• şənbə, 05 Sentyabr, 03:26
  • Baku Bakı 24°C

Cənubi Qafqazda yeni eranın başlanğıcı

05.09.26 00:10 30
Cənubi Qafqazda yeni eranın başlanğıcı

Bakıda BMTMM və “LİNKS Europe” Fondunun təşkilatçılığı ilə keçirilən “Avropa-Azərbaycan münasibətləri: Tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masada maraqlı müzakirələr baş tutub.  

Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və “LİNKS Europe” Fondunun təşkilatçılığı ilə “Avropa-Azərbaycan münasibətləri: Tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masa keçirilib. 

“Sülh prosesini pozmağa çalışan qüvvələr var”

BMTMM İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Cənubi Qafqazın geosiyasi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib. İlk növbədə, bu, Azərbaycan-Ermənistan münaqişəsinin geridə qalması və bölgədə yaranan sülh mühiti ilə bağlıdır. Lakin ehtiyatlı olmalıyıq. Çünki həm Avropa İttifaqından (Aİ) kənarda, həm də Aİ daxilində sülh prosesini pozmağa çalışan qüvvələr var. O qeyd edib ki, sülhü pozmağa çalışan qüvvələrin geniş lobbiçilik şəbəkələri və “ictimai vəkillik” adlandırılan mexanizmləri mövcuddur. “Müxtəlif Avropa təsisatlarında və bəzi hallarda media qurumlarında bu cür hallarla hələ də qarşılaşırıq. Bəzi şəxslər humanitar məsələlər pərdəsi altında Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışırlar. Halbuki hər iki ölkənin, Azərbaycanın və Ermənistanın liderləri davamlı sülhün və barışığın təmin olunması niyyətlərini dəfələrlə vurğulayıblar”, - deyə İdarə Heyətinin sədri bildirib.

Fərid Şəfiyev digər mühüm məsələnin nəqliyyat, logistika və Orta Dəhlizlə bağlı olduğuna diqqət çəkərək deyib: “Cənubi Qafqazın şimal və cənub perimetrlərində iki qaynar münaqişənin mövcudluğunu nəzərə alsaq, yükdaşımalar və nəqliyyat üçün təhlükəsiz marşrutların əhəmiyyəti daha da artır. Bilirəm ki, Avropa İttifaqı da Mərkəzi Asiya və Azərbaycanla tərəfdaşlıq çərçivəsində bu istiqamətdə daha fəal əməkdaşlıq edəcək”.

“Bu, həm də Avropa üçün yeni bir eradır”

“LINKS Europe” Fondunun direktoru Dennis Sammut deyib  ki, Avropa-Azərbaycan münasibətlərini təhlil etməyin və perspektivlərini müzakirə etməyin tam vaxtıdır və bu, mühüm əhəmiyyət kəsb edir. O vurğulayıb ki, 30 il ərzində Qarabağ məsələsi təkcə siyasi gündəmi deyil, həm də insanların düşüncəsini zəbt edib. İndi isə Qarabağ Azərbaycana qayıdıb və Ermənistanla sülh perspektivi var. Bu, Azərbaycan-Ermənistan münasibətlərində, eləcə də bütövlükdə Cənubi Qafqazda yeni eranın başlanğıcıdır.

“Xüsusilə vurğulamaq istəyirəm ki, bu, həm də Avropa üçün yeni bir eradır. Çünki Aİ-Azərbaycan münasibətləri uzun illər ərzində düzgün və adekvat dialoqun olmamasından əziyyət çəkib. Buna görə də tərəflər arasında bir sıra yanlış təsəvvürlər formalaşıb. Avropa Parlamentindən və bəzi üzv dövlətlərin müəyyən dairələrindən Azərbaycanla bağlı səslənən bəzi bəyanatlar isə hər zaman aydın və bitərəf mövqeni əks etdirməyib. Düşünürəm ki, artıq yeni mərhələyə qədəm qoymaq, qarşılıqlı anlaşmaya, etimada və daha konstruktiv dialoqa əsaslanan münasibətlərin qurulması üçün yeni imkanları dəyərləndirmək lazımdır”, - deyə Dennis Sammut bildirib.

Qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç deyib ki, illər keçdikcə Azərbaycan Aİ-nin mühüm və etibarlı enerji tərəfdaşına çevrilib: “Biz Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olmaqdan qürur duyuruq”.
O qeyd edib ki, son illər artan qarşılıqlı səfərlər isə münasibətlərin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını, eyni zamanda, bir çox sahədə əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini göstərir. “Aİ-Azərbaycan münasibətlərini düşünərkən mənim ağlıma gələn söz “dinamik” oldu. Bu, kifayət qədər diplomatik ifadədir, lakin münasibətlərimizdə dinamizmin, həqiqətən də mövcud olduğunu düşünürəm. Bu dinamizm əməkdaşlığımızın yeni sahələrə doğru genişlənməsində və qarşılıqlı əlaqələrin intensivləşməsində özünü göstərir. Düşünürəm ki, bu, müəyyən mənada, münasibətlərimizin sürətlənməsi deməkdir. Əminəm ki, qarşıdakı dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, ticarət, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaranacaq. Bu baxımdan, mövcud potensialdan səmərəli istifadə etmək və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı daha da gücləndirmək vacibdir”, - deyə Mariyana Kuyundziç bildirib.

 

banner

Oxşar Xəbərlər