• cümə axşamı, 28 mart, 14:45
  • Baku Bakı 16°C

Yaradıcı qadın

30.09.19 13:30 17068
Yaradıcı qadın
Patrisiya HAYSMİT
Əsl adı Meri Patrisiya Plenqman olan bu amerikalı yazar psixoloji detektivlər və nuar calarlı ironik hekayələr müəllifi kimi məşhurlaşıb.
1921-ci ildə ABŞ-da doğulub, 1995-ci ildə İsveçrədə vəfat edib. 1950-ci ildə yazdığı "Qatardakı yad adamlar” adlı ilk romanı əsasında məşhur ABŞ kinorejissoru Alfred Hiçkok bədii film cəkib.
Bas qəhrəmanı Tomas Ripli olan bir sıra psixoloji kriminal romanların müəllifidir.



Ta ərə gedənə qədər Ceynin hansısa qeyri-adi özəlliyə sahib olduğu heç kəsin diqqətini çəkməmişdi. Bu toppuş, gözəgəlimli, bacarıqlı qız yıxılıb huşunu itirən birisini özünə gətirməyi, gərək duyulanda kiməsə süni nəfəs verməyi, burundan axan qanı kəsməyi çox ustalıqla bacarırdı. Diş həkiminin yanında yardımçı işlədiyindən digər həmkarları kimi hər an hər şeyə hazır idi, xəstədə qəfil ağrı şoku və ya hal fənalaşması baş verəndə özünü əsla itirməzdi.
Bütün bunlarla yanaşı, o, incəsənətə də hədsiz dərəcədə düşkün idi. Hansı növünə soruşacaqsınız? İstənilən sənət növünə!
Evliliyinin ilk ilində o, təsviri incəsənətə meyil salmışdı. Bu məşğuliyyətə bütün şənbə gününü həsr edirdi, bütün deyəndə, yəni günün əsas hissəsini, çünki dükan-bazarı dolaşmağı əri Bob öz üzərinə götürmüşdü. Xanımının yağlı boyalarla çəkdiyi tanış-bilişin portretlərində (onlar ancaq bazar günləri poza verməyə imkan tapırdılar) rənglər boz-bulanıq idi və nədənsə hamısı bir-birinə qarışırdı. Bunlar üçün çərçivələrin alınma xərcləri də Bobun boynuna düşürdü.
Günlərin bir günü özündə yetərli cəsarət tapan Ceyn öz-özünə etiraf elədi ki, yararlandığı rənglərdəki xaosu önləmək üçün əlindən heç nə gəlməyəcək və buna görə də boyakarlıqdan rəqsə keçmək qərarına gəldi.
Rəqs edərkən o, qara rəngli balet trikosu geyməyə məcbur idi və bu, onun əndamından daha artıq dərəcədə iştahını xeyli dərəcədə açmısdı. Bundan əlavə, xüsusi ayaqqabılar da geyməsi şərt idi. Balet sənətinin sirlərinə yiyələnməkdən ötrü o, arayıb-axtarıb, bir Sənət Məktəbi tapdı. Beşmərtəbəli binada fəaliyyət göstərən bu məktəbdə istəyən hər kəsə fortepiano, skripka və digər alətlərdə çalmağı, musiqi bəstələməyi, roman və şeir yazmağı, heykəl yonmağı, rəqs etməyi və rəsm çəkməyi öyrədirdilər.
Üzündən sevincdən par-par yanan Ceyn deyirdi:
- Bilirsən, Bob, bu adına həyat dediyin nemət daha gözəl ola bilər və olmalıdır da. Hər bir insan dünyadakı gözəlliyin və şairanəliyin bir az da artması üçün əlindən gələni əsirgəməməlidir.
O arada Bob evin zibilini atmaqla yanaşı, kartof-soğan almağı da üstlənmişdi. Bu sahədə xırda-para uğurlara nail olsa da, bir müddət sonra Ceynin işləri təkrar dalana girdi və o, baleti bir kənara ataraq, bu səfər də müğənniliyə girişdi.
Bob ona deyirdi:
- Şəxsən mənə elə gəlir ki, həyat elə bunlarsız da gözəldir. Hər necə olsa, mən öz həyatımdan son dərəcə məmnunam.
Xanımı öz mehrini müğənniliyə saldığı dönəmdə onsuz da darısqal olan qonaq otağına onlar hələ bir pianino da sığdırmışdılar və Bob yuxarıdakı sözləri həmin vaxtlar hərdənbir təkrarlayırdı.
Naməlum səbəblər üzündən Ceyn vokal dərslərinə ara verib, heykəltəraşlığa, əsasən də taxtadan heykəllər yonmağa meyil saldı. Bu işlə məşğul olduğu dövrdə qonaq otağının döşəməsinə tökülən gil tikələri və ağac yonqalarını tozsoranla da hələm-hələm təmizləmək olmurdu. Bütün gününü işdə, diş həkiminin kabinetində keçirən Ceyn evə dönüncə, gecəyarıyacan taxta və gil parçalarıyla həşir-nəşir olur, tamamilə taqətdən düşürdü. Bütün bunlar üzündən Bob o Sənət Məktəbinə aşkar nifrət bəsləməyə başlamışdı.
Bir neçə kərə axşam saat on birə doğru oraya gedib, Ceynlə evə dönmüşdü, çünki o saatda məktəbin həyətində təkbaşına dolaşmaq xeyli təhlükəli sayılırdı. Boba görə, orada oxuyanlar nə qədər istedadlı olsalar belə, bir dəstə vecsiz adam təsiri bağışlayırdılar, müəllimlər isə sıradan insanlar idi. Məktəbin özünü isə o, yanlış hədəflərə yönəlmiş səylərin gömüldüyü yer sayırdı. Bu təhsil ocağında əsasən qız-qadın oxuyurdu və indi, gör, nə qədər ailə, ər və ya övlad evdəki iş-gücünü bir kənara atıb, orada vaxt itirdiyi üçün stres keçirirdi.
Boba elə gəlirdi ki, o Sənət Məktəbində "ilham” deyilən şey heç vaxt qol-qanad aça bilməz. Məktəbin girişindəki skamyada oturub, intizarla arvadının yolunu gözlədiyi dəqiqələrdə o, tələbələrin vecəyaramaz bəstələrini dinləyərkən qət eləmişdi ki, Şopen, Bethoven və Bax kimi həqiqətən istedadlara bənzəməyə çalışan insanlara bu məktəbdə cüzi bir şans, imkan tanınırdı. Adətən rəssamları "başdanxarab” adlandırırlar, ancaq bu məktəbdə oxuyanlar heç üzdə də olsa, bir başdanxarablıq nümayiş etdirə bilmirdilər. Son nəticədə elə bunlar da başdanxarab idilər, amma sənət barədə yox, tamamilə başqa baxımdan.
Bu avaragor Sənət Məktəbi ucbatından arvadının üzünə hələ nə qədər həsrət qalacağını təsəvvürünə gətirəndə qəzəbdən Bob bu binanı yerlə-yeksan etməyə hazır görünürdü.
O gün çox da uzaqda deyilmiş, həm də məktəb binasını Bob partlatmadı. Kimsə (sonradan bunun müəllimlərdən biri olduğu sübuta yetirildi) binanın zir-zəmisinə qoyduğu saat bombasını günorta saat dördə qurubmuş. Əhvalat isə tam Yeni il ərəfəsində baş verdi. Bayramla bağlı məşğələlər günün birinci yarısında bitməliydi, ancaq tələbələr böyük ruh yüksəkliyi ilə qalıb, çalışmağa davam edirmişlər. Polisə və bir neçə qəzetə binaya qoyulan bomba ilə bağlı əvvəlcədən xəbərdarlıq da edilibmiş. Ancaq buna rəğmən, bomba tapılmamışdı, həm də heç kəs bu xəbərin həqiqiliyinə zərrəcə inanmırdı. Qonşuluqdakı binaların sakinləri onsuz da bu məktəbdən bezar idilər və dəfələrlə hədə-qorxular səsləndirmişdilər. Zirzəminin lap dərin qisminə qoyulan bomba partladığı zaman onun kifayət qədər güclü olduğu meydana çıxdı.
Ceynin saat beşdə dərsdən çıxacağını bilən Bob onu qarşılamağa gəlmişdi və həmin vaxt oralarda idi. Qoyulan bomba barədə söz-sov qulağına dəysə də, o, buna inanıb-inanmamaqda tərəddüd keçirirdi. Hər halda ehtiyatlı davranmalıydı: bəlkə də ürəyinə nə isə damdığından o, binaya daxil olmadı, küçənin qarşı cinahına keçib, orada gözləmək qərarına gəldi. Pianino binanın damından bayıra uçduğu vaxt ondan bir azca aralı uçan kətildə oturan qızcığaz artıq əlləriylə boşluğu döyəcləməyində idi. Rəqqasə qız isə, ən nəhayət, ayaqlarını yerdən üzməklə, havada, həm də ard-arda bir neçə dövrə vurmağa nail oldu: bu ara onun ayaqları yerdən dörddə bir mil havada idi, həm də qız başıaşağı uçmaqdaydı. Rəssam oğlan bədəniylə divarı deşib, keçdi: bu vaxt o, kətana sonuncu zərbəni vurmaq üçün fırçasını önə uzatmışdı, özü isə dünya-aləmdən qoparaq, yerə paralel yöndə uçurdu. Özünə vaxtaşırı məktəb tualetində sığınacaq tapan müəllim isə su bo-rusunu qucmuş halda uçmağındaydı.
Həmin müəllimin ardınca havada görünən Ceynin üzündə dərin heyranlıq ifadəsi, bir əlində çəkic, digərində isə iskənə vardı. Görəsən bu ifadə üzündə donarkən o, iş başındaymış, yoxsa matı-qutu quruduğu üçün onun çöhrəsindən çəkilmək bilmirdi?
Ceyni süzən Bob bunu anlamaqda çətinlik çəkirdi. Uçuşan parçalar zərif və getdikcə azalan tappıltıyla yerə tökülməyə başlayanda bomboz toz təbəqəsi göyə bülənd oldu.
Bir neçə saniyəliyinə araya səssizlik çökdü və Bob yerində donaraq, gözlədi. Sonra o, geri dönüb, evinə tərəf yönəldi. Bu Sənət Məktəbinin yerinə yenisinin tikiləcəyindən indi tam əmin idi.
Ən qəribəsi də o idi ki, bu fikir onun beynində arvadının onu həmişəlik tərk etməsindən xeyli qabaq peyda olmuşdu.

Dilimizə çevirdi – Azad Yaşar


banner

Oxşar Xəbərlər