• çərşənbə axşamı, 19 mart, 06:26
  • Baku Bakı 8°C

Qaragöz - Roman

06.01.21 15:45 5502
Qaragöz - Roman
İkinci Qarabağ Müharibəsində doğma ocaqları işğaldan azad olunan vətəndaşlara ithaf olunur

Birinci hissə

Qaragöz titrək bədəni əsə-əsə yenə dartindi. Çatı qəribə bir materialdandı, dartildıqca nazilir, sanki iti bir bıçağa dönürdü, Qaragözün boynundakı çapığı həm böyüdür, həm də dərinləşdirirdi. Ordan peyda olan qan əvvəlkinin üstünə hopur və yerindəcə quruyurdu.
Artıq bədənindəki agrılar Qaragözü narahat etmirdi. Dözəcəkdi, təki bu bəladan qurtarsın, təki azad olsun. Catıdan qurtarsaydı, yolun o biri tərəfindəki yamyaşıl bağa - parka qacacağdi, maşından düşürüləndə görmüşdü, adam boyundan da böyük olan ağacların arası ilə yüyürəcəkdi... Təki burdan qurtarsın, bir də axşam tez gəlsin - gecənin qaranliğında yox olmağa nə var ki...
Bunlar sonra, Qaragöz çatını qıra bilsə, baş verəcəkdi, amma indi onun hərəkətlərinə tamam başqa istək hakim idi – necə etsin ki, catıdan xilas olsun?..
Bunun üçünsə gücünü saxlamalı idi. Yeməli idi, icməli idi. Qaragöz sonuncu dəfə dünən axşam yemişdi. İndi qabağına atilmış bir cəngə ot yarım kəsilmiş maşın təkərindəki su kimi neft qoxusu verirdi. Dünən Hasan naxırı Qoşa Qarın tam zirvəsinə, xam örüş yerlərinə qaldırmışdı. Qaragöz yenicə açılmız cicəklərin tər qoxusundan məst ola-ola doyunca otlamışdı, Buz gölün buz kimi suyundan da doyunca içmişdi, kefi kökəlmişdi, o yan bu yana qaca-qaca oynaqlamışdı. Hətta bir dəfə naxırdan uzaqlaşdığına görə Hasanın zoqal çubuğuna da tuş gəlmişdi.
Naxır arxaca enəndə Hasanın onu həzin-həzin oxşaması, tumarlaması Qaragözün diqqətindən yayınmamışdı. Elə gəlmişdi ki, sahibi onu Qoşa Qarın zirvəsində zöğal cubuğu ilə vurduğuna görə öz günahını, təqsirini yuyur. Bir az da ərköyünləşmişdi, Hasan əlindəki çatını Qaragözün başına keçirəndə etiraz belə etməmişdi. "Böyümüşəm, yəqin ki” düşünmüşdü.
Bir qayda olaraq naxırda inəkləri, inək olmağa hazırlaşan düyələri arxaca çəkib başlarından bağlayırdılar. Buzovları da gecənin ayazı tutmasın deyə xüsusi hazırlanmış alaçığa salırdılar. Qaragöz kimi gənc danalar isə azad və sərbəstdilər. Böyüsələr də adətən analarının yanında uzanıb yatardilar, kefləri istəyəndə naxırın dövrəsində gəzişər, gecənin şehi düşmüş göy otlardan aram-aram yeyərdilər. Bəlkə ona görə daha tez böyüyür, daha ətli-qanlı olurdular.
Hasanın onu inəklərin, düyələrin bağlandığı arxaca tərəf yox, bir az kənarda, arxaca gələn yolun başında gündüzdən çaldığı mıxa tərəf aparması Qaragözə qəribə gəldi, bir az da qururuna toxundu. Bir necə addım atıb dayandı. Dartındı ki, Hasanın əlindən çıxsın. Alınmadı, çünki Hasan çatını möhkəm tutmuşdu. O, mixa tərəf bir neçə addım atdı və çatını arxasınca çəkdi. Qaragöz qabaq ayaqlarını cütləyib yerindən tərpənmədi. Onun bu hərəkəti Hasanı əsəbiləşdirdi. Əyilib bayaq kənara atdığı zoğal cubuğunu götürdü, yuxarı qaldırıb Qaragözün beli uzunu endirdi. Və amiranə: "Gəl, azar dəymiş, yoxsa qabırğalarını qıraram”, - çəmkirdi. Zoğal cubuğunun ağrıları, Hasanın zabitəli səsi Qaragözü ayıltdı. O, ölü addımlarla sahibinin arxasınca düşdü. Hasan çatını mıxa bagladı. Belini dikəldib çubuğu kənara atdı. Ancaq bundan sonra sifəti dəyişdi, üzündə bir anlıq yaranan xoş təbəssüm acı kədərlə əvəzləndi, amma səsi həmişəki kimi mülayim idi. Həmin səsilə Qaragözü yenidən oxşamağa başladi. Onu təriflədi, buzov olanda buzovların gözü, dana olanda naxırın tacı olduğunu şeirə düzüb zümzümə etdi. Onu da anlatmağa calışdı ki, bu vaxtacan Dəli Düyənin dişi törəməsinin hec biri satilmayıb, bankdan aldıqları kreditin vaxtı kecdiyindən və əmisi uşaqlarının Urusetdən hələ pul göndərə bilməməsindən yana qocanın məsləhəti ilə ilk dəfə belə addım atıb Qaragözün satilması ilə razılaşmışdı... Düzünə baxsan, heç razılaşmamışdı da.
Hasan zümzümə edə-edə barmaqlarını Qaragözün yenicə cixmış balaca buynuzlarında gəzdirdi. Onlar böyümüşdü, niyə əvvəl bunu görməmişdi, özünə acığı da tutdu. Sonra Qaragözün boynunu tumarladı, zoğal cubugunun dəydiyi yerləri ehmalca sığalladi. Qaragoz bayaqkı agrılarını unutdu. Hasandan inciməkmi olardı, onun hərəkətlərinə cavab olaraq yüngülcə finxırdı, başını arxaya çevirib Hasanın ona sığal çəkən barmaqlarını qoxuladı, dilinin ucu ilə onları yaladı. Bir müddət beləcə Hasan Qaragözü, Qaragöz Hasanı oxşadı, sığallaşdılar. Sonra Hasan onun boynunu qucaqlayib alnını alnına söykədi. Bir müddət beləcə qaldılar.
Və xəyal Hasanı xeyli əvəllə - Qoşa Qarın yamacına apardı. Onda bəlkə bir az gec çatsaydı, heç Qaragöz də sağ qalmayacaqdı. Anası Ala Düyə Canavarın qabağında çətin ki, səhərəcən tab gətirə biləydi...
Düz bir il əvvəl həmin axşam Ala Düyə çöldə qalmışdı. Hansısa heyvanın çöldə qalması Hasanı elə də narahat etməzdi. Çünki buralarda heyvanlar özlərini canavarlara cox nadir hallarda yem edər, özü də Ala düyə olsun. Amma Ala Düyənin dünyaya buzov – yəni Qaragözü gətirməsi gözlənilən idi. Hasan buna görə narahat idi. Bilirdi ki, Ala Düyə çöldə doğsa, balasını qoyub gəlməyəcək. Zəif buzovu qurd-quş tələf edə bilərdi. Ona görə də Hasan vaxt itirmədən zogal çubuğunu da götürüb Qöşa Qar tərəfə üz tutdu. Xeyli gəzdi. Yorulanda hiss etdi ki, gecə yarıdan keçib. Axşamkı səs-küydən – quşların cəh-cəhindən, Qoşa Qarın zirvəsindən gələn çaqqalların ulaşmasından əsər-əlamət qalmamışdı. Tam sakitlik idi. Hardansa yadına babası ilə Qoşa Qarda Dəli Düyəni axtarmaları düşdü. Bu coxdan olmuşdu, onda Hasanın hec 7 yaşı yoxuydu. Gecə yarısına qədər gəzmişdilər. Hər tərəfə sükut çökəndə babası onun sakit dayanmasını istəmişdi. Özüsə qulaqlarını ovuclarının icinə alıb aramla dövrə vuraraq ətrafdakı səsləri dinşəməyə başlamışdı. Beləliklə babası Dəli Düyənin yerini müəyyənləşdirə bilmişdi. Hasanın sonralar bu usulu yoxlamaq imkanı olmamışdı. İndi tam vaxtı idi, zamanı çatmışdi.
Hasan əlindəki zoğal çubuğunu bir tərəfini mamır basmış daşa soykədi. Ovuclarını yarım qövs şəklinə salıb qulaqlarına dirədi. Əvvəlcə uzaqlardan, Qoşa Qarın o biri səmtində qonşu kəndin yurd yerlərindəki coban itlərinin yorğun səslərini eşitdi. Ağlına da gəlməzdi ki, o boyda məsafədən itlərin hürüşməsi buralara gəlib cıxsın. Səs zəif idi, arada da itib batırdı. Hasan Qoşa Qarın ayağındakı Göy Qayaya çırpılan küləyin səsini də digər səslərdən ayırd edə bildi. Səslər bir-birlərini əvəz edirdi: hansisa quşun harayı, bir az aralıda uçan böcəklərin səsi, hətta burnuna qonub onun qanını sormağa hazırlaşan ağcaqanadın vızıltısı. Bunların arasında o, Ala Düyənin də fınxırtısını eşitdi. Hasan daşa söykədiyi zoğal çubuğunu da götürüb səs gələn tərəfə catanda gözlərinə inanmadı. Ala Düyə yenicə doğduğu Qaragözu ayaqları arasında saxlayıb Canavardan qoruyrdu. Canavar tək idi, hansı tərəfdən yaxınlaşmaq istəyirdisə, Ala Düyə tez o tərəfə cevrilib böyük, iti buynuzları ilə onu yaxın buraxmırdı. Yazıq inək o qədər dövrə vurmuşdu ki, sanki böyük bir dairənin dizə çatan otunu kimsə səliqə ilə biçib yerə düzmüşdü. Hasan "gərək silahı da götürəydim” fikrini ani olaraq beynindən keçirdi. Amma gec idi. Yeganə ümid zöğal cubuğunaydı.
Hasanın gəlişindən hər iki tərəf bir anlığa donub qaldı. Ancaq bu, cox cəkmədi. Canavar fürsəti bada vermədən ayaq izindən tapdaq olmuş, amma hələ təravətini itirməmiş goy otun üstü ilə cəld Ala Düyəyə tərəf süründü. Ona catdı. Hasan Canavarın başını Ala Düyənin boğazının altında gəzdiyini görəndə qeyri-ixtiyari: "Ay qurd, Tanrının qəzəbinə gələsən, rədd ol!” - deyə cox-cox uzaqlara da hakim kəsilən, özünün də gözləmədiyi gur səslə qışqırdı. Səsi dalğa-dalğa uzaqlara yayıldı. Səsinin əks-sədası Göy Qayaya dəyib qayıdanda özü də diksindi, saçları biz-biz oldu. Bunu necə etmişdi, bu səs ondan necə çıxmışdl, özü də bilmədi. Hasanın səsindənmi, yoxsa kim bilir nədən Canavar bir göz qırpımında kənara çəkildi. Özünə gələn Ala Düyə bu dəfə həmləni dəf edirmiş kimi Canavarın üstünə şığıdı, Canavar fənd işlədib əvvəlcə dal-dala geri çəkilib inəyi buzovdan uzaqlaşdırdı, cəld atılıb inəyin arxa tərəfinə kecdi, vəziyyət elə gətirdi ki, bayaq Ala Düyənin ayaqlarına dolaşan, hələ də ana dölündən tam ayrılmayan Qaragöz Ala Düyə ilə Canavarın arasında qaldı. Canavar Qaragözə tərəf yeridi. Hasana elə gəldi ki, o, bu saat Qaragözü parcalayacaq. Hövlanak zöğal çubuğunu başı üstünə qaldırıb heç nə ifadə etmyən, zərrə qədər də anlaşılmayan səslə yenidən qışqırdı. Qəribə idi, Canavar bu dəfə hec nə olmamış kimi davrandı, başını əyib Qaragözü qoxuladı. Ala Düyə fürsət tapıb Qaragözün başının üstünü alinca, Hasanın başı üstünə qaldırdığı zoğal çubuğu enincə Canavar kənara çəkildi, agır-ağır, saymazcasına Hasana tərəf boylandi, onun parlayan gözlərindəki iti baxışları Hasanı üşütdü. Canavar dayanmadı, ağır-ağır da addımlayıb qaranlığın dərinliklərinə yollandı.
Hasan özündə deyildi, geyri-ixtiyari əlini başına apardi, tükləri biz kimi olmuşdu. Düzü, əməllicə qorxmuşdu. Ürəyinin döyüntüsünü kənardan da eşitmək olardı. Ömüründə ilk dəfə idi ki, Canavarı yaxından, bir necə addımlıqdan görmüşdü.
Hələ lap uşaqlıqda, atası onu tətildə Qoşa Qara gətirəndə canavarlar haqqında çox eşitmişdi. Yadındadır, gecələr yuxuya gedə bilməyəndə nənəsi ona canavarlardan elə oradaca quraşdırdığı nağıllar danışardı. Həmişə də nağillar xoş sonluqla bitərdi. Dağlarda azan uşaqları, balaca buzovları, keciləri, quzuları canavarlar səhərə qədər öz balalarının yanında saxlar, səhər də valideynlərinə qaytarardılar... Elə o vaxtdan Hasanda belə təsəvvür yarandı ki, uca dağların, geniş düzənlərin, elə Qoşa Qarın da sahibi canavarlardır.
…Valideynlərini vaxtsız itirəndən sonra Hasanı tərk etməyən tənhalıq hissi yenidən ona güc gəldi. Ala Düyəyə yaxınlaşıb boynunu qucaqladı, qaranlıqda hiss etdi ki, inək su içindədir. Ürəyində onunla qürurlandı. "Dəli Düyənin südü halalın olsun”- deyə pıçıldadı. Buzovun qalxmasına kömək etdi. Buzov ayaqlarının üstündə güclə dura-dura başını anasının süddən partlayacaq əmcəklərinə tərəf apardı və bir müddət beləcə qaldı.
Sonra Hasan buzovu ciynindən aşırdi və Ala Düyəni də qabağına qatıb yurd yerinə gələndə Canavarın onları uzaqdan-uzağa izlədiyini hiss etdi. Bütün bunlardan sonra Canavar nə istəyirdi? İstəsə bayaq Qaragözü apara bilərdi, hətta Hasanı da pərən-parca edərdi. Zoğal çubuğu ilə nə edəcəkdi ki. Bəs onda niyə Qaragözə, onun özünə toxunmadı? Bu fikirlər uzun müddət, elə indi də Hasandan əl çəkmir.
Hasan Canavarda ona tanış gələn nəyisə sezmişdi. Qanığa bənzəyirdi, bu, şəksiz idi. Boyu, quyruğu, ayağını atması, üz quruluşu elə Qanığınkı idi. Saymazyanalığı da öz yerində…
Hasan bunu babasından eşitmişdi. Babası da öz babasından. Əhvalatı hərə bir cür danışardı, amma ana xətt eyni idi: bir dəfə Qoşa Qarda sürüyə cumub bir neçə qoyunu məhv edən canavarı babası özünün osmanlı beşaçılanı ilə ağır yaralamış və qanının izinə düşüb onu yuvasına qədər təqib edibmiş. Yuvada yenicə doğulmuş, hələ gözü acilmamış canavar balasının anasının qanlı döşlərini acgözcəsinə necə sümürdüyünü görübmüş. Bu səhnədən sarsılan baba geri dönüb sürüdəki ən gözəgəlimli toğlulardan birini kəsmiş, özü ilə götürərək birbaşa canavarın yuvasına yollanıbmış. Amma gec imiş. Babası balanı anasının döşlərindən zorla qoparıb yurd yerinə gətiribmiş. Canavar balası tezcə boyümüş, yurd yerini, sürüləri göz bəbəyi kimi qoruyan itlərə qoşulubmuş. Qanığın nəsli də onun törəməsindən imiş, hələ o vaxtdan adamlar onun balası üçün növbəyə dururlarmış…
Amma Canavar coban itlərinin icində cox duruş gətirməyib günlərin birində genimişdi. Onu başqa canavarlarla görənlər də olmayıb. Bunu da söyləyirlər ki, o, sürünu tərk edəndən sonra çöldəki heyvanara başqa canavarlar da yaxın gəlməyiblər. Bunu da həmin onunla bağlayırlarmış. Buraların adamları indi də elə fikirləşirlər. Kimin nəyisə çöldə qalırsa, onu Qurdun cəddinə tapşırır…
Sonralar Canavarın cəsədini Qoşa Qarın ətəyində yolun qıvrılıb Göy Qayaya dönən səmtində görübmüşlər. Elə o vaxta qədər də həmin ərazi Qurd Ölən Yer adlanırdi…
O vaxtdan düz bir il keçib. Qaragöz günü-gündən böyüdu, o biri inəklərin südünü sağıb bidonlara dolduranda, onun anasına toxunan olmadı. Hər nəyi vardısa, Qaragözə qaldı. Ən xam yerlərdə otladı, bulaqların ən sərin sularından içdi. Boyüdü, böyüdükcə naxırın ən ərköyün büzövüna, danasına çevrildi.
… Hasan qollarını Qaragözün boynundan cəkmək, alnını onun alnından ayırmaq istəmidi. Keçmişin xatiratı onu qəhərləndirmişdi, o qədər gövrəlmişdi ki, gözlərinin yaşını saxlaya bilmirdi. Yaş Hasanın sifətində iki cığır əmələ gətirmişdi, oradan da Qaragözün düz burnunun ucuna damcılayırdı. Hər damcıda Qaragöz uzun dilini daha da uzadıb damcı düşdüyü yeri yalayırdı. Nəhayət Qaragöz dözmədi, başını tərpətdi, yana çevirdi. Qayıdıb bir anlıq iri, qara gözlərini Hasan tərəfə zillədi. Hasanın gözlərindən axan yaşın sifətində saldığı həmin iki cığır Qaragözün yaddaşına həmişəlik həkk oldu.
Səhər hava işiqlanar-işiqlanmaz Hasan heyvanları örüşə çıxaranda Qaragöz tərəfə baxmadı da. Ürəyi gəlmədi. Onu son dəfə görmək istəmədi. Arxacdakı bağlı heyvanları səssizcə çatıdan açdı, qabağına salıb alacıqdan uzaqlaşdı. Qoca yaşlaşmışdı. Ona görə adətən Hasan alaçıqda olmayanda buraların gözətciliyini Qanıq edərdi. Adam nədi, heç quş quşluğu ilə buralarda səkə bilməzdi. Amma səhər Hasan onu sakitcə səslədi, yanına çağırıb zəncirinə bağladı. Bilirdi ki, Qanıq şəhərdən gələnlərə imkan verməyəcəkdi ki, alaçığa yaxınlaşalar, üstəlik hələ Qaragözü də maşınlarına qoyub aparalar…
Deyilən kimi də oldu. Hasan yenicə uzaqlaşmışdı ki, Qanıq uzaqdan gələn maşın səsinə duyuq düşdü, bir ağız ünvansız hürdü də. Həmin səs getdikcə yaxınlaşdı. Əvvəlcə uzaqdan qaraltı göründü. Sonra qaraltı yavaş-yavaş böyüdü, maşına döndü.
Düz gəlib Qaragöz baglanan mıxın yanında dayandı. Maşında iki nəfər var idi. Əmin olanda ki, Qanıq bağlıdır, cəsarətlənib yerə düşdülər. Çadırın yanında oturan Qocaya: "A kişi, aparırıq ha!”-deyən bir az yaşlı, yekəpər adam dərhal Qaragözə yaxınlaşdı, onun boynunu burub yerə sərdi. O birisi isə əlindəki kəndirlə Qaragözün ayaqlarını cütləyib bagladı. Sonra biri başından, digərisə quyruğundan tutub onu maşının yük yerinə atdılar. Qaragözü bu halda görən Qanıq cox cəhd etdi, zənciri qıra bilmədi. Özünü tanıdığı vaxtdan bəri bir kərə də olmamışdı ki, ona tapşırılan, ona həvalə olunan ərazidən kimsə nəyisə ondan ixtiyarsız apara bilsin. Zəncir möhkəm idi, həm də qalın və ağır idi, hansı mənanı ifadə etdiyi bilinməyən həlqələr bir-birinə səliqə ilə möhkəm bənd edilmişdi. Cox-cox əvvəllər, hələ Nikolay taxtda olanda ulu babası 7 toglu verib onu Dəmirci Ləzgiyə düzəltdirmişdi. Onilliklər keçmiş, nəsillər dəyişmiş, itlər bir-birini əvəz etmişdi, amma həmişə itlərin ən qorxmazı, ən etibarlısı bu zəncirə bağlanmışdı. Sanki zəncir onlara daha möhtəşəm görkəm verirdi. Yüz ildən coxuydu həmin zəncirə yalnız Qanıq nəslinin nümayənədəsi bağlanardı. Bir dəfə yaylağa kinocəkənlər də gəlibmiş. Aralarındakı xaricdən gələn qonaq nəyi təklif etmişdisə, həmin zənciri ala bilməməşdi.
…Yox. Qanıq bu vəziyyətlə barışmayacaqdı. Heysiyyatına toxunulmuşdu. Zəncirdəcə ürəyi partlayacaqdı. Anlamışdı ki, zənciri qıra bilməyəcək. Zəncirsə hələ suyu cəkilməmiş ağac budağından hazırlanan mıxa bərkidilmişdi. Qanıq nə edəcəyini aglına gətirdi O, bir andaca mıxı dişləri ilə çilik-çilik edəcəydi və maşının dalınca götürüləcəydi. Maşındakılar onu görüb sürəti daha da artıracaqdılar. Toz dumanı Qanığı bir anlığa görünməz edəcəydi…
Elə o gün həmin maşında Qaragözü şəhərə gətirdilər. Ət mağazasının qabağında yük yerindən çəkib saldılar. Ayaqlarını açdılar, Qaragöz güc-bəla ilə qalxa bildi. Yekəpər kişi: "indi gecdir, sabah erkən kəsiləcək, aparın onu bağlayın o ağaca!” - əmrini verdi və əli ilə dükanın qabağındakl tənha soyüdü göstərdi.
Ət dükanı dayanacagın yaxınlığında bir mərtəbəli binada yerləşirdi. Sahibi həmin kişi idi, əli ilə söyüdü göstərən, rayonlardan ucuz qiymətə aldığı heyvanları kəsib satmaqla məşğul olurdu. Dünən biləndə ki, Qoşa Qarda kreditə görə kimlərisə bərk sıxırlar, tez əlaqə yaratdı, dəyər-dəyməzinə qiymətini sövdələşdi. Hasanın da başqa çarəsi qalmamışdı. Nə qədər calışmışdı Qaragöz satilmasın, ancaq qoca baqmağını Qaragözə tuşlayıb durmuşdu. Qoca niyə belə edir, Niyə məhz Qaragöz. Hasan cavabını tapa bilmirdi. O, borc üçün kimin yanına getmişdi, əli boş qayıtmışdı. Bəziləri də ona görə verməmişdi ki, onlar kreditlərini qaytara bilməsin, buralardan çəkilib getsinlər. Qoşa Qarın xam yamacları, bulaqların sərin suları özlərinə qalsın.
…Mənzərə Qaragöz üçün tamamilə yeni idi. Döğuldüğu gündən onun gördüyü Qoşa Qarın yamacları olmuşdu, buz kimi bulaqlar olmuşdu, bir yerdə otladıqları inəklər idi, buzovlar idi, özü kimi danalar idi, Qanıq idi, qoca idi, bir də Hasan. Bir neçə dəfə də yuxarı köç yerlərinə gedib-gələn ağ rəngli maşınını görmüşdü. Doğulan günü gördüyü Canavarı da elə ertəsi gün unutmuşdu. İndi torpağın asfaltla örtüldüyünü ilk dəfə görürdü, həmin asfaltın üstündə o yan - bu yana tuğyan edən irili-xırdalı maşınları ilk dəfə görürdü, onların ugultulu səsini, zilə qalxan siqnallarını ilk dəfə eşidirdi. Hava da mazut qoxusu verirdi, qabağına atılan ot da, su da, bağlandığı söyüdün əyilən budağındakı yarpaqlar da.
Mənzərə onu vahiməyə salmışdı. Maşınların hər uğultusunda, hər siqnalında diksinirdi, həyəcandan əsən bədəni ilə kəndirə sarılırdı kı, onu qırsın, bu zülmdən canını qurtarsın.
…Qaragöz dünən axşamdan Qoşa qarın zirvəsində nə yemişdisə, onun üstündə idi. İnsafsızlar gün ərzində ona bir qurtum da su verməmişdilər. Yaylaqda necə ayaqlarını bağlayıb maşına atmışdilar, eləcə də bir baş ət dükanına gətirmişdilər. Qaragöz sanki taleyi ilə Hasan onu yolun başındakı mıxa bağlayanda barışmışdı. Qanıq gecə bir necə dəfə onun başına fırlansa da, quyruğunu oynadıb atilib düşsə də, eyninə almamısdı. Bəlkə elə gecəykən zor gəlib mixı cixardıb buralardan genimə olardı. Tək-tənha, Hasansız nə edəcəydi ki?! Kimə lazım olacaqdı? Ona görə də şəhərdən gələn adamlara da müqavimət göstərmədi. Ayaqlarını bağlayib onu zorla maşına atanda bilmişdi ki, adamlar da müxtəlif olur, sən demə hamı Hasan kimi deyilmiş…
Nədənsə Qaragöz yaşamağın ləzətli, şirin olmasını ilk dəfə indi –maşında yol gələndə duydu. Ona görə necə olursa-olsun qaçacağını düşündü. Yol boyu cəhd etdi ki, ayaqlarını kəndirdən çıxarsın, amma heç cür alınmadı… Onda hər şeyin yuxu olması arzusu ilə gözlərini yumdu. Yumdu ki, bir də gözünü açanda özünü Qoşa Qarda görsün. Elə də oldu. Gözlərinin qabağına Qoşa Qar gəldi, Hasanın ağlamaqdan qızarmış gözləri gəldi, tez də kecdi. O, Qanığı da gördü, düzdü, zəncirdə idi, amma hürmürdü. Səsi dəyişmişdi, ləhləyirdi. Ləhlədikcə zəncirdəki polad halqalar bir birinə dəyirdi. Qaragöz gözlərini acmadı ki, yuxu bitməsin. Həmin səs – Qanığın və zəncirin polad halqalarının musiqiyə bənzər ahəngdar səsi ət dükanına qədər Qaragözü izlədi…
…Bazar günü səhər tezdən olduğundan adamlar alış-veriş üçün şəhərə axışırdı, xarici markalı yeni maşınların arasında kuzalarina qədər qoyun-quzu ilə yüklənmiş iri maşınlar da az deyildi. Bunun Qaragoz üçün əhəmiyyəti yox idi. O əyilib suyu qoxuladı. Su isti idi, qəribə qoxusu vardı. Qoşa Qarın suyu hara, bu hara. Ciyəri yanırdı, güc-bəla ilə bir qurtum içə bildi. Otu isə yeyə bilmədi. Qoşa Qarın otuna hec oxşamırdı, mazut qoxusu verirdi.
…Kəndiri qırıb qaçmaq istəyi onu tərk etmirdi. Birdən qulağına iri maşınların səs-küyünə qarışan, amma onun ücünsə döğma olan bir səs gəldi. O səsdən Qaragöz diksindi, qamətini düzəldib qulaqlarını səs gələn tərəfə şəklədi. Qaragöz o səsi tanıdı. Qanıq idi, Qanığın səsi idi. Bəs özü hanı? Niyə görünmür?
Qanığın səsi Qaragözü bir anın icində başqalaşdırdı, agrısını, aclığını, susuzluğunu unutdurdu, yadına Qoşa Qarı, onun ünyetməz otlaqlarını, buz kimi bulaqlarını saldı. Hasanın onu oxşamasını, tumarlamasını, həm də o gün zoğal cubuğundan aldığı ağriları xatirlatdı. Amma o ağrılar, o sızıltılar ona indi necə də xoş, şirin gəldi, kaşki Hasan əlində həmin zoğal çubuğu burda olaydı.
Nələr olur, Qaragöz özü də anlamadı. Boğazının agrısına məhəl qoymadan var gücü ilə bağlandığı söyüd ağacının əksinə tərəf dartindi. Və ağacı yerindən qopara bildi. İndi yol onun idi. Dərhal maşınları yara-yara ağacların sıx olduğu parka, Qanığın səsi gələn tərəfə götürüldü... Cəhd etdi ki, yolu keçsin, mümkün olmadı, sağdan şığıyan mersedesin zərbəsindən başqa bir maşına dəyib top kimi göydə bir neçə dəfə fırlandı və düz yolun ortasına düşdü. Ətrafı maşınların əyləc, siqnal səsləri bürüdü. Həyat dondu, hərəkət dayandı. Bu axını saxlayan, dayandıran o idi.
Amma tezliklə sükut pozuldu. Adamlar tələsik maşınlardan düşüb Qaragözə tərəf gəldilər. Qan gölməçəsində taqətsiz qalan Qaragözü əhatəyə aldılar. Bir kisi basını kabineden çıxarıb yerdəkilərə səsləndi: "Yiyəsini tapin, tez kəssin, murdar olandan sonra hec it də yeməz”. Bir başqası agzı sulana-sulana: "Yaxshı da əti varmis, kabablıqdı esl”- dedi.
Bürkü idi, asağıdan da asfaltın istisi nəfəs almağa imkan vermirdi. Bilmirdi, nə baş verib, amma hər yeri ağrıyırdı. Cox qan itirdiyindən getdikcə zəifləyirdi. Qaragöz birtəhər gözlərini aça bildi.
Ətrafına toplaşan adamlar da qəribə idi. Danısıqları ilə, geyimleri ilə. Heç Hasana bənzəyəni yox idi. Çimərlik mövsümü olduğundan bəzilərinin əynindəki elə əynindəki idi. Baxışlarda bir biganəlik, bir soyuqluq vardı. Heç kim ona yardım etmək fikrində deyildi. Əksinə sanki bilərəkdən gələn havanın da qabağını kəsirdilər. Əlac tək özünə idi. Qalxmağa taqəti yox idi. Hec yaralı başını tərpədə də bilmədi.
Hərə ağlına gələni danışırdı. Kimsə: "102-yə zəng etmək lazımdir,”- rişxəndlə dedi. Başqası: "Bıcağı olan varsa, versin, başını kəsək”. Deyilənlər Qaragözlük olsa da, heç nə eşitmirdi, asfaltda qalan canı ilə əlləşirdi.
Bu anda Qanığın səsi yenidən gəldi. Həm də lap yaxından eşidildi. Qaragöz bu dəfə gücünü toplayıb yenidən gözlərini acdı. Adamların arxasından yolun park tərəfindən Qanığın ona tərəf baxdığını gördü. Qaragöz tam əmin idi: o, Qanıqdır. Özü də buradakılardan fərqli olaraq onu ayağa qaldırmağa, bu iztirablardan, ağrılardan qoparıb Qoşa Qara aparmağa gəlib. Amma Hasan niyə görünmür?
Qanıq dayanmadan hürür və hürdükcə sonunu uzadırdı. Qaragöz güc tapıb ətrafındakıların layeqd baxışlarını bir də süzdü. Qanıq bir də hürdü və hürüşünün sonunu bu dəfə daha çox uzatdı, elə bil ki, Qaragözə nə isə deyirdi, onu harasa çağırırdı. Qaragöz bu dəfə Qanığın dediklərini sanki anladı, güc verib başını qaldırdı və adamların arasından hündür boylu bir kişinin bərk-bərk çəkib saxladığı itin ona zillənən gözlərini gördü. Qaragözün baxışları qeyri-ixtiyari onun gözlərinə dikildi. İtin parıldayan gozləri böyüdü, böyüdükcə özü Qanığa, gözləri Qoşa Qara çevrildi. Qoşa Qar necə qoyub gəlmişdisə, eləydi. Hasan da oradaydı, həmişəki zoğal çubuğu da əlində, gözlərindən axan yaş sifətində iki cigır açmışdı. O, həmişəki sevgi ilə, həminki peşimanlıqla Qaragözü axtarır, ona köməyə gəlmək istəyirdi, gələ bilmirdi. "Sən gəl”-deyirdi.
Qaragöz son gücünü toplayıb ayağa qalxdı, qana bələnmiş görkəmi ilə hamını kənara atıb Hasana tərəf üz tutdu. Qaragözün adladığı təmiz. səliqəli park bir andaca onun yaralı, qanlı görkəmindən bir-birinə dəydi. Pul növbəsində dayanan yaşlı adamlar üstlərinə qaçan Qaragözü görüb pərən-pərən oldular. Bankomat bir anda qıpqırmızı oldu.
Qaragözün qanı hər yerə səpilmişdi. Onu bu saat bu yoldan heç axan qanı da saxlaya bilməzdi. İt də buna bənd imiş kimi həmin adamın əlindən dartınıb çıxdı. Qaragözün dalınca parka cumdu. Hər ikisi bir-birinə baxa-baxa qaçırdı. Onlara elə gəlirdi ki, beləcə sonsuzluğa qədər qaça bilərlər.
…Qoşa Qarda Hasanın zoğal çubuğu əlindən düşdü. Ha çalışdı, əyilib qaldıra bilmədi. Çoxdan, lap çoxdan susub danışmayan, uşaqları Urusetə gedəndən bəri sanki danışmağı yadırğayan qoca birdən başladı ki. onun atası ölməyib. Bu gecə Qaragözlə Əyri Qarda onu gözləyir… O, niyə Qoşa Qara "Əyri Qar”- deyir, - Hasan anlaya bilmədi, taqəti qalmamışdı - zoğal çubuğunun yanına yıxildı.

Əflatun AMAŞOV
Azərbaycan Mətbuat Şurasının sədri

banner

Oxşar Xəbərlər