• cümə, 29 Mart, 06:31
  • Baku Bakı 5°C

Yaxşı, pis və axmaq

08.12.14 13:42 3871
Yaxşı, pis və axmaq
Bilirəm, çoxunuz yaxşı insanlarsınız. Elə bu səbəbdən də həmişə həyatda pislər qalib gəlir.
Həyatda bir neçə çox pis və axmaq insan tanımışam. Çoxu da zarafatcıl və şən insanlar idi. Heç birində utancaqlıq hiss eləməmişəm.
Pislər hücuma, yaxşılar müdafiəyə meyillidirlər.
Ətrafınızda olan insanlara nəzər salın: ən maraqlı və qeyri-adi insanlar saxtakarlardır. Hamısı yüksək səslə danışır, ürəkdən gülürlər. Çünki saxtakarlar cazibədar olmaq məcburiyyətindədirlər. Yaxşı insanların belə bir məcburiyyəti yoxdur. Yaxşı insanlar darıxdırıcı olur.
Buna görə də qadınlar yaxşı kişilərə yox, etibarsız kişilərə aşiq olurlar. Onsuz da, “eşq” adlı insanı məhv edən nəsnədən ancaq fırıldaqçılar baş açır. Yaxşı insanlar eşqdən ləzzət ala bilmirlər. Onlar sakitcə uzanmağı da məhəbbət sayırlar. Onlar birüzlüdürlər. Həlimdirlər. Qadınlar dərdlərini yaxşı kişilərə danışıb, pislərə aşiq olurlar.
Ehtiras ancaq axmaqların işidir.
“Sakit və alicənab insandı” cümləsiylə başqasını tərifləmək çox asandır.
Saxtaкаrlıq daha çətindir, məharət tələb edir. Saxtakar idraklı, чevik və həyasız olmalıdır. Saxtakarlıq enerji tələb edir.
(Əlbəttə, “pis məsələsi”nin pislər haqdakı söhbətimizə dəxli yoxdur. Yəni, həm axmaq, həm pis olmağa çalışanlar üçün düşünməyə və yazmağa dəyməz”).
Fırıldaqçılıq... Saxtakarlığın ən heyranedici və ən uğurlu variantıdır. Saxtakarların çox gözəl natiqlik qabiliyyəti olur, insanları inandıra bilirlər. Danışanda onlara qulaq kəsilən bütün “yaxşı və vicdanlı” insanlar ağzının içində əridirlər. Həm çox gözəl lətifə danışır, həm də kədərin bütün çalarlarını ifadə edə bilirlər. Qəhqəhələrində “qabırğa kababının” dadı, kədərlərindəsə bəzən ölümün səsi var. Uğur əldə edə bilirlər, istedadlıdırlar.
Yaxşılıq asandır. Pislik məharət tələb edir.
Yaxşı olmaq üçün kiməsə pislik etməmək bəs edir. Amma pis olmaq üçün çox zəhmət çəkməlisiniz!
Yaxşı pisin gözündə etibarsız, gücsüz və çarəsizdir. Filmlərdə də yaxşı insan əzazilə çevrilməmiş, bədxah insanın öhdəsindən gələ bilmir. Bəzən andına sadiq qalmır və dalaşır. Əslində, dava pislərin peşəsidir.
Yaxşı adam üçün ən çətin iş, pisə “sən pissən” deməkdir. Ona görə ki, yaxşı utancaqdır. Oğruya “oğru” deyə bilmir. Pisin yerinə yaxşı həya edir, abrısızın əvəzinə üzü qızarır, oğruya görə utanıb yerə girir. Amma pislər, fırıldaqçılar, oğrular isə öz işlərindədirlər. Çünki onların yerinə utanan, sıxılan, yerin dibinə girən bir xeyli “yaxşı” insanlar var.
Pisin ən böyük üstünlüyü, yaxşıdakı utancaqlıq hissidir.
Bu hiss yaxşı insanı elə zəiflədir ki, o, ağzını açıb bircə kəlmə də danışa bilmir. Halbuki yaxşılar pisin qarşısında cəsarətlə dayanıb hər şeyi açıq-aşkar deyə bilirlər! Hər şeyi gözə alırlar. Ancaq belə olmaz. Yaxşılar belə iş tutmazlar.
Çünki yaxşılar qorxaqdırlar.
Çünki yaxşılar hamıya rəhm edirlər, ən çox da özlərinə.
Susmaq, rəhm eləmək, utanmaq, qorxmaq... Görürsünüzmü, ey yaxşı insanlar, nə qədər darıxdırıcı işlərlə məşğulsunuz! Pislər uğur qazanandasa təəccüblənirsiniz.
Atalarımız yaxşı insanlar idilər və bizə də yaxşı insan olmağı tövsiyyə ediblər.
Biz də yaxşı insanlarıq.
Və uşaqlarımıza da həmin xeyirxah işləri davam etdirməyi tövsiyyə edirik.
Ancaq hamımız pislərin əlinin altında işləyirik.
Diqqət kəsilin, ey yaxşı insanlar!
Buyurun, sakit, alicənab, darıxdırıcı, qorxaq, utancaq və yaxşı insanlar! Var qüvvənizlə çalışın!
Pislərin sizə ehtiyacı var!
Yılmaz Erdoğan
Türk dilindən uyğunlaşdıran:
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər