Qeyri-neft sənayesində yeni güc
“Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” çərçivəsində əsas hədəf daha çox xammal hasil etmək deyil. Məqsəd xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır.
Son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı çoxsaylı dövlət proqramları qəbul olunub. Bu proqramların qəbulunda əsas məqsəd qeyri-neft-sektoru üzrə aparıcı sahələrin müəyyənləşdirilməsi və yaxın illərdə bu istiqamətlərin ölkə iqtisadiyyatının mühüm lokomotivlərinə çevrilməsini təmin etməkdir. Bugünlərdə Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.
Müasir sənaye istiqaməti
Müşavirədə çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir: “Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”.
“Qəbul edilmiş proqramlar bu artımı daimi edəcək”
Dövlət başçısı ölkənin iqtisadi inkişaf templərinə də toxunub. Qeyd edib ki, artım templəri çox da böyük deyil: “Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız “Azəri-Çıraq-Günəşli” artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda, əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq. Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi budur. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda, yəni bu ilin 8 ayında 5,4 faiz artım olmuşdur. Yəni qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək”.
“Ehtiyatlar tam dəqiqləşdirilməlidir”
Prezident qeyd edib ki, mövcud yataqlar təhlil edilib müasir geoloji üsullarla oradakı ehtiyatlar tam dəqiqləşdirilməlidir: “Çünki sovet dövründə müəyyən rəqəmlər var idi. Amma o dövrdən təxminən 40 il keçib. Həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar var ki, heç o vaxt sovet dövründə bu haqda heç kim fikirləşə də bilməzdi”.
Dövlət başçısı bildirib ki, bu proqramın maliyyə təminatı bəllidir, bütün müvafiq qurumlarla razılaşdırılıb: “Amma eyni zamanda, əgər yerli və xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür”. Prezident bildirib ki, proqramın reallaşması nəticəsində yeni güclü sənaye istiqaməti yaradılacaq: “Beş mindən çox, bəlkə də daha çox yeni iş yeri yaradılacaq. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək. Ölkə büdcəsinə vergilər şəklində böyük vəsait daxil ediləcək, güclü ixrac potensialı yaradılacaq. İndi bunu demək bəlkə də bir qədər tezdir. Amma gözlənilən illik müsbət maliyyə təsiri bir milyard manatdan daha çox olmalıdır. Yəni son rəqəm demək istəmirəm. Amma bunlar milyardlarla manat səviyyəsində ölçülə biləcək layihələrdir”.
Hədəf daha yüksək əlavə dəyər yaratmaqdır
“Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın layihəsinin məqsədlərinə gəldikdə isə hədəf daha çox xammal hasil etmək yox, bu xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlərdir. Eyni zamanda, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027–2030-cu illərdə bu nəticələrin əldə edilməsi üçün bu dövr ərzində ümumilikdə 5,3 milyard manat investisiya sözügedən sahəyə yönəldiləcək.
Digər mühüm üstünlük əsas nəqliyyat dəhlizlərinə çıxışdır
Xatırladaq ki, ölkəmizdə qara, əlvan və qiymətli metallar üzrə təsdiqlənmiş ehtiyatlar mövcuddur. Alüminium, mis və qara metallurgiya üzrə müəyyən istehsal bazası artıq formalaşıb. Enerji infrastrukturu və kadr potensialı da mühüm üstünlükdür. İşğaldan azad edilmiş ərazilərdə yeni resurs imkanları var. Burada nəqliyyat infrastrukturunun inkişafı da yeni layihələr üçün artıq əlavə üstünlük yaradıb. Digər mühüm üstünlüyümüz Azərbaycanın əsas nəqliyyat dəhlizlərinə çıxışıdır. Bu, həm xammalın, həm də hazır məhsulların regional və beynəlxalq bazarlara çıxarılmasını asanlaşdırır.
600 milyon manatdan 1,6 milyard manata çatdırılacaq
Proqramın əsas prinsiplərindən biri filizdən son məhsuladək dəyər zəncirinin ölkə daxilində qurulmasıdır. İlk mərhələdə yerli xammal potensialını reallaşdırmaq və mövcud yataqlar üzrə hasilatı artırmaq nəzərdə tutulur. “Dəmirli”, “Söyüdlü”, “Filizçay”, Naxçıvandakı yataqlar və digər perspektivli sahələr hesabına xammal bazasının genişləndirilməsi planlaşdırılır. Növbəti mərhələdə isə məqsəd daha yüksək əlavə dəyərli polad və alüminium məhsulları istehsal etməkdir. Bu məhsullar həm daxili sənayedə istifadə olunacaq, həm də ixrac ediləcək. Proqramın əhatə etdiyi dövrdə Elektroliz zavodunun illik gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması nəzərdə tutulur. Bundan əlavə, kalsinasiya və anod bişirmə zavodunun yaradılması, karbon anod bloklarının istehsalı planlaşdırılır. Mis istehsalı da əhəmiyyətli dərəcədə artırılacaq. Qızıl istehsalı isə həm mövcud, həm də yeni layihələr hesabına genişləndiriləcək. Nəticədə mis, qızıl və gümüş üzrə ümumi ixracın 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatdırılması gözlənilir.
Azad Əliyev