İki dövlət, vahid strateji baxış
Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa və strateji müttəfiqliyə əsaslanır. Bütün istiqamətlər üzrə əlaqələrin genişlənməsi məmnunluq doğurur. Ölkələrimiz həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanındadır.
Azərbaycan və Türkiyə strateji müttəfiq kimi nəinki bir-birinə hərtərəfli dəstək verir, eyni zamanda geosiyasi hadisələrlə çalxalanan dünyamızda xarici siyasətlərini uzlaşdırırlar. Hər iki ölkə Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirir.
Sentyabrın əvvəlində Qırğızıstanın paytaxtı Bişkek şəhərində İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə də Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanıb, bütün istiqamətlər üzrə əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub. Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edilib.
Bakının azadlığı gününə təsadüf edən səfər
Bu münasibət hər iki ölkənin vəzifəli şəxsləri tərəfindən də davam etdirilir. Sentyabrın 15-də - Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakını azad etdiyi günün 108-ci ildönümündə Türkiyənin Xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfərini də bu qəbildən dəyərləndirmək olar. Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilən Hakan Fidanın diqqətinə çatdırılıb ki, Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunan dövlətimizin başçısı alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparıb. Ölkələrimizin logistika baxımından əhəmiyyəti, o cümlədən Avropa ilə Asiya arasında mühüm körpü rolu oynadıqları vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizin əlaqələndirilməsinin önəmi qeyd olunub.
İkitərəfli və çoxtərəfli əməkdaşlıq
Elə həmin gün Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirib. Müzakirələr zamanı siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, sərmayə qoyuluşu, enerji, nəqliyyat-logistika, müdafiə və təhlükəsizlik, humanitar sahələrdə əməkdaşlıq, eləcə də regional və beynəlxalq təşkilatlar daxilində fəaliyyətin əlaqələndirilməsi kimi istiqamətlərə toxunulub. XİN başçıları institusional mexanizmlərin, o cümlədən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin həmiyyətini xüsusi vurğulayıblar.
Tərəflər həmçinin BMT, Türk Dövlətləri Təşkilatı (TDT) və digər beynəlxalq, eləcə də regional qurumlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Regional təhlükəsizliyin təmin edilməsində, iqtisadi tərəqqidə və qarşılıqlı əlaqələrin gücləndirilməsində üçtərəfli və dördtərəfli formatların, xüsusilə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Pakistan-Türkiyə və Azərbaycan-Özbəkistan-Türkiyə platformalarının rolu qeyd edilib. Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində son bir il ərzində əldə olunan irəliləyişlər, habelə dayanıqlı sülhün bərqərar olması və regional əməkdaşlığın inkişafı istiqamətində atılan praktiki addımlar da müzakirə mövzusu olub.
“Prioritetimiz bölgədə sülh və sabitlikdir”
Daha sonra media qarşısına çıxan diplomatlar jurnalistlərin suallarını cavablandırıblar. Hakan Fidan bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri müttəfiqlik səviyyəsinə qaldırılaraq müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlığa güclü bir zəmin hazırlanıb. Onun sözlərinə görə, Silahlı Qüvvələrimiz arasında keçirilən birgə təlimlər, təhsil və təcrübə mübadiləsi fəaliyyətləri ilə müdafiə sənayesi qurumlarımız arasında getdikcə dərinləşən iş birliyi bu tərəfdaşlığın sahədəki konkrekt təzahürləridir: “Önümüzdəki dövrdə də bu sahədəki fəaliyyətlərimizi qarşılıqlı ehtiyaclar və imkanlarımız çərçivəsində irəlilətməyə qərarlıyıq. Bildiyiniz kimi, Qarabağ işğal altında olduğu illər ərzində Türkiyə Azərbaycanın haqlı davasını dəstəkləmişdir. Bu gün də prioritetimiz bölgədə sülh, sabitlik və rifahın davamlı olaraq bərqərar edilməsidir. Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması istiqamətində son dövrdə əldə edilən irəliləyişləri və Azərbaycanın bu məsələdəki qurucu mövqeyini məmnuniyyətlə izləyirik. Bu prosesin tamamlanması ilə bölgəmizdə yeni bir əməkdaşlıq dövrünün başlayacağına da inanırıq. Cənubi Qafqazın münaqişələrlə deyil, sülhlə, nəqliyyat, energetika, ticarət və iqtisadi tərəqqi ilə xatırlanmasını arzulayırıq".
Dünyada bənzəri olmayan dostluq
Xarici işlər naziri Ceyhun Bayramov isə Türkiyə-Azərbaycan dostluğunun dünyada bənzərinin olmadığını diqqətə çatdırıb. O bildirib ki, iki ölkə arasında təmaslar daimi davam edir: “İki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə 5.7 milyard ABŞ dolları, bu ilin hazırkı dönəminədək 3.2 milyard dollar olub. Azərbaycan Türkiyəyə 20, Türkiyə isə Azərbaycana 18 milyard dollara yaxın investisiya yatırıb. 4 mindən çox Türkiyə şirkəti Azərbaycanda fəaliyyət göstərir".
Hakan Fidanın Bakıda olduğu gün paytaxt şəhərimizdə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclasının keçirilməsi də diqqət cəlb edən mühüm hadisədir. Bu iclasda Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin və Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, hər iki ölkədən ekspertlər, media nümayəndələri iştirak ediblər. Panel iclasında Türk dünyasında əməkdaşlığın inkişafı, ortaq dəyərlər və ortaq gələcək vizyonunun formalaşdırılması, informasiya və kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, eləcə də qlobal çağırışlar fonunda Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Bütün bunlar bir daha göstərir ki, əsası Ümummilli Lider Heydər Əliyev və Mustafa Kamal Atatürk tərəfindən qoyulan, müasir dövrdə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi, həmçinin təşəbbüsü ilə formalaşan, eləcə də Şuşa Bəyannaməsində öz əksini tapan strateji müttəfiqlik münasibətlərinə dair bütün məsələlər gerçək həyatda öz təsdiqini tapır.
Ərturan İSMAYIL