• şənbə, 05 Sentyabr, 06:09
  • Baku Bakı 23°C

Azərbaycan diplomatiyası ŞƏT platformasında 

05.09.26 04:47 21
Azərbaycan diplomatiyası ŞƏT platformasında 

ŞƏT-Azərbaycan əməkdaşlığı özünün dinamikliyi ilə seçilir. Regional bağlantıların, Orta Dəhliz amilinin əhəmiyyətinin artdığı bir zamanda bu əməkdaşlıq hər iki tərəfin maraqları ilə tam uzlaşır.

Prezident İlham Əliyev növbəti dəfə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən növbəti sammitində iştirak edib. Dövlət başçısı  “ŞƏT plyus” formatında görüşdə çıxış edib. 

Orta güc statusu

Azərbaycanın beynəlxalq səviyyədə orta güc statusunun tanınması rəsmi Bakının qlobal diplomatik strategiyasının əsasını təşkil edir. Bu, özünü həm regional, həm də daha böyük coğrafi miqyasda büruzə verir. Çoxvektorlu xarici siyasət kursu, Qoşulmama Hərəkatı, D8, C6, İKT, TDT kimi beynəlxalq təşkilatlarda fəal iştirak, müstəqil xarici siyasət və onun arxasında dayanan iqtisadi imkanlar rəsmi Bakını qlobal oyunçular üçün daha cəzbedici məkana çevirir. Bu gün Azərbaycanın ali rəhbərliyi müharibə və münaqişələrin əməkdaşlıqla əvəzlənməsinə yönəlmiş strateji təşəbbüslər irəli sürür. Təmsil olunduğu coğrafiyanın qlobal iqtisadi təhlükəsizliyin prioritet elementi olan etibarlı bağlantıların kilid nöqtəsinə çevrilməsi üçün həm ikitərəfli, həm də çoxtərəfli strateji əlaqələr qurur. Beynəlxalq səviyyədə ciddi qarşıdurmaların, münaqişələrin yaşandığı, gərginlik coğrafiyalarının miqyasının gün keçdikcə genişləndiyi bir zamanda Azərbaycan dövlətinin ortaya qoyduğu strateji yanaşmalar əks qütblərdə dayanan tərəflərin təqdirini qazanır. Bu səbəbdəndir ki, rəsmi Bakı həm Qərb, həm də Şərq üçün mühüm platformaların vazkeçilməz iştirakçısına çevrilib.    

Qlobal çağırışlar fonunda beynəlxalq düzən

Prezident İlham Əliyevin ŞƏT-in Bişkek sammitində iştirakına və “ŞƏT plyus” görüşündəki çıxışına da məhz bu baxış bucağından yanaşılmalıdır. Dövlət başçısı çıxışı zamanı mövcud qlobal çağırışlar fonunda beynəlxalq düzənin əksər iştirakçılarını narahat edən bir sıra mühüm məqamlara toxunub. Prezident İlham Əliyev qeyd edib ki, bu gün çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir: “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.

Sülh üçün Azərbaycan nümunəsi 

Prezident İlham Əliyev bu çıxışı ilə bir daha Azərbaycanın münaqişəyə son qoyaraq sülh və sabitlik üçün atdığı addımları dünyaya nümunə kimi göstərir. Bu məsələdə ölkəmizin təcrübəsinin mühüm əhəmiyyət kəsb etdiyini hər kəsin diqqətinə çatdırır. Həmçinin dünya nizamına yön verməli olan BMT kimi beynəlxalq təşkilatların qlobal qaydaların tənzimlənməsindəki zəifləyən rolunu önə çəkərək Azərbaycan nümunəsində münaqişənin həlli yolları üçün atılmalı olan addımların əhəmiyyətini vurğulayır. Bu gün BMT-nin beynəlxalq gərginliklər fonunda çarəsiz durumda qaldığı heç kimə sirr deyil. Bu səbəbdən dünyanın ən böyük təşkilatının qərarlarının icrası üçün yeni mexanizmlərin vacibliyi önə çəkilir. Bu mövqe bir çox ölkələrin maraqlarının ŞƏT kimi nüfuzlu platformada ifadəsi deməkdir. Rəsmi Bakının kataklizmlər fonunda beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipini dəstəkləməsi də xüsusi vurğulanmalıdır.     

Sammit çərçivəsində çoxsaylı ikitərəfli görüşlər

Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər də diqqət çəkir. Qazaxıstan, İran, Türkiyə prezidentləri ilə aparılan müzakirələr regional əməkdaşlıq mexanizmlərinin ŞƏT kimi qlobal platformalarla dəstəklənməsi, bölgəmizdə sülh və sabitlik imkanlarının genişləndirilməsi baxımından önəm daşıyır. Hindistan baş naziri, Rusiya Prezidenti və digərləri ilə qısamüddətli dialoqlar ölkəmizin ali rəhbərliyinin məlum ölkələrlə qarşılıqlı münasibətlərin mövcud durumunu bir daha ələ almaq, yaranmış fikir ayrılıqlarının həlli üçün diplomatik qapının hər zaman açıq olduğu mesajını vermək baxımından da xüsusi əhəmiyyət daşıyır. 

ŞƏT-Azərbaycan əməkdaşlığı dinamikliyi ilə seçilir

Qeyd edək ki, 2015-ci ildə ŞƏT-in Dövlət Başçıları Şurasının iclasında Azərbaycana “dialoq üzrə tərəfdaş” statusunun verilməsi ilə bağlı qərar qəbul edilib. 2016-cı ildə Pekində Azərbaycanın “dialoq üzrə tərəfdaş” statusunu rəsmiləşdirən Memorandum imzalanıb. 2022-ci ildə Səmərqənddə ŞƏT sammitində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib.

Dövlət başçısının 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantısının iştirakı ilə institusional əlaqələr yeni müstəviyə keçib. Həmin sammitdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə imzalanıb.

Keçən il Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüşə Prezident İlham Əliyev də qatılıb. Göründüyü kimi, ŞƏT-Azərbaycan əməkdaşlığı özünün dinamikliyi ilə seçilir. Regional bağlantıların, Orta Dəhliz amilinin əhəmiyyətinin artdığı bir zamanda bu əməkdaşlıq hər iki tərəfin maraqları ilə tam uzlaşır. Bağlantılarda əsas açar ölkələrdən birinin məhz Azərbaycan olması bu əməkdaşlığı şərtləndirən ən mühüm amillərdən sayılır.  

Azad Əliyev

banner

Oxşar Xəbərlər