Təhlükəsizlik xəritəsini dəyişən razılaşma
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişi Yaxın Şərqdə yeni hərbi-siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Lakin sazişlə bağlı açıq qalan suallar da var.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın Məkkə müdafiə sazişini imzalamasından on gündən çox vaxt keçib. Bəziləri sazişi İran və İsrail kimi ölkələrə göndərilən siqnal kimi qiymətləndirir. Digərləri isə hesab edirlər ki, saziş onu imzalayan ölkələrin təhlükəsizlik məsələlərində ABŞ-dən asılılığını azaltmaq istəyini əks etdirir. Sazişin tam mətni hələ açıqlanmadığından, spekulyasiyalar da kifayət qədərdir. Razılaşmaya əsasən, bu üç ölkədən birinə hücum hər üçünə hücum kimi qəbul ediləcək. Bu sazişi NATO üslubunda öhdəlik deyil, daha çox "niyyət bəyannaməsi" kimi qiymətləndirənlər də var. Yeri gəlmişkən, saziş üçün Məkkənin seçilməsi də təsadüfi deyil. Çünki Məkkə siyasi simvoldur. Eyni zamanda saziş təkcə hərbi-strateji deyil, həm də sivilizasiya mənası qazanır: üç nüfuzlu müsəlman dövləti nümayiş etdirir ki, islam dünyasının təhlükəsizliyi artıq yalnız xarici zəmanətlər ətrafında qurulmamalıdır.
Bərabərlərin alyansı?
Kadir Has Universitetinin beynəlxalq münasibətlər kafedrasından professor Serhat Güvenç qeyd edir ki, maliyyələşmə və silahlanma baxımından çoxdan ABŞ-nin dominantlıq etdiyi NATO-dan fərqli olaraq, bu, "bərabərlərin alyansı"dır.
Atlantik Şurasından Elison Maynor da bununla razılaşır. O bildirir ki, üç ölkənin dəyişən və bəzən ayrılan maraqlarını nəzərə alsaq, yeni alyansın NATO-nun etdiyi kimi müxtəlif böhranlara əhatəli və tam inteqrasiya olunmuş hərbi cavab verə bilməsi ehtimalı bir az azdır.
Razılaşma İrana qarşı yönəlib?
Bəzi qərbli analitiklər Məkkə sazişini Yaxın Şərqdəki münaqişəyə və ABŞ ilə İsrailin İranla müharibəsinə cavab kimi qiymətləndirirlər. Sazişi imzalayan ölkələr arasında İranla həmsərhəd olan, sünni əhalinin çoxluq təşkil etdiyi iki ölkə - Türkiyə və Pakistanın, həmçinin Tehranın regional rəqibi Səudiyyə Ərəbistanının olması, bəziləri tərəfindən, xüsusən Tehranda, İranı mühasirəyə alma cəhdi kimi yozulub. Lakin Türkiyənin rəsmi şəxsləri qeyd edirlər ki, sazişə gətirib çıxaran proses indiki münaqişə və regiondakı gərginliyin artmasından əvvəl - 2024-cü ilin dekabrında başlamışdı. Pakistanın xarici işlər naziri və baş nazirin müavini İshaq Dar da vurğulayıb ki, razılaşma heç bir ölkəyə qarşı yönəlməyib.
Bu arada İran XİN-in rəsmi nümayəndəsi İsmail Bəqai bildirib ki, "bu sazişin İrana qarşı yönəldiyindən narahat olmaq üçün heç bir səbəb yoxdur". Onun sözlərinə görə, bu, əksinə, üç ölkənin "ABŞ-nin təhlükəsizlik sahəsindəki öhdəliklərinə etibar edə bilməyəcəkləri qənaətinə gəldiyinin" əlamətidir.
Ən çox kim qazanacaq?
Müşahidəçilər düşünürlər ki, hər üç ölkə bu razılaşmadan fayda əldə edəcək, eyni zamanda öz güclü tərəflərini ümumi iş üçün kökləyəcək. Səudiyyə Ərəbistanı böyük iqtisadiyyata, maliyyə resurslarına, diplomatik nüfuza malikdir, lakin krallıq hazırda üzləşdiyi artan təhdidlərdən - İran raketləri və dronları, husi hücumları və əsas dəniz marşrutlarındakı fasilələrdən narahatdır. İstanbul Siyasi Araşdırmalar İnstitutundan Rikkardo Qasko qeyd edir ki, yaxın perspektivdə Səudiyyə Ərəbistanı bu sazişdən ən böyük faydanı əldə edə bilər. O hesab edir ki, Türkiyənin texnologiyaları ilə Pakistanın ənənəvi hərbi potensialı, həmçinin strateji təcrübəsinin birləşməsi effektiv çəkindirici vasitədir. Türkiyə NATO üzvüdür, dünyanın ən böyük ordulardan birinə malikdir və həm coğrafi, həm də diplomatik baxımdan alyans ilə Yaxın Şərq ölkələri arasında körpü rolunu oynamağa çalışır. Pakistan da hərbi baxımdan tamamilə müstəqil dövlətdir və saziş iştirakçıları arasında nüvə silahına malik olan yeganə ölkədir. Məkkə sazişi artıq mövcud olan münasibətlərə və razılaşmalara əsaslanır.
Kral Feysal adına Araşdırmalar və İslamşünaslıq Mərkəzindən Ömər Kərim iddia edir ki, saziş onu imzalayan ölkələrin Yaxın Şərqdəki mövqelərini möhkəmləndirə bilər.
Alyans gələcəkdə necə görünəcək?
Bu sualın cavabı hələ məlum deyil. Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, "bizim baxışımız bu üç ölkə ilə məhdudlaşmır, əksinə daha da genişlənməni və mümkün olduqda, regionun bütün ölkələrinin bu çətir altında birləşməsinin təmin edilməsini nəzərdə tutur". Misir artıq Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyəni əhatə edən qeyri-rəsmi dörd ölkə qrupuna daxildir, ona görə də onun bu sazişə üzv qismində qoşulması gözlənilir. Sazişin imzalanmasından sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin "təbii tərəfdaş" olduğunu bəyan edib. Misirin xarici işlər naziri Bədr Əbdülətti Qahirənin Məkkə sazişini "çox ciddi şəkildə" araşdırdığını bildirib. Lakin Böyük Britaniyanın “Chatham House” araşdırma mərkəzindən Əhməd Abuduha görə, prezident Əbdülfəttah əs-Sisi dövründə Misir bloklara qoşulma məsələsində ehtiyatlı davranır, çünki bunun onun digər dövlətlərlə münasibətlərinə mənfi təsir riski var.
ABŞ baş verənlərə qarşı çıxmır
Maraqlı məqam odur ki, ABŞ bu prosesə sakit yanaşır. Son günlər Prezident Donald Trampın sazişi regional təhlükəsizlik baxımından müsbət qiymətləndirdiyi barədə məlumatlar yayılıb. Bu, Vaşinqton üçün müəyyən mənada yeni imkan yaradır. ABŞ uzun müddətdir müttəfiqlərinin müdafiə xərclərini və regional təhlükəsizlik məsuliyyətini artırmasını istəyir. Əgər Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan daha çox təhlükəsizlik yükünü öz üzərinə götürürsə, bu, ABŞ-nin regiondakı hərbi yükünü müəyyən qədər azalda bilər. Ancaq burada başqa risk də var. Səudiyyə Ərəbistanının təhlükəsizlik məsələlərində Vaşinqtondan əlavə Ankara və İslamabada daha çox arxalanması regional güc balansını dəyişə bilər.
Azər Nuriyev