• şənbə, 15 Avqust, 05:58
  • Baku Bakı 26°C

Region üçün yeni nəqliyyat arteriyası

15.08.26 04:56 14
Region üçün yeni nəqliyyat arteriyası

Prezident İlham Əliyev: “Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək”.

Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsi zamanı Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları, həmçinin Azərbaycanın davam edən proseslə bağlı sərgilədiyi mövqe diqqəti yenidən TRIPP layihəsinə yönəldib.

Düyünün çözüldüyü Vaşinqton görüşləri

Qeyd edək ki, bu günlərdə bir illiyi qeyd olunan tarixi Vaşinqton razılaşmalarının ən mühüm bəndlərindən biri məhz Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında birbaşa bağlantının yaradılmasıdır. Bu məsələ uzun illər Azərbaycan və Ermənistan arasında müzakirə obyekti olsa da, 2025-ci ilə kimi ciddi nəticə əldə edilməmişdi. Yalnız ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda reallaşan görüşlər Zəngəzur düyününün açılmasına təkan verdi. 

“Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub”

Prezident İlham Əliyev müsahibəsində dəhlizlə bağlı aparılan danışıqlar, onun inkişaf prosesi ilə bağlı mühüm açıqlamalar verib. Dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub: “Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”.

Dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar imzalanan üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması ilə bağlı bənd var: “Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi”.

“Mütləq və tezliklə icra ediləcək”

Prezident qeyd edib ki, ABŞ bu məsələyə yaxınlaşmağa başlayanda Azərbaycanın bir neçə önəmli şərti var idi, o cümlədən Zəngəzur dəhlizi: “Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək”. 

Azərbaycan ərazisində görülən işlər

Dövlət başçısı Zəngəzur dəhlizinin reallaşması ilə bağlı Azərbaycan ərazisində görülən işlərə də toxunub. Bildirib ki, bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır: “Dəmir yolunun tikintisi də sürətlə gedir. Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün.

Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı, Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. İki hissə mövcud deyildi, hər ikisi də Ermənistan sərhədinə yaxındır - biri Ordubad, ikincisi isə Sədərək rayonlarının ərazisindədir. Hər iki hissənin uzunluğu o qədər də böyük deyil, təqribən 3-5-7 kilometrdir. Qalan dəmir yolu isə prinsipcə işlək vəziyyətdədir və bu gün də ondan istifadə edilir və edilə bilər. Sadəcə olaraq, bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir”. 

Beynəlxalq konsorsium yaradıla bilər

Prezident İlham Əliyev Azərbaycanın bu məsələ ilə bağlı gözləntilərinə də toxunub. Bildirib ki, Bakı bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yükün daşınmasını istəyir. Onun üçün bu gün mövcud olan dəmir yolu yenidən qurulmalıdır, reabilitasiya edilməlidir: “Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır. Onu da bildirməliyəm ki, bir çox beynəlxalq qurum, bəzi ölkələr bu yola maraq göstərir, xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə. Onlardan biri Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər.

Biz prinsip etibarilə buna etiraz etmirik. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə Azərbaycan Dəmir Yolları artıq bütün işləri yekunlaşdırır və burada hər hansı bir xarici iştiraka ehtiyac yoxdur. O ki qaldı, Naxçıvan dəmir yolunun reabilitasiyasına, burada prinsip etibarilə beynəlxalq konsorsium yaradıla bilər. Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq. Olmasa da, biz özümüz bu yolu çəkəcəyik. Bizim indi hansısa maliyyə problemlərimiz yoxdur. Olsaydı belə bu önəmli layihəyə hər zaman biz vəsait tapardıq. Amma biz hesab edirik ki, bu yolu beynəlxalq aktorlar və potensial yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə Naxçıvan dəmir yolu layihəsi məhz dediyim kimi, bir neçə şirkətdən ibarət konsorsium tərəfindən inşa edilə bilər”.

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər