• şənbə, 12 Sentyabr, 03:25
  • Baku Bakı 21°C

Folklend münaqişəsi yenidən qızışır

12.09.26 02:25 23
Folklend münaqişəsi yenidən qızışır

Folklend məsələsi 44 ildən sonra yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə adaların ətrafında neft və qaz ehtiyatlarının işlənməsi məsələsi Buenos-Ayresin etirazlarına səbəb olub. ABŞ də Böyük Britaniyaya təzyiq məqsədilə prosesi alovlandırmaqda maraqlıdır. 

Argentina ilə Böyük Britaniya arasında Folklend adaları uğrunda mübarizə yenidən gündəmə gəlib. Bu dəfə Argentina Prezidenti Xavyer Miley Böyük Britaniya ilə növbəti gərginliyə yol açan bəyanat səsləndirib. O, Folklend və ya Argentina üslubunda adlandırıldığı kimi, Malvin adalarının ölkəsinə məxsus olduğunu bəyan edib. Argentina lideri ümid edir ki, ABŞ bu mübarizədə onu dəstəkləyəcək. İddialara görə, Donald Tramp Böyük Britaniyanı İrana qarşı müharibədə kifayət qədər yardım göstərməməsinə görə "cəzalandırmaq" yolları axtarır və ölkəsinin mövqeyini yenidən nəzərdən keçirə biləcəyinə, Folklend üzərində Britaniya suverenliyinin tanınmasından imtina edə biləcəyinə eyham vurub. 

Ehtimal edilir ki, Mileyi arxipelaqla ilə bağlı iddia irəli sürməyə Britaniya və İsrail şirkətlərinin adalardan təxminən 220 km məsafədə şelfdə neft hasilatına başlamaq planları təşviq edib. "Sea Lion" ("Dəniz şiri") adlanan birgə layihə 2028-ci ildə həyata keçirilmə mərhələsinə daxil olacaq. O zaman ehtiyatları 1,7 mlrd. barel olan neftin hasilatına başlanacaq.

Münaqişənin yenidən gündəmə gəlməsinin səbəbləri

Beləliklə, Folklend məsələsi 44 ildən sonra enerji ehtiyatları və dəniz resursları ilə bağlı müzakirələr fonunda yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə adaların ətrafında neft və qaz ehtiyatlarının işlənməsi məsələsi Buenos-Ayresin etirazlarına səbəb olub. Mileyin ölkəsinin mövqeyini yenidən sərtləşdirməsi və adaların yaxınlığında neft hasilatı ilə məşğul olan şirkətlərə qarşı tədbirlərin gücləndiriləcəyini açıqlaması, Böyük Britaniyanın isə adalar üzərində suverenliyini və ada sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu müdafiə etdiyini bir daha bəyan etməsi göstərir ki, Folklend məsələsi siyasi gündəmdən tam çıxmayıb.

Odlu Torpaqda hərbi-dəniz bazası

Miley deyib ki, parlamentə ölkə ərazisində onun hökumətinin icazəsi olmadan faydalı qazıntıların işlənməsi ilə məşğul olan xarici firmalara sərt sanksiyalar tətbiq edən qanun layihəsi təqdim edəcək. Prezidentin bəyanatı ölkədəki bütün siyasi partiyalar tərəfindən bəyənilib. 

Trampın dəstəyi Miley üçün göydəndüşmə olub. Məlumat üçün bildirək ki, Argentina Prezidentinin reytinqi sürətlə düşür. Argentinalıların demək olar ki, yarısı onun siyasətini bəyənmir. Ölkə sakinləri üçün aktual mövzuya müraciət etmək və xarici dəstəyi göstərmək fürsəti vətəndaşları Mileyin islahatlarının yaratdığı aşağı düşən yaşayış səviyyəsindən və iqtisadi problemlərdən yayındırmağa imkan verə bilər. Argentina Prezidentinin əlinə oynayan həm də odur ki, hazırda söhbət suverenlik ideyasının müdafiəsindən və milli qürurun qorunmasından deyil, tamamilə real təhlükədən gedir: Argentinada Britaniyaya məxsus hesab edilməyən resursların "oğurlanması"ndan. Bundan əlavə, Miley Milli Təhlükəsizlik Şurasının formalaşdırılmasını və adalar səbəbindən yeni müharibə halında əsas rol oynaya biləcək Odlu Torpaqda hərbi-dəniz bazasının yaradılması planını elan edib.

Argentina əlverişli məqamdan yararlanmaq istəyir

"Miley başa düşür ki, məhz indi hərəkət etmək lazımdır. Üstəlik, Trampın Londonun siyasətindən narazılıq barədə bəyanatını nəzərə alsaq, bu an əlverişlidir", – deyə Argentina Prezident Administrasiyasının keçmiş yüksək vəzifəli məmuru Xuan Battalem bildirib. 

Mileyin bəyanatı dərhal arxipelaq yaxınlığında neft hasil etmək niyyətində olan iki firmanın səhmlərinin qiymətinin düşməsinə səbəb olub. Buna baxmayaraq, onlar qanuni şəkildə rəsmiləşdirilmiş neft hasilatı lisenziyasına malik olduqlarını iddia edirlər. Böyük Britaniya müdafiə naziri Ues Stritinq isə qəti şəkildə bəyan edib ki, Folklend Britaniya torpağıdır. 2013-cü ildə referendum keçirilib, adaların sakinləri (1672 nəfərdən 1517-si) Britaniya xarici ərazisi statusunu saxlanması lehinə səs veriblər.

Göründüyü kimi, iki ölkənin mövqeləri bir-birinə uyğun gəlmir. Argentina Konstitusiyasına görə, Malvinlər Argentina ərazisidir. Miley, gələn il ölkədə prezident seçkilərinin keçiriləcəyini nəzərə alaraq, amerikayönümlü xarici siyasi kursuna baxmayaraq, millətçi əhval-ruhiyyəyə oynamaq qərarına gəlib. Adaların qaytarılması çağırışları yalnız televiziya debatları və parlament iclasları zamanı deyil, həm də futbol yarışları zamanı səslənir. Belə bir nümayişi ölkə yığma komandasının üzvləri son dünya futbol çempionatında İngiltərə yığması ilə matçdan sonra təşkil etdilər. Lakin hətta sol baxışlara malik Argentina siyasətçiləri belə mübahisənin güc yolu ilə həllinə çağırışlardan çəkinirlər. 

XX əsrin diqqətçəkən hərbi qarşıdurmalarından biri

Qeyd edək ki, Argentina-Britaniya münaqişəsi XX əsrin ən diqqətçəkən regional hərbi qarşıdurmalarından biri kimi tarixə düşüb. Argentina bu gün də adaları öz ərazisi hesab edir, Böyük Britaniya isə suverenliyini və ada sakinlərinin seçimini müdafiə edir. Buna görə Folklend münaqişəsi yalnız keçmişdə baş vermiş müharibə deyil, həm də beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinin kəsişdiyi mürəkkəb geosiyasi problemdir. Məhz buna görə Cənubi Atlantikadakı bu kiçik adalar Argentina ilə Böyük Britaniya arasında böyük tarixi və siyasi qarşıdurmanın simvoluna çevrilib. 

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər