• çərşənbə axşamı, 19 mart, 12:44
  • Baku Bakı 8°C

Yağışdan sonrakı günəş

27.07.19 17:00 44770
Yağışdan sonrakı günəş
Nə az nə çox. Düz bir il. Bir tərəfdə öləziməz arzular, digər tərəfdə xəstəliyin verdiyi acı ağrı. Hamı bir yolla xəstələnir. Kimisi başqalarının əzabını təkrar edir, kimi də özü-özünə bir əzab yaradır. Belə insanlar daha çox "ən böyük problem problemsizlikdir” məntiqinin tərəfdarlarıdır.
Bir il bundan qabaq qəza keçirdim. Qəza anını qısaca təsvir edib birbaşa mətləb müəllimin kabinetinə keçirəm. Vaz 2107-də saatda 140 sürətlə hava limanı yolunda idarəetməni itirdim, maşın sağa-sola rəqs edə-edə yol kənarında bir neçə işıq dirəyini saydı. Nəticə göz qabağındadır.
Xəstəxanadan yenicə çıxmışam. Allah düşməni də ora salmasın. Həkimlərin üç sözündən 2-si puldur.
Növbəti gəlsin. Psixoloqun köməkçisi məni çağırır. Əslində, 1 saat bundan qabaq qəbulda olmalı idim. Pensiyaçıya, uşağa, hamilə qadına yol verə-verə növbəmi 1 saat da uzatdım.
Danışdıqlarınızdan belə başa düşdüm ki, ciddi travma keçirmisiniz – deyə psixoloq gözlüyünün altından yarı sərt, yarı yumşaq bir baxış ötürdü.
– İnanın sizə danışdıqlarımı əvvəllər də çox düşünürdüm. Ölümü, vicdanı və başqa şeyləri.
Belə məqamlar, əslində, çox normaldır. Psixoloq nitqini bir az da sürətləndirdi. Sizin bəzi hüceyrələriniz oyanmış, digər aktiv hüceyrələrinizi əvəzləmişdir.
– Axı, insan zəif varlıqdır, əziz psixoloq. İnsan başqasından ötrü niyə ölsün ki? İnsan başqalarının həyatını niyə yaşamalıdır? Adicə vicdan özü belə uydurmadır. İnsan zəif varlıq olduğu üçün vicdanı uydurub ki, nəisə etmək günah olanda yaratdığı uydurma vicdan onu bu günahdan saxlasın.
Belə görürəm ki, siz ölümdən sonrasına da inanmırsınız.
– Mən ölümə xoşbəxtlik kimi baxıram. Acı ilə yaşamaqdansa ölmək daha yaxşı olmazmı? İnsanı bu dünyaya gətirə Allahdır. Düzdürmü? Aparan da odur. O zaman niyə pis olmalıyıq? Mən bu gün sizə 50 manat borc versəm, sonrakı gün gəlib onu alsam bu çox normal olacaq. Eləcə də vicdan...
Çox təhlükəli danışırsınız. Bu ciddi bir təhlükə ola bilər.
– Axı siz psixoloqlar həmişə "insan azad olmalıdır” deyirsiniz. Əgər mən düşündüyümü deməkdə və ya dediyimi düşünəndə sərbəst deyiləmsə, mən necə azadam?
Sizi ruhi xəstəxanaya yerləşdirmək lazımdır. Bu dəqiqə raportunuzu yazacam.
Ruhi dispanser nəsə mənə daha sakit gəlir. İnsan cəmiyyətdə ona görə yorulur ki, özü kimi düşünən çox azdır. İndi isə özüm kimilərin içindəyəm.
Burada yemək daha dadlıdır. Hər gün maraqlı nələrsə müşahidə edirəm. Məsələn, bu gün səhər yeməyində bir ruhi xəstə yeməkdən sonra səliqə ilə çörək qırıntılarını ovcunda cəmləyib məcməyiyə qoydu, daha sonra yerə düşən bir-iki kağız parçasını da səliqə ilə bükdü. Hələ Balacaxanım xalanın tez-tez ağacları suvarmasını demirəm.
Yeməkdən çıxan kimi dəhlizdə xeyli yürüdüm. Yağış yenicə kəsib. Yəqin bir-iki saata günəş də görünər.
Elə də oldu. Bir neçə saat sonra günəş buludların arxasından çıxıb gülümsədi.

Yezqar
Binə qəsəbəsi, iyul 2019

banner

Oxşar Xəbərlər