AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xocalıya da qayıdacağıq!

Xocalıya da qayıdacağıq!

Siyasət
05 Mart 2021, 16:00 637
Azərbaycan Prezidenti Cənubi Qafqazda əbədi sülhün tərəfdarı olduğunu bir daha nümayiş etdirdi
 
Ötən həftə Prezident İlham Əliyev yerli və xarici KİV nümayəndələri üçün tamamilə yeni formatda geniş mətbuat konfransı keçirib. 4 saatdan artıq müddətdə 30-dan çox jurnalistin 50-yə yaxın sualını ətraflı cavablandıran dövlət başçısının səsləndirdiyi fikirlər dünyada geniş rezonans doğurub. Prezident İlham Əliyevin Azərbaycan, türk, rus və ingilis dillərində verdiyi cavablar beynəlxalq ictimaiyyətə yönəlik aydın və birmənalı mesajlar kimi də diqqət çəkib. Sualları cavablandıran dövlət başçısı deyib ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olması üçün yeganə yol əməkdaşlıqdır. Onun sözlərinə görə, Azərbaycanın başlıca məqsədi artıq üçtərəfli qaydada - Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələrin aradan qaldırılmasıdır.
 

 
"Biz özümüzə məxsus olanı qaytarmışıq”
 
Prezident söyləyib ki, əgər bu, baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər: "Biz əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq. ...Sülh üçün daha bir şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək”.
 

 
"Bütün lazımi infrastruktur qurulacaq”
 
Məcburi köçkünlərin öz dədə-baba yurdlarına qaytarılacağı tarixdən söhbət açan Prezident İlham Əliyev vurğulayıb ki, bunun üçün kompleks tədbirlər görülməlidir: "Minalardan təmizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu yaxınlarda "ağıllı kənd” layihəsi artıq gerçəkləşməyə başlamışdır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni, orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyərik. O ki qaldı, böyük şəhərlərə qayıdışa, əlbəttə ki, şəhərlərin baş planları tərtib edilməlidir, infrastruktur yaratmalıyıq. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Yəni, bu, böyük bir zaman tələb edir. Yenə də deyirəm, bizim yarışacağımız əsas tərəf müqabili zamandır. Çünki vəsait də var. Bütün gücləri də səfərbər etmişik. Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq. Eyni zamanda, hazırda azad edilmiş bütün ərazilərdə, ilk növbədə, bərpa ediləcək kəndlərin də siyahısı tutulur. Biz bu məsələ üzərində də fəal çalışırıq”.
 

 
"Dağlıq Qarabağ münaqişəsi həll olundu”
 
Dağlıq Qarabağ probleminin başa çatdığını xatırladan dövlət başçısı bildirib ki, Azərbaycan bu münaqişənin bir tərəfi idi və məsələni təkbaşına həll edib: "Dağlıq Qarabağ münaqişəsi həll olundu. Noyabrın 10-da imzalanmış Bəyanat bunu təsdiqləyir. O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir”. 
 

 
"Sülhməramlıların da fəaliyyətinə son veriləcək”
 
Prezident İlham Əliyev əminliklə bəyan edib ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlarına da azərbaycanlılar qayıtmalıdırlar və qayıdacaqlar. Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir: "Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar. ...Əcnəbi əsgərlərə gəldikdə, onların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyanı icra edirlər, hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən bir müəyyən problemlər üzə çıxır, bəzi problemlər yaşanır. Amma, ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fəaliyyəti beş il müddətinə nəzərdə tutulur. Əgər beş ildən sonra Azərbaycan bu məsələ ilə bağlı fərqli fikir sərgiləsə, əlbəttə ki, onların da fəaliyyətinə son veriləcək”.
 

 
"Başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil”
 
Ölkə başçısı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasının da çox önəmli addım olduğunu diqqətə çatdırıb: "Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir. Onu da bildirməliyəm ki, bəzən dünyada, eyni zamanda, Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür. Onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda, azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacaq. Çünki Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə onların fəaliyyəti hesab edirəm ki, müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil”.
 

 
Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlar
 
Sözügedən mətbuat konfransı və orada səsləndirilən fikirlərlə bağlı Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu bildirib ki, indiyə qədər heç bir siyasi lider "yumşaq güc” adlandırılan medianın imkanlarından bu qədər səmərəli istifadə edə bilməyib. O qeyd edib ki, Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında dünyanın nüfuzlu və aparıcı media qurumlarının diqqətinə bir daha Azərbaycan həqiqətlərini çatdırmaqla, ölkəmiz haqqında  qlobal informasiya məkanına obyektiv məlumatlar vermiş oldu: "Hər şeydən öncə, bu, Xocalı soyqırımı və onun dünyaya tanıdılması, eyni zamanda 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlarla bağlı idi. Ümumiyyətlə, keçirilən mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı. İlk dəfə idi ki, bir lider bu qədər uzun müddətdə və 4 dildə dünyanın ən aparıcı media qurumlarının suallarını cavablandırırdı. Bir dildən digərinə keçid o qədər rəvan baş verirdi ki, bu. media təmsilçilərinin də diqqətindən yayınmır  onların da yaxşı mənada təəccübünə səbəb olurdu. Əslində bu hadisə sadəcə dil bilmək deyil, həm də media kimi universal bir alətin imkanlarından milli məqsədlər üçün istifadə etmənin yeni özünəməxsus forması idi”.
 

 
Mürəkkəb tarixi mərhələdə ən doğru yol
 
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfransında eyni zamanda bu vaxta qədər yerli və xarici informasiya məkanında suallar doğuran bir sıra məsələlərə aydınlıq gətirib: "Onlardan biri, hazırda sülhməramlıların nəzarəti altında olan ərazilərimizə qayıdış məsələsi idi. Azərbaycan Prezidenti Xocalıya da, digər ərazilərimizə də qayıdacağımızı bir daha qətiyyətlə ifadə etdi. İkinci məsələ böyük qayıdışla bağlı planların ardıcıl olaraq həyata keçirilməsi və hansı formada baş tutacağı idi. Aydın oldu ki, bununla bağlı Azərbaycanın dəqiq və düşünülmüş planı var və bu, ardıcıllıqla, mərhələli şəkildə həyata keçiriləcək. Başqa bir mühüm məsələ Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın regionumuza və vəd etdiyi mühüm perspektivlə bağlı idi. Bu kontekstdə Prezident İlham Əliyev regional və beynəlxalq tərəfdaşlarımıza da, Ermənistana da mühüm ismarıclar verdi. Bəlli oldu ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda əməkdaşlıq üçün yeni, həm də tarixi fürsət yaradıb. Əgər bu fürsətdən doğru istifadə olunarsa, bu, bütövlükdə regional və qlobal əməkdaşlıq baxımından olduqca əlverişli şərtlər yarada bilər. Yox, Ermənistan yenə də revanşist cəhdlər edərsə, bu, 90-cı illərdə olduğu kimi, yenidən Ermənistanın özünütəcridinə gətirib çıxara bilər və nəticədə bu ölkə öz səhvlərini təkrar etməklə əməkdaşlıqdan kənarda qala bilər. Prezidentin fikirləri həm də bəzi ölkələrə bir çağırış idi. Bu çağırış ondan ibarət idi ki, kimsə Ermənistanın olmayan ordusunu modernizə etmək istəyirsə, bu, regiona yaxşı heç nə vəd edə bilməz. Ona görə də, hazırkı mürəkkəb tarixi mərhələdə ən doğru yol yeni əməkdaşlıq imkanlarından keçir ki, Azərbaycanın məqsədi də elə budur”.
 

 
"Əməkdaşlıq regionun inkişafını təmin edən əsas amillərdəndir”
 
Milli Məclisin deputatı Naqif Həmzəyev də hesab edir ki, fevralın 26-da Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Vətən Müharibəsindən sonra regionda yaranmış reallıqlara, Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqının və dövlətinin gələcəyinə dair aydın strateji planlarına baxış olub. Millət vəkili söyləyib ki, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı gününə təsadüf edən mətbuat konfransı Ermənistan hakimiyyətinin Azərbaycana qarşı təcavüzkar siyasətinin dünyaya çatdırılmasına daha bir imkan yaradıb: "Ölkə Başçımızın 4 saat ərzində 50 suala dəqiq, faktlara əsaslanan cavabları Azərbaycanın mövqeyini, Cənubi Qafqazda əbədi sülhün, əmin-amanlığın bərqərar olmasının tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizə aparan Azərbaycan dövlətinin yeganə məqsədi tarixi ədalətin bərpa edilməsi, müharibə və onun gətirdiyi faciələrə birdəfəlik son qoymaqdır. Davamlı sülhə nail olmaq hər zaman prioritet vəzifə kimi Azərbaycan dövlətçiliyində öndə gəlib. İkinci Vətən müharibəsində qazanılan zəfərin tarixi əhəmiyyəti də məhz regionda davamlı sülhün bərqərar edilməsindədir. Mətbuat konfransında Prezident İlham Əliyev qeyd edib ki, biz davamlı sülhə nail olmaq istəyirik. Bu, düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur. Sözsüz ki, davamlı, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, əməkdaşlıq regionun inkişafını təmin edən əsas amillərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti regionda sülhün qorunub saxlanması üçün əlindən gələni edir. Ölkə Prezidenti beynəlxalq mətbuatın nümayəndələrinə Azərbaycanın məqsədinin üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaq olduğunu açıq şəkildə vurğulayıb. Bu əməkdaşlıq, atılan addımlar, öz növbəsində bölgədə davamlı sülhün təmin edilməsinə xidmət edir”.
 
Rufik İSMAYILOV