğaza qoymayıb maşının keçmişini öyrənməyə çalışırlar: ili neçədir, motoru neçə at gücündədir (bağışlayın, at gücünü dilə gətirmirlər, elə "motoru neçədir” sualını verirlər), nə qədər yol gedib, maşını hansı peşə sahibi sürüb və sair. Alanlar daha çox çalışırlar ki, həkimlərin maşınını alsınlar, çünki həkimlərin qazancı yaxşı olduğuna görə xaltura-filan fikirləşmirlər, heç bunu özlərinə də sığışdırmırlar. Soruşurlar, soruşurlar, bəzən görürsən, axırda da heç alan olmur. Satana elə ağzının ağrımağı qalır.
 
 
 
At bazarına həmişə atı tanıyan adam gələrdi, atdan başı çıxmayanların burada elə bir işi olmazdı. Alanın özü ata nabələd olsaydı, yanında hökmən atdan başı çıxan bir adam gətirərdi. Aldı-almadı ona da bir günorta qonaqlığı verərdi, qonaqlığın ağırlığı-yüngüllüyü də, şübhəsiz,  atın alınıb-alınmamasından asılı olardı.
Vəli kişi at bazarına naxırçı yoldaşı İbişlə gəlmişdi. Bu əngi əyri İbiş gecə vaxtı arvadının arzusu ilə yanan lampanı söndürə bilməyən adam deyildi. Ona at məsələlərindən başı yaxşı çıxan birisi də demək olmazdı, Vəli kişi onu yanına salıb at bazarına gətirmişdi. Başqa şeyləri demirəm, Vəli kişi at məsələsində sərraf idi. İbiş isə dədə-babadan mal-heyvanla, tövlə işləri ilə, mehtərçiliklə məşğul olardı. İbişə də elə-belə baxmayın, onun bildiyi bir şey var idi ki, onu kənddə heç kəs bacarmazdı: kimin atı doğsaydı, həmin gecə İbiş atın yanında olmalıydı, yəni İbişsiz atın doğması müşkül məsələ idi.
 
İbişin əsl adı İbrahimdir və İbrahim sözünün qol-qabırğasını sındırıb uşaqlıqdan elə ona İbiş adını yapışdıran öz  bibisi olmuşdu. Hamının qabağında nər-nər nərildəyən bibisi də açıqca demişdi ki, "İbrahim” peyğəmbərin adıdı, əgər o, böyüyəndə peyğəmbərin adına layiq olsa, əməliylə ad çıxarsa, qoy onda camaat bu yetimçəyə İbrahim desinlər, peyğəmbərin adı da ona halal olsun. O vaxt mənim də könlüm şad olar, bilərəm ki, bizim də nəsildə o müqəddəslərin adına layiq bir oğul var. Əslində, camaatın ona İbiş deməklərinə baxmayın, kənd əhli başqa bir işinə görə də onu çox istəyirdi, ona əməlli-başlı hörmətlə yanaşırdı. Bu hörmət kim İbişi haraya buyururdusa, oraya getməyi ilə qazanılmışdır.
 
Vəli kişinin at bazarına gəlməsinin əsas səbəbi İbişə yox, özünə at almağı ilə bağlıdır. Düzünə qalsa, bir az da qocalmış atını İbişə verib özünə təpərli at almaq istəyirdi. Razılaşmışdılar ki, bunun əvəzində İbiş bir-iki qoyun satıb onların pulunu Vəli kişiyə versin. Belə bir sevda baş tutsaydı, yəqin gələn həftə Vəli kişi ilə İbiş həmin qoyunları satmaq üçün mal-heyvan bazarına gələcəkdilər, İbiş də daha bundan sonra çöl-biyabana Vəli kişinin atının tərkində getməyəcəkdi.
Bu gün bazar əməlli-başlı bazar idi. Bazarda, bəlkə, 50-60 at vardı. Amma qəribədir, heç birinin səsi çıxmırdı. Səhər-səhər idimi, satılmaq üçün gətirildiklərinə görə idimi? – demək çətindi. Hər halda Vəli kişinin beynindən bir fikir keçdi ki, bu qədər atın içərisindən yaxşı at seçmək mümkün olacaq.
 
Vəli kişi İbişlə minib gəldikləri yorğa atı bazarın kənarındakı söyüd ağacının altında saxladı, Vəli kişi atdan düşüb cilovu ağacın budağına ilişdirdi. Əslində, buna o qədər də ehtiyac yox idi, çünki at Vəli kişisiz heç yana tərpənməyəcəkdi. At elə öyrəşmişdi ki, başqa birisi ona minəndə, nə illah eləsə də, yerindən tərpənməzdi. Buna görə də Vəli kişi illər boyu atı istənilən yerə hörükləyib rahatca evinə gələrdi, əmin idi ki, kimsə onun atını minib heç yerə apara bilməz. Başqa birisinin yorğa ata minib harayasa getməsi üçün gərək Vəli kişi ata bir qamçı vuraydı, yoxsa, öldürsəydin də at yerindən tərpənməzdi, bu da  Vəli kişinin öz atının dilini yaxşı bilməsi demək idi.
 
Vəli kişi ilə İbiş əvvəlcə bazarın hər tərəfini gəzib dolaşdılar. Onlar gözlərinin biri ilə atlara, biri ilə də satanlara baxa-baxa gedirdilər, Vəli kişinin atı da gözucu onlara baxırdı. Satanların xeylisi Vəli kişiyə tanış idi. Bunu salam-kəlamlarından rahatca bilmək olardı. Vəli kişi İbişə yavaşca dedi ki, çalışmalıyıq aldığımız oğurluq at olmasın. Bəzən qonşu rayonlardan oğurluq at gətirib satırlar. Sonra da onun əngəli çıxır. Yiyəsi gəlib atı tapanda bilmirsən atı yiyəsinə təhvil verəsən, yoxsa yiyəsinə deyəsən ki, get satanı tap gətir, mənim pulumu qaytarsın. İbiş də soruşdu ki, bəs onu necə tanıyacaqsan? Vəli kişi yenə də astaca dedi ki, onu atdan da, atı satandan da bilmək çətin deyil. O cür atlar həmişə ürkək olur, çünki atı satmağa gətirən onun yiyəsi deyil. Satanın isə bir gözü həmişə arxada qalır, qorxur ki, yiyəsi gəlib çıxar. Bazarda o qədər belə hadisələr olub ki! Oğurluq atı satan yerdə yiyəsi bazara gəlib çıxıb. İbiş bunu heç vaxt eşitməmişdi. Elə beləcə də Vəli kişiyə dedi, Vəli kişi də yavaşca bildirdi ki, ay yazıq, bu dünyada nə görübsən ki, nə biləsən?
 
Gəzişmə davam edirdi. Yorğa at da onları gözdən qoymayıb on il bundan qabaq bu bazardan alındığını beyninə gətirirdi. Satılan gün o qədər adam yaxınlaşıb ona baxmışdı ki, atın öz yiyəsinə yazığı gəlməyə başlamışdı, çünki atı alan yox idi. Hələ biri gəlib onun quyruğunu əli ilə oynatmışdı və quyruğunu oynada-oynada nə fikirləşdiyini yorğa at da bilməmişdi. Vəli kişi isə o zaman ata yaxınlaşanda yalmanını sığallamışdı. Onda Vəli kişinin də nə düşündüyünü demək çətin idi, amma bu sığal atın ürəyinə yağ kimi yayılmışdı.
 
Vəli kişi yorğa atla üz-üzə dayanan və ondan cəmisi on addım aralıda olan bir qonur ata yaxınlaşdı. Atın o tərəf-bu tərəfinə keçib ehmalca quyruğunu tumarladı. Yorğa at satıldığı il bir kişinin onun quyruğuna əl vurmasını beyninə gətirdi və fınxırdı. Fınxırtı səsi tanış gəldi və Vəli kişi də, İbiş də başını qaldırıb cilovu söyüd ağacının budağından sallanan ata tərəf baxdılar, çünki onlar yorğa atın fınxırmağını çox eşitmişdilər. İbiş zəndlə gözlərini Vəli kişinin üzünə dikdi, Vəli kişi də başını tərpətməklə "heç nə olmaz” işarəsini verdi. Amma Vəli kişidən çox İbiş narahat olmağa başladı, çünki İbiş bir dəfə yayın qızmar çağlarında atın ilan görəndə bu cür fınxırmağının şahidi olmuşdu. Amma adamların bol olduğu bu düzəngahda ilanın üzə çıxması müşkül məsələ idi. Hətta o da İbişin yaddaşını deşik-deşik eləməyə başladı ki, bir dəfə yorğa at o cür fınxıra-fınxıra ayağı ilə ilanı tapdalayıb öldürmüşdü.
 
Vəli kişi buradan uzaqlaşıb başqa atın yanına yaxınlaşdı. İbiş də naəlac qalıb onun dalısıyca getdi. Yorğa at da gözünü onlardan bir an belə çəkmirdi və yenə o günləri beynindən keçirirdi ki, çöldə nə qədər buzov doğulsaydı, onların hamısını yorğa atın belinə yükləyib kəndə gətirərdilər. Həm də yorğa at heyvan sürüsünün yanında gedən və belindəki xurcunda 4-5 quzu daşıyan boz eşşəyi xatırlayıb özünə şükür edirdi. Hətta o da vardı ki, iki buzov doğulanda geri qayıdıb ikincisini də gətirərdi.
 
Vəli kişi çəhrayı rəngli bir atın yanında dayandı, bu, təpərli ata oxşayırdı. Vəli kişi sahibindən soruşdu ki, yorğa yerişi varmı? O da cavab verdi ki, yorğa yerişi var, amma gec işə düşür. Vəli kişi atın ağzını aralayıb dişlərinə baxmaq istədi. Bunu uzaqdan hiss edən yorğa at ayaqlarını yerə döyüb başını söyüd ağacına sürtməyə başladı. Vəli kişi də, İbiş də heç geri qanrılıb baxmadan atın təpiyini yerə döyməsindən bildilər ki, o, yorğa atdır. İbiş yenə narahatlığını hiss etdirdi. Vəli kişi də eynən bayaqkı kimi başının hərəkəti ilə işarə verdi ki, narahat olma, sonra da güc vurub yanındakı atın ağzını araladı, dişlərinə baxdı. Heç bir söz demədi. Vəli kişinin gözləri atın gözlərinə sataşdı və atın gözlərində kədər göründü, tez də sahibindən soruşdu ki, bunun balaları haradadır? Sahibi də gözləmədən cavab verdi ki, Allahdan gizlin deyil, bəndədən nə gizlədim, atın heç bir balası sağ qalmayıb, doğulan kimi ölüblər. Vəli kişi də "at körpə vaxtı boğulan zaman bərk qorxub”, – deyərək uzaqlaşdı.
 
Yorğa at beynindən Arazın daşıb kəndi sel aparan günü gəlib keçdi. O zaman sel qoyunu, quzunu, keçini, çəpişi qabağına qatıb daşın, divarın, çəpərin, təpənin, yerdən bir boy qalxan yulğunların dibinə sürükləmişdi. Həmin vaxt onların hamısını yorğa atın gücünə yığıb-yığışdırmışdılar. Onda Nazəni arvad hamının əvəzindən atın üz-gözündən öpüb bayatı deyirdi. Elə atın da gözlərindən yaş axırdı. Vəli kişinin qaşqa atın yanında dayanmağı ilə kəndi sel aparan gün yorğa atın yadından çıxdı. Yorğa at canavar görmüş kimi gözləri bərələ-bərələ həm Vəli kişiyə, həm İbişə, həm də daha çox qaşqa ata baxırdı. Hələ yönünü də dəyişmişdi və az qalırdı cilovunu dartılıb qırsın.
 
Vəli kişi atın həndəvərinə dolandı. Hər tərəfini diqqətlə nəzərdən keçirdi. Onun nə axtardığını satan da, İbiş də başa düşmədi. Amma Vəli kişi atın başına elə-belə dolanmazdı. Sonra sahibindən soruşdu ki, hansı tərəfdən gətiribsən? O da cavab verdi ki, bulaq başından. Vəli kişi bilirdi ki, bulaq başının atları qıvraq olurlar, qoşquya da çox yararlı idilər. Ürəyindən keçdi ki, pulun ola, bunu alıb kəndə aparasan, kəndin işini təkcanına görüb qurtarar. Ələlxüsus da, tənbəki qırımı vaxtı camaatın əlindən tutar. Ona görə ki, qırılmış tənbəkini daşımaq üçün maşın gün günorta olanda gəlib çıxırdı. Amma ata bir araba qoşub camaatın işini səhər erkəndən görmək olardı. Vəli kişi qəfildən ağlına gələnləri unudub yenə atın sahibindən soruşdu ki, bu atla nə iş görübsünüz? O, "elə-belə”, – deyib bir az da qımışdı. Vəli kişi: "xeyirli olsun”, – söyləyib oradan uzaqlaşdı.
 
Yenə atların arasıyla dolaşa-dolaşa gəzməyə davam etdilər. Atlar yavaş-yavaş hərəkətə gəlmişdilər. Əvvəlki sakitlikdən əsər-əlamət qalmamışdı. Hətta bir-birinə təpik atanları da var idi. Bəzilərinin də qabağına bazarın yanından pulla aldıqları saman tökmüşdülər.
Vəli kişi bazardan bir az kənara çıxdı. Göz işlədikcə uzanan zəmini seyr etməyə başladı. Bu il bol taxıl olacaqdı. Atları yemdən korluq çəkməyəcəkdilər. Xəyalı həyətlərindəki samanlığa gedib çıxdı. Keçən il topladığı samandan xeyli qalmışdı. Amma hökmən əlavə yem yığmaq lazım idi. Qışı bilmək olmurdu. Bəzən qış elə sərt gələrdi ki, at da, mal-qara da bayıra çıxa bilmirdi.
 
Vəli kişi yenə ucu-bucağı görünməyən zəmiyə göz gəzdirib üzünü İbişə tərəf çevirdi:
– Yorğa atı sən saxlaya biləcəksən? – soruşdu. İbiş də tez cavab verdi.
– Niyə saxlamıram. Onu göz-bəbəyi kimi qoruyacağam.
 
İbiş bu sözləri çox böyük inamla dedi. Həm də ürəyində qorxurdu ki, Vəli kişi birdən yorğa atı ona verməz, başqasına satar. Elə bu indi bazarın içinə çəksə, beş dəqiqəyə satacaq.
 
Vəli kişi yenə dilləndi:
– Bilirsən niyə deyirəm? Qorxuram ki, at sənə yovuşmaya.
–Yox, yox! At məni tanıyır, mən də onu. Heç bir şey olmaz.
Vəli kişi qəribə bir baxışla gözünü İbişə zilləyib dedi:
– Bax, səhərdən fikir vermirsən? Bayaqdan hay-həşir salıb. Gah fınxırır, gah təpiyini yerə döyür, gah da başını söyüd ağacına sürtür.
İbiş mat-məəttəl qaldı. Heç ağlına gəlməzdi ki, yorğa at nəsə "deməyə” başlayıb.
Vəli kişi: "Ya Allah!” – deyib əvvəlcə baxdığı və yorğa atla üz-üzə dayanan qonur ata tərəf addımladı. Gəlib düz onun qabağında dayandı. Bütün nəzərlərini ata tərəf yönəltdi. Bu zaman yorğa at təhlükə duyan kimi qulaqlarını şəkləyib Vəli kişiyə və qonur ata tərəf baxırdı. Yorğa atın içinə elə bil üşütmə düşmüşdü.
 
Vəli kişi sahibinə pıçıldadı ki, onun yaxşı at olduğunu bilirəm. Özü də az minilib, bəlkə, heç çapılmayıb. Satan dedi ki, düzdür, bu atı qardaşım göz bəbəyi kimi qoruyub. Qardaşım müəllimdir, qonşu kənddə işləyirdi. Oraya getmək, evə qayıtmaq çox çətin idi. Bu atı ancaq məktəbə getmək üçün almışdı. İndi təqaüdə çıxıb. Altı-yeddi ay da elə-belə saxladıq, dedik, bəlkə, lazım olar. İndi görürük ki, yox, bizə ehtiyac deyil. Ona görə satırıq.
Vəli kişi atın yalmanını sığallamağa başladı, boynunu tumarladı, əlini sevə-sevə üzündə gəzdirdi. Yorğa atın kişnərtisi eşidildi. Beynindən keçdi ki, Vəli kişi onu alanda da beləcə yalmanını sığallamışdı, boynunu tumarlamışdı, üzünə əl gəzdirə-gəzdirə əzizləmişdi.
 
Vəli kişinin bir gözü də yorğa atda idi. O, yorğa atın nə edəcəyini hələ təsəvvür eləmirdi, ya da təsəvvür eləmək istəmirdi.
Vəli kişi qonur atın yiyəsinə pul verib onunla halallaşandan sonra atın cilovundan tutub yorğa ata tərəf getməyə başladı. Bunu görən yorğa atın ayaqlarını yerə döyməsi, kişnərtisi bazarı vəlvələyə saldı. Hamı yorğa ata tərəf baxırdı. Qonur at ona lap yaxınlaşırdı ki, yorğa at cilovu dartıb qırdı və yaşıl zəmi boyu dağlara tərəf üz tutdu. Yorğa atın qaçışı canavardan qorxub qaçan atın qaçışına oxşayırdı və Vəli kişi əmin idi ki, İbiş atsız qalacaq...
 
Kamran İmranoğlu (Əliyev) 
 
Ankara
25.10.2018
 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9369
GEL 1 1 Gürcüstan larisi 0.6383
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2074
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7107
KWD 1 1 Küveyt dinarı 5.6057
TRY 1 1 Türkiyə lirəsi 0.3176