• şənbə, 19 Sentyabr, 04:16
  • Baku Bakı 23°C

Bakının azadlığına aparan yol

19.09.26 03:07 16
Bakının azadlığına aparan yol

1918-ci il 15 sentyabr Azərbaycan Xalq Cümhuriyyətinin tarixində mühüm yer tutur. Məhz bu tarixdə Bakı düşmən işğalından azad edilərək Xalq Cümhuriyyətinin yeni paytaxtı oldu.

Bakının Azərbaycanın müstəqilliyinə qarşı çıxan düşmən qüvvələrdən azad olunması üçün Qafqaz İslam Ordusu tərəfindən 1918-ci il sentyabrın 14-15-də döyüş əməliyyatı həyata keçirilib. Əməliyyat Bakı şəhərində hakimiyyəti ələ keçirmiş “Sentrokaspi diktaturası”nın əsasən daşnaklardan ibarət qoşunlarına və onun çağırışı ilə Bakıya gəlmiş ingilis hərbi qüvvələrinə qarşı aparılıb.

Bakının azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərilib. Həmin gün Qafqaz İslam ordusu Şərq cəbhəsi komandanı Mürsəl paşanın rəhbərliyi ilə Qurd qapısı istiqamətindən hücum edib. Hücumun əsas zərbə qüvvəsini Qafqaz İslam Ordusu hissələrinin Şimal qrupu təşkil edirdi. Bu qrupun qüvvələri 9-cu, 10-cu, 13-cü və 38-ci türk alaylarının bölmələrindən, iki Azərbaycan süvari alayından, Sumqayıt dəstəsindən və digər bölmələrdən ibarət idi. Azərbaycan hərbi qüvvələrinin üstünlük təşkil etdiyi Cənub qrupu isə Puta-Ələt arasında mövqe tutmuşdu. Polkovnik Həbib bəy Səlimovun rəhbərlik etdiyi bu qrupa Xəzərsahili ərazilərin və Bakıya aparan yolların təhlükəsizliyini təmin etmək tapşırılmışdı. Amma avqustun 5-dəki döyüşlərdə Qafqaz İslam Ordusu qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədi. 

Uğursuzluğun səbəbləri ciddi təhlil olundu

Avqust döyüşlərinin nəticələri Qafqaz İslam Ordusu komandanı Nuru paşa, Əlahiddə Azərbaycan korpusunun komandanı Əlağa Şıxlinski tərəfindən ciddi təhlil olundu. Nəticə olaraq əvvəlcə Bakı ətrafındakı hərbi qüvvələr möhkəmləndirildi, Süleyman İzzət bəyin komandanı olduğu 15-ci firqə Türkiyədən Azərbaycana göndərildi. Bu firqə Biləcəri istiqamətində yerləşdirildi. Xidmətə çağırılmış azərbaycanlılar hesabına Beşinci Qafqaz firqəsinin canlı itkiləri qismən bərpa edildi. Bakıətrafı kəndlərin əhalisi şəhərin azad edilməsinə səfərbər olundu. Bu kəndlərin silah tuta bilən sakinləri Maştağa dəstəsində, digər könüllü dəstələrdə, süvari bölmələrində birləşdilər, Bakının şimal-şərqi boyunca uzanan döyüş xəttində mövqe tutdular. Qüvvələrin silah, sursat və ərzaq ehtiyatlarının aradan qaldırılması üçün Azərbaycan hökuməti ilə birgə lazımi tədbirlər görüldü. 5 avqust döyüşündən sonra hissə və bölmələrdə yaranmış ağır mənəvi-psixoloji durum aradan qaldırıldı. Əsgər və zabitlərin döyüş ruhunun qaldırılması üçün hərbi hissələrin şəxsi heyətinə ünvanlanmış xüsusi bir müraciət də qəbul edildi. 

İngilis general etirafa məcbur edildi 

Qafqaz İslam Ordusu komandanlığı Bakının azad olunması üçün daha çevik taktikanı nəzərdən keçirməyə başladı. Qurd qapısı əsas zərbə istiqaməti kimi saxlansa da, əməliyyatın şəhərətrafı dairəvi xətt üzrə aparılması məqsədəuyğun sayıldı. Bakının azad olunması üçün Abşeron yarımadasının bir sıra strateji əhəmiyyətli məntəqələrinin ələ keçirilməsi üçün mövqe döyüşləri reallaşdırıldı. Onların ən əhəmiyyətlilərindən biri Binəqədi döyüşü idi. Avqustun son günlərində baş tutan bu döyüşün uğurla başa çatdırılması Nuru paşaya “Sentrokaspi”-ingilis qüvvələrinin əhatə zolağını daha da daraltmaq imkanı verdi. Məhz bu döyüşdən sonra Bakıdakı ingilis qüvvələrinin komandanı general Denstervill Qafqaz İslam Ordusu qüvvələrinə müqavimət göstərilməsinin mümkünsüzlüyünü etiraf etdi.

Nuru paşa tərəfindən hazırlanan həlledici hücum planı

Şəhərin azad olunması üçün keçiriləcək əməliyyata hazırlıq işləri başa çatdıqdan sonra Nuru paşa, Xəlil paşa, Əlahiddə Azərbaycan korpusunun komandanı Əlağa Şıxlinski və digər yüksək rütbəli zabitlər Bakı ətrafına gəldilər. Qafqaz İslam Ordusu komandanlığının qərargahı Güzdəkdə, 5-ci Qafqaz firqəsinin qərargahı Qobuda, 15-ci türk firqəsinin qərargahı isə Masazırda yerləşdirilmişdi. Hücum planına əsasən, 5-ci firqə Qurd qapısı-Xırdalan xətti arasında, 15-ci firqə isə Biləcəri istiqamətindən başlayaraq Zığ burnuna qədər olan ərazidə mövqe tutmuşdu. Əlahiddə Azərbaycan korpusuna daxil olan hərbi hissələr və könüllü Azərbaycan dəstələri də bu firqələrin əməliyyat tabeliyinə verilmişdi. 4-cü Azərbaycan piyada alayı, süvari və topçu bölmələri 5-ci firqənin hücum sahəsində iştirak edirdilər. Azərbaycan milli qüvvələrinin süvari alayları, Maştağa dəstəsi və digər könüllü dəstələr isə 15-ci firqə komandanlığının əməliyyat tabeliyinə verilmişdi. Biləcəridən başlayaraq, Zığ burnuna qədər olan xətt boyunca, əsasən, Azərbaycanın milli qüvvələri döyüşürdülər. 

“Sentrokaspi”-ingilis qüvvələrinə ağır zərbə endirildi

Qafqaz İslam Ordusu qüvvələri sentyabrın 14-nə keçən gecə başlanan hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdilər. “Sentrokaspi”-ingilis qüvvələrinin güclü müqavimətinə baxmayaraq, məqsədə nail olundu. 

Elə həmin günün axşamı ingilis qüvvələri Bakını tərk etdilər. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Bakını nəzarətdə saxlamağa çalışan qüvvələr xarici ölkələrin konsulluqlarının nümayəndələrinin iştirakı ilə aparılan danışıqlarda şəhəri təhvil verməyə razı olduqlarını bildirməyə məcbur oldular. Bununla da, türk-Azərbaycan qüvvələrinin Bakının azad olunması üçün apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı. Sentyabrın 16-da qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. 

Müstəqil Azərbaycan dövlətinin yeni paytaxtı Bakının işğaldan azad edilməsi ilə bağlı hökumət başçısı Fətəli xan Xoyski öz minnətdarlığını və təbrikini Nuru paşaya bu sözlərlə bildirmişdi: “Komandanız altında bulunan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim, zati-həmiyyəti-pərvaranənizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edirəm”. 1918-ci il sentyabrın 17-də Azərbaycan hökuməti artıq Gəncədən Bakıya köçdü. Bakı şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin inzibati paytaxtı oldu.

Elman Mirzəyev
Tarix üzrə fəlsəfə doktoru

banner

Oxşar Xəbərlər