• bazar, 22 Dekabr, 10:03
  • Baku Bakı 8°C

Tənbəl at

27.07.20 12:45 14079
Tənbəl at
(Avropa xalq nağılı)
Uzaq kəndlərin birində tacir yaşayırdı. Tacir olduqca çalışqan və mehriban insan idi və duz satmaqla dolanırdı. Tacirin çox tənbəl və hər yolla işdən boyun qaçırmağa çalışan bir atı var idi. Tacir bu atdan bir şəhərdən digərinə duz çuvallarını daşımaq üçün istifadə edərdi. Günlərin bir günü tacir yenə şəhərə duz satmağa gedəsi oldu. Atı yükləməyə gələndə onun yatdığını gördü:
– Bura bax. Dərhal qalx, bu çuvallardakı duzu yükləməli və çayın o birisi tərəfindəki şəhərə gedib satmalıyıq.
– Mən bu gün çox yorğunam. Nəinki şəhərə gedə, heç çuvalları da qaldıra bilmərəm. Mən axı niyə hər gün işləməyə məcburam? Bu gün bəs deyincə yatmaq və dincəlmək istəyirəm. Amma yox! Mənə dincəlmək olmaz! Bu duz çuvallarını yüklənməli və şəhərə getməliyəm!
Atın tənbəlliyini görsə də, tacir buna əhəmiyyət vermədi və onu yüklədi.
– Tərpən, mənim ağıllı atım. Sən körpüyə tərəf irəlilə, mən də özümə bir az yemək götürüb, gəlim.
Körpünü keçərkən özünü güclə dartan atın ayağı sürüşdü və o çuvallarla birgə çaya yuvarlandı. Çay çox da dərin olmadığından asanlıqla çıxa bildi. Lakin sudan çıxdıqdan sonra onun yükü xeyli yüngülləşmişdi. At başa düşdü ki, duzun çox hissəsi suda əridiyi üçün çuvallar yüngülləşib. Dərhal tənbəlin ağlına bir fikir gəldi: "Deməli, duz suda əriyir. Mən hər dəfə körpüdən keçəndə suya yıxılmalıyam, beləliklə, duzun çoxu əriyər və mənim də yüküm azalar. Bunu niyə əvvəllər düşünməmişəm. Bu yükdən canımı qurtarmaq üçün bu kələyi tez-tez təkrarlamalıyam. Ümid edirəm, sahib bunu görmədi”.
Onlar şəhərə gəlib-çatdılar. Tacir duzu tərəziyə qoydu və çuvallar onun doldurduğunun yarısı qədər gəldi. Tacir düşündü ki, yəqin, yükləyərkən nəsə səhv edib. O, yerdə qalan duzu satıb, evə geri qayıtdı.
Növbəti səhər o yenə atı yükləyib, özünə yolda yeməyə nəsə götürməyə getdi. At ondan qabaqda irəliləyib, körpüyə çatdı:
– Dünənki kələyi təkrarlamalıyam. Nə qədər sahibim çatıb, görməyib, bu yükdən xilas olmalıyam – o ayağını sürüşdürüb çaya atıldı.
Şəhərə çatanda tərəzi yenə tacirin yüklədiyinin yarısı qədər göstərdi. Tacir başa düşə bilmirdi ki, bu necə ola bilər. Hər dəfə onun yüklədiyindən çox az gəlirdi duz. Tacirin fikri tamam qarışmışdı. Bu dəfə də duzu satıb, geri qayıtdı.
At artıq bu üsula vərdiş etmişdi. Hər gün məqsədli şəkildə körpüdən özünü atır və duzun çoxunu suda əridir, yükünü bu yolla yüngülləşdirirdi. Bu iş taciri əməlli-başlı çətin vəziyyətə salmışdı. Bütün məsələləri götür-qoy edən tacir, nəhayət, bir gün atı güdməyə qərar verdi. Atı yüklədikdən sonra yemək götürmək bəhanəsiylə atın yanından uzaqlaşdı və kolluqlarda gizləndi. At isə sahibinin onu görmədiyini düşünərək hiyləsini təkrarladı. Tacir gördüklərinə inana bilmədi:
– Sən bir bunun hiyləsinə bax. Bu qədər zamandır, mənim qazanmalı olduğum pullar bu suda axıb gedirmiş. Bu tənbəl ata yaxşı bir dərs verməyin vaxtı çatıb.
Növbəti gün tacir duz yerinə çuvallara pambıq doldurdu və atı yüklədi. Özünə yemək götürmək üçün aralandı və atı körpüyə tərəf yolladı. Yükünün yüngül olması atı təəccübləndirsə də, bu az yükdən bir qədər də azaltmağa qərar verdi. Körpüyə çatanda həmişəki kimi özünü suya atdı:
– Bu nədir? Noldu belə? Niyə belə oldu axı? Yüküm niyə belə ağır oldu? Aman Allah, mən batıram. Bu nədir axı, mən bunu darta bilmirəm.
Bu dəfə çuvallar pambıqla dolu olduğundan, pambıqlar islanaraq, ağırlaşmış, atın yükü birə-beş artmışdı. At nə qədər çapalasa da, bu yükdən xilas ola bilmirdi. O, suda çapalamaqla yükün əritməyə cəhd etsə də, pambıq getdikcə daha da islanır və ağırlaşırdı. Birtəhər özünü toplayıb, çaydan çıxdı. Körpünü belə çətinliklə keçdi və özünü otların üstünə atdı. Az sonra tacir gəlib çatdı. Ona baxıb, xeyli güldü:
– Mənim sevimli atım. Mən sənin sahibinəm. Sən məni aldada bilməzsən. Mən səndən çox işləyirəm, amma buna baxmayaraq, bu işi sevə-sevə görürəm. Sən görürsən ki, mən əsla başqalarını aldatmaq və işdən yayınmaq üçün bəhanələr axtarmıram, hiylə işlətmirəm. Bağışla, amma mən bunu edərək, sənə yaxşı bir dərs verməli idim.
At bu hadisədən dərsini götürdü və bir daha əsla üzərinə düşən işdən boyun qaçırmadı.

Tərcümə edən: Fərid Hüseyn


banner

Oxşar Xəbərlər