• cümə axşamı, 28 mart, 15:16
  • Baku Bakı 16°C

Xoşbəxtlər

27.10.19 09:30 17151
Xoşbəxtlər
Lüdmila Yevgeniya Ulitskaya

Lüdmila Ulitskaya – rus yazıçısı, tərcüməçi və ssenaristi (1943-cü il, Başqırd MSSR) "Ruskiy Buker” (2001), "Bolşaya kniqa” (2007, 2016) və s. mükafatlarının laureatı, 21 kitab müəllifidir. Əsərləri dünyanın 25-dən çox dilinə tərcümə olunub. İctimai xadim, "Seçicilər liqası”nın təsisçisidir.

***

Hər bazar günü Berta və Matias oğlunun yanına gedirdilər. Berta buterbrodlar hazırlayır, termosu çayla doldurur və süpürgəni səliqəylə kağız iplə dolayırdı. Hər ehtimala qarşı bir dənə banka da götürür və bütün bunları Matiasın düzəltdiyi çantaya yığırdı. Matias ona palto, plaş və ya jaketini geyinməyə yardım edir və onlar birlikdə bazara gül almağa gedirdilər. Tramvay dayanacağında çox gec-gec gələn tramvayı gözləyirdilər.

İllər ötdükcə Matias balacalaşır, bir az potalaşır və qırmızı ağacdan düzəlmiş dolaba bənzəyirdi. Onun kürən sifəti və çilli qolları vardı. Berta isə, hiss olunur ki, nə vaxtsa onunla bir boyda olub. Amma indi ondan birbaş hündür kimi görünürdü. Ərindən fərqli olaraq, o, illər ötdükcə gözəlliyini yavaş-yavaş itirirdi. Cavanlığında da onu pis göstərən bığları yaşlı vaxtında bənizində daha da qabarıq görünməyə başlamışdı.
Onlar uzun müddət, fəsildən asılı olaraq ya isti, ya da çox soyuq, amma hər zaman havasız olan tramvayda yellənə-yellənə gedirdilər. Hər ikisinə həmişə oturmaq üçün yer verirdilər. Bütün yolu lal-dinməz oturub gedirdilər. Onlara hətta təzə evləndikləri vaxtda belə yer verirdilər.
Yol, heç bir tərəf dönmədən onları düz kərpicdən hörülmüş hasarın yanına gətirir, tağın altıyla ötürür və kədərli bir cığıra çıxarırdı. Bu cığırın hər iki tərəfi boyunca ya yaşıl otların, ya zərif dumanın, ya da qarın altında onları köhnə tanışları – masmavi gözləri, moruğu yanaqları və bir az da keçəl olan İshaq Bentsinoviç Qalperin, onun öz gəlirini-çıxarını yaxşı bilən, dodağını dodağına möhkəm sıxan və əlləri əsən həyat yoldaşı Faina Lvovna, enli kürəkli, hərbi polkovnik İvan Mitrofanoviç Semerko, çox gənc, gitarada da yaxşı ifa etməyi bacaran, şair İlya Muromets, sonra Borenka Mednikov, çox da gözəl olmayan Kraft ailəsi, çox sevimli, xoşxasiyyət, bəyaz saçlı, qucaqlaşmış və burdan bir gündə uçub gedərək hər kəsi heyrətdə qoyan, adları da sanki qafiyə kimi səslənən Xaya Rafailovna və Xaim Qabimoviç Rabinoviçlər qarşılayırdı.
Döngədən cığır artıq daralmağa başlayır və düz oğluna tərəf aparırdı. Vovoçka Levi – yeddi yaş, dörd ay. Məhz bu gün üçün xüsusi seçilmiş şəkildəki təbəssümlə – bir balaca dodağı yana qaçmış, hələ tam böyüməmiş, arasında təzəcə düşənlərin yeri boş qalan dördbucaq dişlərini çöldə qoyan təbəssümlə qarşılayırdı.
Bu enli bənizin qalan bütün ifadələri həmin bu təqdimatdan kənarda qaldığına görə sanki hiss olunmadan qırağa çəkilərək yoxa çıxıb. Və onun bu təbəssümü üzünün bütün üz cizhilərindən qabarıq görünürdü.
Berta süpürgə olan bağlamanı, düyünü açır, bükdüyü qəzet səhfəsini dörd qatlayır, Matias isə süpürgə ilə yaşıl skamyadan ya tozu, ya da ki qarı təmizləyirdi. Berta qatlanmış qəzeti skamyanın üstünə salaraq otururdu. Bir az dincəlir, daha sonra buranı yaxşı ev sahibləri kimi tələsmədən, amma həm də tez sahmana salırdı.
Balaca düzbucaqlı masaya Berta kağız salfet salır, sürüşkən plastmas qapaqlara çay süzür, təzə hazırladığı buterbrodları düzürdü. Bu, onların hər həftə yediyi ailə yeməyi idi. Və uzun illər boyunca adət-ənənə halını almış, süpürgə bükülməsindən başlayaraq termosun qapaq bağlanması ilə bitən mərasimin tam mərkəzinə dönmüşdü.
Ümumi xatirələrlə dolu olan dərin susqunluq heç pozulmurdu. Sözlər üçün başqa saatlar, başqa zamanlar ayrılmışdı. Ayini başa vurub gedəndə onlar tərtəmiz yuyulmuş döşəmə qoxusunu və yenicə havalandırılmış otaqları burada qoyub gedirdilər.
Axşam vaxtı evdə Matias yarım şüşüə araq içirdi. Bertanın atasına məxsus böyük, üstündə kobud şəkil olan gümüşü pasxa qədəhini üç dəfə doldurdu. Berta isə üç dəfə dərindən nəfəs aldı. Ona başqa cür cavab verə bilmirdi. Sonra isə qab-qacağı mətbəxə apardı, xüsusi üsulla – sabun və naşatır spirti ilə onları yudu, köhnə, amma təmiz dəsmalla quruladı. Daha sonra isə onlar hündür çarpayılarına uzandılar.
– Ay səni, qoca, – Berta böyük qaşları altında kiçik gözlərini yumaraq pıçıltı ilə dedi.
– Heç nə olmaz, heç nə olmaz, – mızıldanıb, sol əli ilə arxasını ona çevirmiş həyat yoldaşını özünə tərəf çəkdi.
Birlikdə ərinə demədən onu incidən fikirlərini, narahatlıqlarını toplayıb şişmiş sinəsini həkimə göstərməyə getdiyi günə qədər son səkkiz ili çox yaxşı yaşadılar. Rəfiqəsinin bacısı olan yaşlı həkim ona xeyli sual verəndən sonra dedi:
– Berta, sən hamiləsən və hamiləliyin müddəti də çoxdur.
Berta stula oturdu. Döşlüyünü geyinmədən, artıq yaşlanmış üz-gözünü yığaraq ağladı. İri-iri göz yaşları surətlə üzündəki qırışlarının arasından süzülüb dodaqlarına, oradan da ağ sinəsinə süzüldü.
Bu barədə Matiasa xəbər verəndə ona təəccüblə baxdı. O, bunu bilirdi. Çünki birinci həyat yoldaşı ona dörd dəfə qız övladı dünyaya gətirmişdi. Fəqət onlar dünyasını çoxdan dəyişmişdi. Onun susqunluğunu öz ağlına başa düşməyə çalışırdı. Nə deyəsən? Axı o heç özü də bunun niyəsini bilmirdi.
– Mənim qırx yeddi yaşım var. Sənin isə bu yaxınlarda altmış olacaq.
Matias çiyinlərini çəkdi və mülayim tərzdə dedi:
– Deməli, biz qoca axmaqlarıq. Bu vaxtımızda uşaq dünyaya gətirəcəyik.
Onlar uzun müddət balaca oğlanlarına ad seçə bilmədilər və iki ayına qədər onu "ingele” yəhudi dilində "oğlan” deyə çağırdılar.
– Uşağın adını gərək İshaq qoyardıq. Bu daha doğru olardı, – Matias deyirdi.
– Yox, uşaqlara indi belə ad qoymurlar. Qoy ondansa adı mənim rəhmətlik atamın şərəfinə Yakov olsun.
– Uşağın adını Yehuda da qoya bilərik, axı o kürəndi.
– Boş-boş danışma. Uşaq, doğurdan da, çox gözəldir. Nə olsun? Durub adını Salamon qoymayasıyıq ki...
Uşağın adını Vladimer qoydular. Vovoçka çağırırdılar. O, atası Matias kimi sakit, anası Berta kimi bəstəboy idi.

Uşağın beş yaşı olanda atası ona, özünün o yaşda öyrəndiklərini öyrətməyə başladı. Üç gündən sonra uşaq əyri-üyrü, bir-birinə oxşayan hərfləri öyrəndi. Bir həftədən sonra atasını ömrü boyu sağdan-sola oxuduğu kitabları oxumağa başladı. Bir aydan sonra isə uşaq asanlıqla həm də rus dilində olan kitabları oxuyurdu. Berta mətbəxə keçir, elə hey qab yuyurdu.
– Nə ağıllı oğlandı! Nə yaxşı oğlandı!
Berta uşaqla fəxr edirdi. Lakin arada soyuq bir axın – qışda pəncərədən isti ələ düşüb batan iynə kimi soyuq bir cərəyan kimi onun ürəyinə dəyirdi.
Berta qabları yuyur, heç bir qonşusunun bacarmadığı kimi gözəl qaymaq çalır, şirniyyat bişirir və poştet hazırlayırdı. Berta bu kulinar reseptlərə o qədər aludə olmuşdu ki, alüminium qazanın dibində bişirdiyi kasıbyana qarğıdalı sıyığı haqda, tikanlı, cavan, dalayan gicitkandan hazırlanmış sulu yaşıl horranı belə unutmuşdu. O, həmin gicitkanları əvvəllər qırx səkkiz, müharibənin sonlarına yaxınsa səksən həmişə ac, xəstə və çirk içərisində uşaqlar yaşayan ikimərtəbəli evin həyətindən toplayırdı. Berta oğlanların başlarını, qulaqlarını, nazik boğazlarını və qızların boynundakı mavi damarları unutmuşdu. Ümumiyyətlə, bütün bu uşaqlara olan sevgisi indi kəskin şəkildə Vovoçkaya qarşı yönəlmişdi.

Həyatının hər gününü Berta kürən, toppuş oğluyla sevgisindən, yaxınlığından həzz alırdı. Onun varlığına əmin olmaqdan ötrü tez-tez əli ilə onu oxşayırdı. Berta çimizdirəndə uşaq qışqırıb ağlayırdı. O isə heyranlıqla ona tamaşa edirdi.
Bir az böyüyəndən sonra da Berta onun oynadığı uşaq oyunlara fərəhlə baxırdı. Bu oyunlar böyüklərə aid əsl və cansığıcı işlərə bənzəyirdi. O, saatlarla rəngbərəng zolaqlardan xırda xalçalar hörür və böyük məharətlə onları biri-birinə birləşdirirdi. Bu sənəti Parisdə öyrənmiş Varşavalı dərzi Matias bağlı atelyedə işləyir və onun üçün xırda parça tikələri gətirirdi. Özü isə ona parçaları zolaqlara kəsməyə kömək edirdi.
Ürəyinin dərinliyində Berta həddindən artıq böyüyən sevgisindən utanırdı, bu sevgini bir azda eyib, qəbahət sayırdı. Özünü, duyğularını təhlil etməyə qadir olmadığından, heç vaxt öz hisslərini sözlə ifadə etmək mərhələsinə gəlib çıxmır, daxilən bundan qaçaraq yaşayırdı.
Matias işdən gələr, yemək yeyər və sonra divanda əyləşərdi. Vovoçka isə atasının yanında özünə yer edərdi. Onlar bir yerdə söhbət edər, kitab oxuyardılar. Berta isə bir az mövhumatçı idi. Tələsik gedib parıltılı qab-qaşığını yuyardı.
Berta yuxularında qonşu otağa girirmiş kimi asanlıqla keçmişə qayıdır, orda hərəkət edirdi, oğlu ilə bir yerdə xoşbəxt yaşayırdı. Stalin dövrünün dəbinə uyğun bığları olan əri Matias isə əsas dekorasiyanın bir detalı kimi görünürdü. Bu yuxularda cazibədarlıq vardı. Zolaqlı köynəyinin yaxası açılmış və başı geriyə sallanmışdı.
Hər şey bir anın içində baş verdi. Və sanki hadisə pis bir plakatı xatırladırdı. Qırmızı-göy rəngli böyük top anidən yola diyirlənir, onun arxasınca isə oğlan quş kimi yola atıldı. Sonra isə bəlkə də, bu bazar oradan keçən yeganə maşının əyləcinin səsi eşidildi.
Top ona tərəf diyirlənirdi. Oğlan isə qolları yana açılmış vəziyyətdə, hələ ki, sakit, bir damla belə qan itirməmiş vəziyyətdə uzanmışdı. Lakin artıq ölüm onun üçün qaçılmaz idi.
Üzü sabunlu Matias isə balaca divar güzgüsünün qarşısında dayanmış, çənəsini bir balaca yuxarı qaldırmış, sağ əlindəki ülgüclə boynundakı çətin qırxıla yerləri təraş etməyə cəhd edirdi.
...Səhər saat yeddi radələrində qocalar yuxudan oyandılar. Berta qoca nazik ayaqlarını boz rəngli xəz başmaqlarına keçirərək çay dəmləməyə getdi. Onlar taxta kimi sərt süfrə salınmış dairəvi masanın arxasında oturmuşdular. Masanın ortasında bufetdən götürülmüş bir vazda evdə bişən ballı pryaniklər vardı. Matiasın arxa tərəfində bir küncdə isə artıq on beş il söykənəcəyindən gödəkcə asılmış uşaq stulu vardı. Bu gödəkcəni Matias öz pencəyindən tikmişdi. Pəncərədən günəş şüaları düşən pencəyin sol çiyni yanmışdı. Ancaq indi işıq bir o qədər də gözə çarpmırdı.
– Hə, payla kartları görək, – dedi Berta və əlini eynəyini götürmək üçün uzatdı.

Rus dilindən tərcümə edən: Xanım Aydın
banner

Oxşar Xəbərlər