• şənbə, 15 Avqust, 04:51
  • Baku Bakı 26°C

Xankəndiyə növbəti köç

15.08.26 03:59 14
Xankəndiyə növbəti köç

Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb, sakinlərin mənzillərinin açarları təqdim olunub. Bu mərhələdə Xankəndi şəhərinə 22 ailə - 102 nəfər köçürülüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb, sakinlərin mənzillərinin açarları təqdim olunub. Bu mərhələdə Xankəndi şəhərinə 22 ailə - 102 nəfər köçürülüb.

Xankəndidə bütün zəruri şərait yaradılıb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev keçmiş məcburi köçkünlərin qarşılanması və mənzillərin açarlarının təqdimat mərasimində çıxış edərək sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib. 

M.Əfəndiyev Xankəndidə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib: "Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam etdirilir. Qayıdan sakinlərin rahat və təhlükəsiz yaşamaları üçün Xankəndidə bütün zəruri şərait yaradılıb. Şəhərdə yaşayış binaları ilə yanaşı, sosial və kommunal infrastruktur da yenidən qurulur".

“Gözlədiyimiz gün gəlib çatdı”

Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. 

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

“Uzun müddətdir, gözlədiyimiz gün gəlib çatdı. Doğma Xankəndiyə qayıdırıq. Çox sevincliyik”, - deyə Xankəndi şəhərinə köç edən keçmiş məcburi köçkün Kəmalə Məmmədova jurnalistlərə açıqlamasında deyib.
"Allah şəhidlərimizə rəhmət eləsin, Ali Baş Komandana, qazilərimizə cansağlığı versin ki, bu günləri görməyimizə səbəb olublar", - o bildirib.

“Buradan çıxanda dörd yaşım var idi”

Xankəndi şəhərinə köç edən keçmiş məcburi köçkün Taleh Həsənov bildirib ki, şəhərdən çıxanda dörd yaşı var idi: “Baxmayaraq ki, balaca idim, lakin böyüklərimiz bizə o torpaq, doğma yurd sevgisini aşılayıblar”. O, sevincinin həddi-hüdudu olmadığını bildirib: "Allah bu günləri bizə yaşadan Ali Baş Komandanımıza, qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində öz yurdumuza qayıdırıq".

"Ata yurduma qayıtdığım üçün çox sevincliyəm"

"Ata yurduma qayıtdığım üçün çox sevincliyəm". Bu sözləri Oxu.Az-a açıqlamasında Xankəndi şəhərinə köçən Bəsdi Rzayeva deyib. "İstəyirdik ki, öz vətənimizdə qalaq. Amma olmadı, vəziyyət dəyişdi. Köçkün düşdük. Bu gün ata evimizə getdiyimiz üçün sevincliyəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirəm", - deyə o qeyd edib.

Xankəndi şəhərinə köçən şəhid anası Əzizə Mirzəyeva da sevinclidir: "Doğma yurdumuza qayıtdığım üçün çox sevincliyəm". O bildirib ki, indiyə qədər 11 yerdə köçkün kimi yaşayıb: "Evim olmayıb. Bugünkü günə min şükür. Övladlarımla ata evinə gedirik. Doqquz nəfərlə köçkün düşmüşdük. İndi beş nəfər qayıdırıq - üç igid balam şəhid olub. Şəhidlərin ruhu şad olsun. Qazilərimizə can sağlığı arzu edirəm. Təki salamatlıq olsun, Prezidentimiz başımızdan əskik olmasın. Evlər çox gözəldir. Bunlar yaxşı düşünməyin əməyidir ki, ərsəyə gəlib".

Xankəndi şəhərinə köçən Zemfira Əliyeva bildirib ki, Xankəndindən köçkün düşəndə 18 yaşı olub: " Pis vəziyyətdə yurdumuzdan ayrıldıq. Çox şükür ki, bu günləri görmək bizə nəsib oldu. Çox sevincliyəm. Bu günləri görməyimizə səbəb olan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı arzu edirəm. Dövlətimiz sağ olsun!"

 

 

banner

Oxşar Xəbərlər