• cümə axşamı, 26 dekabr, 21:30
  • Baku Bakı 9°C

Yeni iqtisadi imkanlar platforması 

26.10.24 06:04 2035
Yeni iqtisadi imkanlar platforması 

Bakı tək Qərblə yox, həm də digər mərkəzlərlə uğurlu və bərabər səviyyəli əməkdaşlıq körpüləri qurmaqda davam edir. Bu əməkdaşlıq platformalarındakı fəaliyyət istiqamətləri isə ölkəmizin suveren və milli maraqlarına əsaslanır.

Prezident İlham Əliyevin Rusiyaya son səfəri və Kazanda təşkil olunan XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı ölkəmizin çoxşaxəli xarici siyasət kursunun təcəssümü kimi qiymətləndirilə bilər. Bu fakt onu göstərir ki, Bakı tək Qərblə yox, həm də digər mərkəzlərlə uğurlu və bərabər səviyyəli əməkdaşlıq körpüləri qurmaqda davam edir. Bu əməkdaşlıq platformalarındakı fəaliyyət istiqamətləri isə ölkəmizin suveren və milli maraqlarına əsaslanır, Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun daha da artmasını, mövqelərinin möhkəmlənməsini şərtləndirir.   

Beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi

Bu amillər Prezident İlham Əliyevin plenar iclasdakı çıxışında da öz əksini tapıb. Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib: "Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir".

Azərbaycanın təqdim etdiyi fürsətlər pəncərəsi

Dövlət başçısı Azərbaycanın sahib olduğu imkanların onunla əməkdaşlıq quran ölkələrə, təşkilatlara təqdim etdiyi fürsətləri xüsusi qeyd edib. Onun sözlərinə görə, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib: “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik". 
Prezidentin çıxışından da göründüyü kimi, istər BRICS üzvləri, istərsə də digər dövlətlərin dünya bazarlarına çıxış imkanlarını genişləndirməsi, beynəlxalq kataklizmlər fonunda təhlükəsiz tranzit imkanları əldə etməsində Azərbaycanın mühüm rolu və hazır infrastrukturu mövcuddur. Ölkənin ali rəhbərliyinin qonşu dövlətlərlə qurduğu bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlər isə bu sistemin effektiv fəaliyyətini şərtləndirən başlıca amillərdəndir. 

İqtisadi imkanlar məkanı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov da o qənaətdədir ki, Azərbaycanın BRICS-də iştirakı strateji uğurlar və iqtisadi əməkdaşlıq perspektivləri vəd edir. Onun sözlərinə görə, Azərbaycanın BRICS-in əksər üzvləri ilə bu və ya digər dərəcədə iqtisadi əlaqələri formalaşıb və inkişaf etməkdədir. 2023-cü ilin rəqəmləri Azərbaycanın xarici ticarət dövriyyəsində BRICS ölkələrinin payının təqribən 18 % təşkil etdiyini göstərir ki, bu da 2022-ci illə müqayisədə 13,5 % artım deməkdir: "İdxalda Rusiya və Çin, orta hesabla, 18 % və 15,7 %-lə üstünlük təşkil edir. İxracda isə Rusiya və Hindistan daha çox xüsusi çəkiyə malikdir. Belə ki, ölkəmizin ümumi ixracının orta hesabla 3,2 %-i Rusiyanın, 3,4 %-i isə Hindistanın payına düşür. Ümumilikdə, BRICS üzvləri ilə ticarət dövriyyəsinə gəldikdə isə ilk üçlükdə orta hesabla 8,1 %-lə Rusiya, 5,2 %-lə Çin və 2,9 %-lə Hindistan yer alır".

Beynəlxalq birliyin ölkəmizə inamının ifadəsi

Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycan-BRICS əməkdaşlığının siyasi seqmentlərinə aydınlıq gətirib. Millət vəkili "Report"a açıqlamasında bildirib ki, müstəqil, çoxşaxəli siyasət həyata keçirən Azərbaycan dövləti milli maraqlarına uyğun olaraq beynəlxalq əməkdaşlığını genişləndirir. Rəsmi Bakı multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiya həyata keçirir. Azərbaycanın BRICS çərçivəsində əməkdaşlığı da bu baxımdan xüsusi vurğulanmalıdır. O qeyd edib ki, Prezident İlham Əliyevin Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı Azərbaycana və onun liderinə ehtiramın ifadəsidir: "Ölkəmiz dünyada böyük nüfuza sahibdir və etibarlı tərəfdaş kimi qəbul olunur. Nəzərə alaq ki, ölkəmiz dünyada BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına 4 il sədrlik edib. Qoşulmama Hərəkatında uğurlu sədrliyimizdən sonra Azərbaycan bu təşkilatda hələ də aktiv və səmərəli fəaliyyət göstərir. Həmçinin Azərbaycan COP29-un sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Bu kontekstdə həm də BRİCS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir". 

Azad Əliyev

banner

Oxşar Xəbərlər