• bazar, 22 Dekabr, 10:19
  • Baku Bakı 8°C

Həqiqət

12.07.20 12:00 13654
Həqiqət
(esse)
Həqiqəti tam açmağa dəyməz
(J.Renuar)
İnsan həyatı şəriətlə başlayıb, həqiqətlə tamamlanır.
Qul tanrıya 40 məqamda yetişir. O 40 məqamın 10-u şəriət, 10-u təriqət,
10-u mərifət, 10-u həqiqətdir.
Ş.İ.Xətaiyə görə "Həqiqət-Vəhdət məqamı eşqdir.”
Tanrı eşqi - ilahi eşq ağ rəngdədir. Həqiqət də, ağ rəngdədir, ağ rəng anlamını verir. "Ağ düyəni gördünmü?” deyəndə yəqin ki həqiqəti tapıb ona yetişdinmi? - demək istəyiblər?!
Türk mifologiyasında Ülgenə-Xeyir Tanrısına "Ak ayas kaan”, yəni "Ağ parlaq xaqan” deyərmişlər.
İslam aləmində belə hesab edilir ki, ağ rəng Allaha xoş gəlir.
Ona görə də müsəlmanlar ağ libas geyinirlər.
Həqiqəti tapıb ona yetişmək isə o qədər də asan deyilmiş. Üstəlik də, biləndə ki, "Min yol insanı azdırır, bir yol həqiqətə aparır.” (J.J.Russo).
...Keçmişdə üç nəfər olur: bir tacir, bir səyyah, bir də həqiqət axtaran.
Səfərə çıxırlar.
Tacir alıb-satmadığı mal, səyyah gəzib görmədiyi ölkə qalmır. Çox illərdən sonra axır ki, sağ-salamat qayıdıb öz ölkələrinə gəlirlər. Həqiqət axtarandansa hələ də deyirlər, bir xəbər-ətər yoxdu.
O gedən gedib...
"Həqiqət nədir?” sualına tarix boyunca müxtəlif cavablar verilib: Ancaq ən dürüst cavablardan biri ruhumuzu və mənəviyyatımızı yetərincə açıqlayan mənbələrdən birində "Məvahuvu-l-lədünyyə”də öz əksini tapıb: "Allah-Taala bütün kainatı və canlıları yaratmağı, onların vəzifələrini müəyyən etməyi dilədiyi zaman "Həqiqəti-Mühəmədiyyə”ni yaratdı. Və bütün aləmləri o varlıqdan var etdi.” O varlıq deyəndə söhbət Nurdan gedir. O Nurdan ki, Məhəmməd peyğəmbərin özü də, bütün yaradılış da həmin nurla bağlıdır. Maraqlı həqiqətlərdən biri də budur: "Bəzmi-Əzəl”də Allahın "Mən sizin Rəbbiniz deyiləmmi?” sualına ilk "Bəli” deyən Məhəmməd peyğəmbərin ruhu olub. Hələ Adəm Əleyhüssəlamın ruhu bədəninə qoyulmazdan qabaq Məhəmməd (s)nin mübarək ruhuna nübüvvət və risalət müjdəsi verilmişdir. (Buxari "Əs-Səhih”, "Mənaqib” bölməsi, 8)
Zərdüşt təlimində Ahura-Mazda Xeyir və Həqiqəti təmsil edir. Zərdüşt Tanrıyla (Hörmüzlə ) iki dəfə görüşüb. İlk görüşdə Tanrının "Məndən nə istəyirsən?” sualına cavab verib ki:
- Həqiqət! Hardadır o? Onu göstər mənə!”
O vaxt Zərdüştə Tanrı nə cavab verib, bilmirəm. Ancaq onu bilirəm ki, "Allaha həqiqətdən yola çıxmaq məşəqqət, Allahdan yola çıxıb var olan şey həqiqət”dir. (N.F.Qısakürək)
Bir də düşünürəm ki, bu həqiqət deyilən şey nədir ki, belə, rus demokratik fikrinin ilk carçılarından olan A.A.Çaadayevin diliylə ona "Xalqımı sevənə eşq olsun, ancaq həqiqəti sevənə ikiqat eşq olsun!” deyilib.
Sokrat onu Afinadan üstün tutub.
Xəqani bildirib ki, həqiqət Məkkə adında gizlənib. ("Mən Məkkə hökmdarı Allaham”)
Və doğrudan da, bu həqiqət nə olan şeydi ki, Aristotel Platondan çox ən yaxın dostu onu hesab edib.
Əhməd Yəsəvinin "Həqiqətdə haramdır bir Xudadan başqası” fikrini sanki, Fəridəddin Əttar tamamlamışdır: "Onun həqiqətindən başqa heç bir şey mövcud deyildir.”
Həqiqətin ilk bəlirtiləri daha çox miflərdədir. Yəhudilərin" Armegedon”, Oğuzların " Sağış günü” dedikləri Qiyamətin-Məhşərin bir adı da "Ədalət günü”dür. Buna "Həqiqət günü” də demək olar...
Həqiqəti gəzənlərin və sevənlərin muradı eynidir.
"Həqiqətin ilkin məqamı torpaq olacağımızı bilməkdir. Əgər bizə qarışdınsa başqa murad istəmə!” deyən H.B.Vəlinin Allah ruhunu şad etsin!
Bektaşilər Şəriət qapısına "Bel oğlu” Təriqət qapısına "Yol oğlu”, Mərifət qapısına "El oğlu”, Həqiqət qapısına "Hal oğlu” (Atam göy, Anam Yer”) deyərmişlər.
Hindistanın Dövlət Gerbində "Ancaq həqiqət qələbə çalır” sözləri yazılmışdır.
Uyğurların çıxartdıqları əsas qəzetin adı "Həqiqət yolu”ymuş.
Təsəvvüfçülərə görə həqiqət Allah bilgisidir. Ə.Yəsəviyə görə "Həqiqəti bilməyən insan deyildir”, dünyaya gəlməkdə məqsəd (Murad) Allahı bilmək və ona istədiyi kimi qulluq etməkdir.
Həqiqətin açımıyla bağlı güneyli şair-tədqiqatçı, Məhəmməd İbadi Qaraxanlının (Alışığın) dedikləri də maraqlı və ağla batandır: "Həqiqətə çatmaq üçün zahiri cəhətdən üz döndərib şəxsən mövcudluqdan xilas olmaq lazımdır.
Həqiqət ucalar ucası qarşısında zərrəyə döndüyünü və ucalıqdan bir zərrə olduğunu dərk etmək mərhələsidir. Bu mərhələdə insanın önündə sirlər öz pünhanlığını itirir.”
Həqiqəti görmək üçün könül gözü, həqiqəti eşitmək üçün can qulağı lazımdır.
Aşıq Ələsgər şeirlərindən birində buna işarə edibdi:
Haqq ilə nahaqqı axtaran hakim,
Tapar qulaq ilə göz arasında!

Allah 18 min aləmi insandan ötrü yaradıb. İnsanı özü üçün – Ona ibadət etməkdən ötrü! İnsan bu həqiqəti hələ də dərk etmək istəmir.
Sufilərə görə həqiqət dinin iç üzü (batini), şəriət isə dış (zahiri) üzüdür.
Həqiqətə ulaşan kimi insan Allahdan başqa hər şeyin fani olduğunu, mövcudatın Allahın təcəllisi olduğunu bilir.
Həqiqət əhli bəşəri sifətlərdən sıyrılan və ilahi sifətlərlə görünən bir kişidir.
Həqiqəti yalnız Allahı zikr etməklə anlamaq olarmış.
...Bir gün Hz.Əli bir qarışqanı bilmədən incitdi. Nə qədər kömək etmək istədisə də, qarışqa özünə gələ bilmədi. Gecə yuxusunda Hz.Məhəmməd ona dedi: "Ya Əli! İki gündür bir qarışqa üzündən göylər yasa batıb. Buna da sən səbəb oldun. Bir qarışqanı incitdin. Elə bir qarışqanı incitdin ki, həqiqətdən xəbərdardır, işi, gücü Allahı zikr etməkdir.”
F.Əttar "İlahinamə” sində maraqlı və ibrətamiz bir hekayət də nəql edib:
Sən demə, həqiqəti anlamaqda ona bir köpək bələdçi olubmuş.
"Bir gün su quyusunda bir köpək gördüm. Elə susuzdu ki, bir zərrəcik taqəti də qalmamışdı. Suda öz əksini gördükdə, onu başqa bir köpək sandığından sudan qorxur, su içmir, su quyusundan qaçırdı. Nəhayət, susuzluqdan pərişan bir hala gəldi və dayana bilmədi, birdən –birə özünü suya atdı. O biri köpək də bu surətlə görünməz oldu, o köpək gözünün önündən qalxdı. Zatən, o pərdə özüydü və o an ortadan qalxdı.
Bu həqiqət mənə belə apaçıq görününcə anladım ki, mən mənə pərdəyəm. Bunun üzərinə özümdən fani oldum və itin yoluna girdim. Bu yolda ilk öncə mənə bir köpək bələdçilik etdi.”
...İbrahim Nəmrudun əliylə oda atdırılanda Cəbrayıl ondan soruşdu:
- Bir istəyin varmı? Kömək sarıdan.
- Yox, dedi, İbrahim, sən aradan çıx, çünki həqiqət göründükdən sonra vasitəyə ehtiyac yoxdu.
İbrahim həqiqət dedikdə Haqqı və onun hökmünü (köməyini) nəzərdə tuturdu.
Və ona görə də 16 yaşlı gələcək peyğəmbər həmin tonqaldan dediyi və inandığı həqiqətin - Haqqın köməyi ilə qurtardı.
Nitsşe hər şeyi-hətta həqiqətin özünü belə şübhə altına alırdı. Nə olar ki!
Nitsş,e bəlkə də, haqlıdır?!
"Bəlkə həqiqət heç yerdə yoxdur. Bəlkə həqiqət məvfumunun özü mənasız bir şeydir”
Bunu da Cek Londonun qəhrəmanı Martin İden deyir.
Polyak yazıçısı Stanislav Lets də bu fikirdədir: "Tarixdən bütün yalanların silinməyi o demək deyil ki, yerdə ancaq həqiqət qalsın. Ola bilər, yerdə ümumiyyətlə, heç nə qalmasın.”
Əli Şəriətinin bir sözü var:
"Hər kəs Əlinin yolunu getmək istəsə tənha qalacaq.”
Belə də deyə bilərik: "Hər kəs həqiqət yolu ilə getsə tək qalacaq.”
Həqiqətə varmağın ən kəsə yollarından biri Ə.Şəriətinin dediyinə görə, Quran oxumaqmış: "Mən Quranı istixfar üçün yox, həqiqəti tapmaq üçün oxuya bilərəm. Əgər sən gözlərini yumub Quranı açırsansa, mən gözlərimi açıb Quran oxuyuram.”
Həqiqət birdən-birə ortaya çıxmır. Ona çatmağın yolları müxtəlifdir. Şəms Təbriziyə görə "İnsan getdikcə Mütmainnə, yəni Həqiqətə inanmış və anlamış hala gəlmir. Bundan sonra yetkinlikdən, müntəzəm iman və vicdan rahatlığından səndə bir əsər qalır. Artıq həqiqətə yetişdin demək.”
A.A.Bakıxanov həqiqətin necə üzə çıxarıldığını bir mənzuməsində belə hekayət edib: Bir hökmdar məclis qurub, məşvərət eyləyib, bilmək istəyib ki, insana dünyada ən lazımlı olan şey nədir? Kim düz cavab versə, ona qızıl üzük verəcəyini vəd edib. Hərə bir şeyin daha lazımlı olduğundan söhbət açır, şah razılaşmır. Fikirlərin heç biri qəbul olunmur. Bir qocanın fikrindən başqa! Həmin qoca şaha üz tutub:

Dedi: ən lazımlı şeydir həqiqət,
Həqiqət olmasa olmaz intizam,
Dünya həqiqətlə dolanır müdam.
Şah qalxıb eylədi qocaya təzim,
Üzüyü hörmətlə eylədi təqdim.

...Hər kəs həqiqəti bir cür başa düşür. Amma Allah həqiqəti daha yaxşı bilir. Demokritin fikrincə "Həqiqət dərin uçurumun dibindədir... Ya heç nə həqiqət deyil, yaxud həqiqət bizə lazım deyil.”
Xalq şairi Vaqif Səmədoğlu deyirdi ki, mən həqiqətdən çox yalana inanıram. Çünki həqiqət hardasa bitir, yalansa davam edir və insan şirin yalanlara uyub yaşamaq istəyir.
Dünyanı bütün dövrlərdə bir-birinə zidd və oxşar təriqətlər azmı başına götürüb?
Səməd Vurğun boş və yalançı təriqətlərə qarşıymış.” Vaqif” dramında Allaha yalvaran, təvəqqə edən yalnız Molla Vəli Vidadirmi ki?
Xudaya! İnsanın halı yamandır,
Nələr çəkdiyimiz sənə əyandır.
Mənası varmıdır min təriqətin?
Aç, aç, qapısını sən həqiqətin!
Bu sual bu gün də aktualdır, olsun ki, hələ çox sabahlar da öz müasirliyini itirməyəcək, qoruyub-saxlayacaq..
C.Rumi həqiqətdən xəbəri olmayanları ölü hesab edir: ”Kimin həqiqətdən daha çox xəbəri varsa o, daha çox canlıdır!”
Eyvallah!
Ən böyük insanlar, xüsusən də peyğəmbərlər, övliyalar, aşiqlər həqiqətsevər olublar, həqiqətin məhək daşı rolunu oynayıblar.
Ponti Platin: "Həqiqət nədir” sualına İsa Məsih "Həqiqət də, yol da mənəm” deyə cavab verib. Əlbəttə, bu fikir onun öz adından daha çox Allahın adından səsləndirildiyi kimi başa düşülməlidir.
Həqiqət zahirdən çox, batindir, aşkardan çox, gizlidir. "Həqiqət bu dünyaya çılpaq vəziyyətdə yox, simvollar, obrazlar şəklində gəlib” (İsa Məsih)
Ola bilər...
"Həqiqət nədir?” Sualına ən yaxşı cavablardan biri də Hz.H.Mühacibinin dediyi sözlər ola bilməzmi: "Bu dünyanın işləri ilə məşğul olmaq həqiqəti anlamağa əngəl törədir”. Bu bir həqiqətdir ki, "Kim ki, dünyanı tutdu-dünya onu atdı, kim ki, dünyanı atdı - dünya onu tutdu” (Hz.Əli)
Sirri Səqəti ömrünün 40 ilini bal yemək arzusu ilə yaşasa da, bal dadmaq ona qismət olmayıb. Bəlkə həqiqət də bal kimi bir şeydir. Bəşər ondan hələ yetərincə dada bilməyib.
Övliyalar Allah-Təbarəkə və Təalanı "Həqiqətlər həqiqəti” adlandırır, Onu dərk etməyin mümkünsüz olduğunu təbliğ edirdilər. İnsanlara mənəvi kamilliyə-həqiqətə yetişməyin yollarını öyrədirdilər.
...Aristotel deyib ki, "həqiqi Vətən-saf həqiqətlər səltənətidir!”
Bu saf həqiqətlərdən biri (birincisi!) budur: "Ondan başqa O yoxdur” (H.Mənsur)
C.Rumi düşünürdü ki, "Uca həqiqətləri hər kəs dərk edə bilməz.”
"Həqiqət elminin elminə gəlincə o qadağan olunub. O elmi axtaran acizdir” fikriylə H.Mənsur yenə də bir sıra qarışıq fikirlərə aydınlıq gətirmək istəyib, yəqin ki. – O "Haqq həqiqətin, arxasındadır. Həqiqət - haqqın altındadır,” - deyə görücülük eşqinə düşməkdən də vaz keçə bilmirdi.
Böyük fransız görücüsü Nostradamus isə "Həqiqət o şeydir ki, o Allahın özündən qopub gəlsin” fikrini təlqin edirdi.
Misir məhəbbət lirikasında şair (aşiq) öz məşuquna "həqiqət” deyə müraciət edib.
Nofəl də Məcnunu həqiqət sayıb, deyib:
- Əlvida Qeys! Əziz dost!
Sən zülmətdə bir nursan.,
Sən bir həqiqətsən!
Amma səni kor olmuş dövran görmür!

Doğurdan da, belə baxdıqda həqiqəti beləcə görmək istəmirlər, görməməzliyə vururlar və olan həqiqət də az qala yoxa çıxır.
Həm də əsl Həqiqət ona görə tapılmır ki, ortada hamının gəzdiyi (istədiyi) həqiqət yoxdur. Hər kəsin gəzdiyi (özündən ötrü tapmaq istədiyi) həqiqət var... Onda həqiqət can verməyə, ölməyə başlayır.
Borxes isə həqiqətin ölməsini yox, yaşamasını istəyirdi. Onun həqiqəti ölüm adlandırmağa dili gəlməmiş, bir gün mütləq hər şeyin bitəcəyinə inansa da ölmək (ölüm) fəlsəfəsini yox, "Yox olmaq” fəlsəfəsini qəbul etmişdi, demişdi: "Yox olmaq beynin həzm edə bildiyi yeganə həqiqətdir.”
L.Tolstoy isə bəzən özünü inandırmağa çalışmışdı ki, "Həyata məna verən həqiqətdir.” Bəzənsə Bayron kimi yazıçılığı (ədəbiyyatı) boş şey sayaraq ölüm həqiqəti ilə üz-üzə dayanıb, hər şey gözündə mənasızlaşıb, 50 yaşında intihar etmək istəyib.
Vaxt olub ki, Həqiqəti Allaha tən tutublar, lakin onu ən yaxşı hallandıran, mənalandıranlardan biri məncə M.Araz olub: "Həqiqət sözüdür sözün Allahı!”
Yəni həqiqətin özü yox!?
Bəlkə aşıqlar da sazlarını elə-belə çalmırdılar. Çalışırdılar ki, əsl həqiqətin nə olduğu üzə çıxsın. Aşıq Ələsgər kimi demək istəyirdilər:
Həqiqətdən dərs almışam,
Təriqətdən söz qanam.

İsa Muğanna deyirdi ki, keçmişdə aşığa üz tutub bir "Ruhani” havası çal demirdi köhnə kişilər. Bir "Həqiqət havası” çal, deyirdilər. Ona görə də əsl aşıqlar sadəcə saz tutub söz demirdilər. Daha çox Ərşdən-Gürşdən söhbət açır, göylərlə əlləşirdilər, batini dillə danışırdılar, çalıb-çağırır, oxuyurdular.
Həqiqətin nə olduğunu düşünəndə ən doğru qərarlardan birinin Höteyə məxsus olduğunu gördüm: Həqiqət deyilən şey alman şairinə görə-Nizaminin şeiridir! "Ey böyük Nizami, sözü sirr dolu, Şerindən başlayır həqiqət yolu!”
Sağ ol, e, alman şairi!
Şagirdlərinin köməyi ilə zindandan qaçmaq imkanından imtina edən Sokrat onu müdafiə edən tələbələrinə tövsiyə edirdi ki, onu yox, həqiqəti müdafiə etmək lazımdı.
İsa Muğannanın son yazısı 1 səhifədən ibarətdir. O, onu özünün son əsəri sayırdı. Həmin əsər belə başlayırdı: "Mənim məhəbbətim – həqiqətə olan məhəbbətdir.”
Kaş hamının məhəbbəti belə başlayaydı, belə bitəydi!
A.Eynşteyndən soruşanda ki, "Yolunu işıqlandıran və sənə zaman-zaman həyati sevinclərlə qarşılaşmaq cəsarəti verən ideallar nələr olubdu?”
O, mərhəmət, gözəllik məfhumundan qabaq həqiqətin adını çəkmişdir.
Məhəmməd peyğəmbər deyərmiş: "Ey Allah, istəyirəm mənə Həqiqəti danışan dil verəsən!”
Mən də həmin duanı edə-edə yavaş-yavaş bu yazının sonuna yaxınlaşıram...
C.Rumi yazır: "Allah bizi ona görə yaradıb ki, bizim vasitəmizlə həqiqət dərk edilsin.”
Vəhdət sirrinə o kəs bələd oldu ki, yolboyu dayanmadan həqiqətə doğru yol getdi.
"... Onda (insanda) varlıqdan azacıq bir şey qalsa Həqiqət dərəcəsinə çata bilməz” (M.Şəbüstəri)
Bir ulu sözündə deyilir: "Təkcə bir yol var – həqiqət yoludur. Bütün qalanlar yolsuzluqdur.”
Həqiqət sən sübut etdiyin deyil, sən sübut edə bilmədiyindir.
Həqiqət axırı olan yox, olmayandır!?
Oljas Süleymanovun "Az i ya” əsərinin qapalı müzakirəsində həqiqəti ortaya çıxarmaq üçün 47 akademik, müxbir üzv və elmlər doktoru iştirak edib. Müəllifi nə qədər qınasalar
da, tənqid etsələr də, təftiş etsələr də, günahkar çıxarmaq istəsələr də, axırda böyük yazıçı və tədqiqatçının haqlı olduğu ortaya çıxıb. Onun alim olmaq üçün kitab yazdığı, müdafiə etdiyi yox, həqiqəti müdafiə etdiyi məlum olub!
Bu hadisə də bir daha göstərir ki, həqiqət vardır. Lakin bir şərtlə Görünən və görünməyən tərəflərilə. O.Süleymanov o müzakirəni özü belə qiymətləndirib: "Hücum müdafiənin ən yaxşı formasıdır. Dissertasiya müdafiəsinin yox, Həqiqətin!”
Bəs deyirdilər, həqiqət deyilən heç nə yoxdur?! Bəlkə, Həqiqət xəyalımızdır? Bəlkə Nəsimi daha düz deyirmiş: "Xəyalımız – həqiqətimizdir?!”
Ancaq bu da son deyil.
O.Süleymanovun dahiyanə bir fikrinə də laqeyd qalmaq olmur. "Min söz yalandır. Həqiqət min birinci sözdədir.”
İnanmaq istəyirsən.
İnanmaya bilmirsən!
Deyilənə görə, Simurq quşu həqiqət axtara-axtara dünyadan küsüb əfsanəvi Qaf dağının arxasına çəkilib. Əfsanədə deyilir ki, on minlərlə, yüz minlərlə quş bu səfərə çıxıbmışlar.
Çoxları mənzilə çata bilməyib, qırılıb yarıyolda qalıblar. Həmin dağa yalnız Simurq (otuz quş) gəlib çata bilib. Otuz quş boylanıb-boylanıb axırda gəzdikləri Simurqun özləri olduğunu anlayıblar. Dağa baxıblar, özlərindən başqa heç nəyi görməyiblər. Özlərinə baxıb Simurqu görüblər. Görüblər ki, axtardıqları həqiqət həmin Simurqdur-otuz quş! Otuz quş sanki bir quşdur?!
İsa Muğannanın şərhinə görə Nizaminin "Yeddi gözəl” əsərində baş qəhrəman Bəhram Gur At”ını (Od-unu-Həqiqətini) Mağaraya- Bağ Ərə (Bağ işığına) çapır. Qovladığı, ovlamaq istədiyi Gurun ardınca bu, deyilən (axtarılan) Həqiqətdimi? Bir yandan izi mağarada yoxa çıxır, bir yandan da Yunis İmrə "Həqiqətin mənasını şərh ilə bilmədilər” dediyi halda.
Bu nasıl bir dünya, hekayəsi zor,
Məkanı bir sətih, zamanı vehim.
Bütün bir kainat müşəmbə, dekor,
Bütün bir insanlıq yalana təslim!
...Bumu röyalarda ...
Sirrini ararkən patlayan güllə?
...Al (bu da) sana hakikat....
(N.F.Qısakürək)
Bütün insanlığın yalana təslim olduğunu təkcə bu müdrik insan desəydi nə vardı ki!
Dəhşət ondadı ki, həqiqətin nə olduğunu Həqiqət özü deyə...
...Bir müdrik adam həqiqəti axtara-axtara gəlib Himalay dağının ətəklərinə çıxdı.
Ona demişdilər ki, Həqiqətə gedən yol sağ tərəfə gedən yoldur. O da yolun sağına düşüb axır ki, Himalay dağında bir mağarada həqiqətin izinə düşdü. Öyrəndi ki, axtardığı həqiqət bir dağın dərin mağarasındadır. Gəlib mağaranı tapır və içəri girir. Görür ki, Həqiqət nimdaş bir paltardadır, bədənini yara basıb, əlində qurd çörək yeyir.
Müdrik ona yaxınlaşıb "Sən Həqiqətsənmi?” deyə soruşur... "Bəli” cavabını deyir: "Bəs mən insanlara Həqiqətin belə olduğunu qayıdıb necə deyim?”
Həqiqət cavab verir: "Get, yalan söylə”.
N.F.Qısakürəyin "Bir adam yaratmaq” piyesinin baş qəhrəmanı Xosrov bəy deyir: "Bilməkdən, bilməyərəkdən Allaha doğru yol getmək var, çatmaq yoxdu.”
Elə həqiqətə doğru gedən yolda da yolçunu bu aqibət gözləmirmi?!
P.S. "Dünyada hər şey yalandır” (A.De Sent Ekzuperi)
Doğrudanmı?!
Barat VÜSAL
banner

Oxşar Xəbərlər